“Şamaxı” Azərbaycan I Liqasında 2023/2024 mövsümünün çempionu olub. Reqlamentə əsasən, “şirlər” yeni mövsümdə Premyer Liqada mübarizə aparmalıdır.
“Şamaxı”nın futbolçusu Qurban Səfərov “FutbolPress“ə açıqlamasında çempionluqla bağlı təəssüratlarını bölüşdü:
“Uzun və maraqlı çempionat oldu. Premyer Liqa uğrunda bir neçə iddialı komanda var idi. Həqiqətən, maraqlı mövsüm keçdi. Stadionlar yaxşı vəziyyətdə olsaydı, daha da maraqlı ola bilərdi”.
Yarımmüdafiəçi şərait və heyət baxımından I Liqa klublarından daha yaxşı olduqlarını bildirdi:
“Düzdür, şərait və heyət baxımından üstünlüyümüz var idi. Amma asan qazanmadıq. Çempion olsaq da, çox çətinlik çəkdik. Düşünürdülər ki, asan çempion olacağıq. Amma belə deyil, həqiqətən, son oyuna kimi çox əziyyət çəkdik”.
Səfərov yeni mövsümdə Premyer Liqada iştirak edəcəkləri üçün həyacanlı olduğunu da gizlətmədi:
“İnşallah, problem çıxmaz və elitaya qayıdarıq. Həyacanlıyıq, həyacansız futbolçu olmur. Amma yenə də rəsmi qərarı gözləyirik. Hələ dəqiq nəsə bilmirəm. İstirahətə çıxmışıq, bitəndən sonra nə olacağını görəcəyik”.
Şahin Cəfərov