“Neftçi” Azərbaycan Əvəzedicilər Liqasında çempion olub. “Ağ-qaralar” sona bir tur qalmış ən yaxın izləyicisi “Qəbələ-2″ni qabaqlayaraq qızıl medallara sahib çıxıb.
Paytaxt klubunun baş məşqçisi Rəşad Abdullayev “FutbolPress“ə çempionluq təəssüratlarını bölüşdü:
“Hər bir məşqçi və kollektiv arzu edir ki, mövsümün sonunda çəkdiyi əziyyətin bəhrəsini görsün. İl ərzində yaxşı çıxış etdik. Yaxşı heyət formalaşdıra bildik. Bunun da bəhrəsini gördük. Oyunçularımızın inkişafı göz önündədir. Daha çox çalışırdıq ki, əsas komandaya fayda verək. Bununla bərabər nəticəni də fikirləşirdik. İstəyirdik ki, “Neftçi”nin adına layiq çempionluq yaşayaq. Şükürlər olsun ki, istəyimizə nail olduq”.
Mütəxəssis futbolçularından razılıq ifadə etdi:
“Futbolçularımdan razı qaldım. Onların məsələni dərk etməsi, işə düzgün yanaşması bir məşqçi kimi məni sevindirir. Hər zaman onların yanında olmuşuq. Komanda olaraq hər zaman çalışmışıq ki, futbolçuların bütün problemlərini həll edək, onların fikirləri ancaq futbolda olsun. Oyunçularım da bunu dərk etdi. Çempionatda gərgin oyunlar keçirdik. Elə matçlar oldu ki, biz məğlub olduq. Amma sonradan onlarda olan geridönüş həvəsini gördükdən sona fəxr etdim. İnanıram ki, gələcəkdə Azərbaycan futboluna xeyir verəcəklər. Futbolçularım dərk edirdi ki, biz hansı yola girmişik”.
Abdullayev yeni oyunçuların əsas komandaya cəlb ediləcəyini dedi:
“Rza Cəfərov əsas komandada uğurlu çıxış etdi. Heyətdə yerini möhkəmləndirdi. Bu, bizi sevindirir. Özünü yaxşı göstərir. Premyer Liqa həyacanı fərqlidir. Ağadadaş isə perspektivli futbolçudur. Bir neçə oyunçumuz var ki, onların da əsas komandada debütü gözlənilir. Ümid edirik ki, həmin oyunçularımız da zamanla heyətdə möhkəmlənə biləcəklər”.
Müsahibim Əvəzedicilər Liqasının ləğvi ilə bağlı iddialara da münasibət bildirdi:
“Əvəzedicilər Liqasının keçirilməsinin müsbət cəhətləri çoxdur. Çünki burada bir çox futbolçu tanındı. Məşqçi kimi burada böyük təcrübə topladım. Oyunçular haqda müsbət fikirlər formalaşdı. Əsas komanda bizdən istənilən oyunçunu heyətinə qata bilir. Bu da olduqca yaxşı haldır. Zamanla hər şeyə aydınlıq gələcək”.
Məlik Məlikov