Rövşən Nəcəfin AFFA prezidenti kimi yanlışları cücərməkdədir. Xatırladaq ki, o, “Neftçi”də də kifayət qədər uğursuz yanaşmalara düçar olmuşdu…
Amma ordan fərqli, burda başqaları və başqa cür fikirləşənlər var. Məsələn, klubda dominant Rövşən bəy idisə, fikrimcə, AFFA-da belə deyil, yaxud belə olmamalıdır.
Bunu ən azı qurumun formatı belə diqtə edir. İcraiyyə Komitəsi kimi çoxfunksiyalı təşkili olan qurumda qərar dominantlığı mümkün deyil – qaydalara görə son söz prezidentin olsa belə…
Amma deyəsən, Rövşən bəy burda da bəzi qaydaları pozur. Ən azı, idman mediası nümayəndələrilə qapalı xarakterli görüş barədə bunu demək olar. Görüşün formatı, məğzi bunu düşünməyə əsas verir.
Əvvəla, TV, qəzet, sayt və s. qarışıq tərkibdə görüş normal deyil. Əgər qurum layihələrin dəstəklənməsi ideyası ilə görüşmək istəyirdisə, bunu ayrı-ayrı etməliydi. Bundan başqa, görüşə dəvətin hansı prinsiplə olması açıqlananda da naşılıq hiss olundu. AFFA rəhbəri bildirdi ki, biz bura son konfransda iştirak etmiş jurnalistləri dəvət etdik. Ancaq tərkibə baxanda görünürdü ki, ən azı 20-30% konfransa qatılmayanlar idi. Bununla Rövşən bəy ciddi hazırlıq, planlama edilmədən bu işə qol qoyulduğunu büruzə verdi. Yaxud da burda nəsə komanda işi yox, diktə elementləri var. Yəni o, belə istəyib, belə olub. Ona görə də AFFA-nın mətbuat xidmətinə bu sistemsizlik barədə soruşulanda yetərli cavab alınmadı, bəlli oldu ki, nələrsə dəqiqliklə ölçülüb-biçilməyib.
Məhz bu səbəbdən görüşdə ideya hasil edilmədi. Xaos oldu. Əksəri subyektiv sızlamalar…
Və bütün bu boşluqların belə alınması Rövşən bəyin işə yanlış yanaşmasından doğur. Ümumiyyətlə, konfransa üzrlü və üzrsüz səbəbdən qatıla bilməyən jurnalistlər var idi. Görüş heyətinin bu prinsiplə formalaşmasının məntiqi nə idi?
Belə gedişatla AFFA keçmiş rəhbərliyin buraxdığı səhvləri daha pis formada təkrarlayacaq. İşi bilənə tapşırmaq lazımdır.
Qurumun mətbuat xidməti öz yerində, vitse-prezident Balakişi Qasımov uğurlu media personasıdır. O, bu görüşdə olmalı idi. Susub oturan, Elxan Məmmədovun dövründən mediada kimin kim olduğunu bilən icraçı vitse-prezident Sərxan Hacıyevdənsə məhz Balakişi bəyin belə həssas məsələdə iştirakı məntiqli, faydalı ola bilərdi.
İlk görüşdür, naşılıq nəzərə alına bilər. Amma bu dərəcədə olması pisdir. AFFA-nın vaxtilə iflasa uğramış Media Komitəsi layihəsini diriltmək kimi mənasız təkliflər oldu. O komitə faydalı olsaydı, idarə heyətindən istefa verməzdim. Hələ, başqa yaramazlıqları xatırlamaq istəmirəm.
Bundan başqa, Rövşən bəyin idman mediası üçün layihələrin maliyyələşdirilməsini Medianın İnkişafı Agentliyinə həvalə edilməsini təklif etməsi… Bu nə bilməməzlik, anlamamazlıqdır?!
MEDİA Prezident Aparatına bağlı təşkilatdır və ora ilə bağlı istənilən qərar qanunverici orqan tərəfindən təsdiqlənməlidir. “N” sayda ştatın açılması, formalaşması və icraata başlama ən azı yarım il çəkə bilər. Heç bu təklifin qəbul ediləcəyi də inandırıcı gəlmir.
Bunca boş, labirintal fikirlərlə vəziyyəti qəlizləşdirmək bu şəxsin işi bilmədiyini bariz göstərir.
Görüşü yarımçıq tərk etməyə məcbur qaldım, çünki az sayda həmkar xaric, boşboğazlıq, mənasızlıq – qarğabazarı. Belə mühitdə olmaq bizim heç nəyimizə uyğun deyil, yaraşmır…
Ümid edək, bir də bilmədən addım atılmaz.
Elxan Məmmədovun uğursuz Media Komitəsi ideyasına möhtac qalınacaq həddə ideyasızlıq, xaos, bazar…
Bu və digər məsələlərdə təcili islahatlar aparılmalıdır. Yoxsa AFFA heç doğru istiqamətə getmir. Ümidləri doğruldacaq işarələr görünmür. Mənasız bir ətalətdə yırğalanma davam edir…
Elçin Cəlilov