2025-ci ildə minifutbol üzrə dünya çempionatı Bakıda keçiriləcək.
Futbolpress.az xəbər verir ki, bu münasibətlə “BAKI-2025″in təqdimat mərasimi keçirilib.
Tədbirdə iştirak edən Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov fikirlərini bölüşüb:
“Bu gün Azərbaycan minifutbolunda yeni səhifə açılacaq. Azərbaycan üçün belə turnirlər yeni olmasa da, federasiyamız üçün bu yenilikdir. 16 il əvvəl başlayaraq minifutbol stadionları qurmuşuq. Bu gün təkcə Bakıda 40 dan çox meydança var. Minifutbol sevilən idman növünə çevirilib. Həvəskar futbola peşakar yanaşma konsepsiyası tətbiq edilib. 2017-ci ildə federasiya təsis edildi. Federasiya olaraq o zaman gənc idik və dəstəyə ehtiyacımız var idi. Dövlətimizə müraciət edərək dəstəyi aldıq və Gənclər və İdman Nazirliyi bizə dəstək göstərdi. O vaxtı mərhum Azad Rəhimov, indi Fərid Qayıbov diqqət göstərir. Bu gün federasiya uğurlu şəkildə ölkə çempionatını təşkil edir.
Bizim ən böyük nailiyyətimiz 2022-ci ildə Avropa çempionu olmasıdır. Ötən il dünya çempionatında 4-cü olduq. Dövlətimiz, ölkə rəhbərliyi bu nəticələrə yüksək qiymətləndirib. Azərbaycan minifutbolunu dünyada tanıtmağa çalışırıq. Bu məqsədlə 2025-ci il dünya kubokunu Bakıda keçirməsi üçün müraciət etmişdik. Hörmətli federasiya üzvləri və prezident dəfələrlə Azərbaycanda olub, turnirlərdə iştirak edib. Onların imkanı olub ki, Azərbaycanın inkişafını görsünlər. Bu bizlər üçün vacib idi. Beynəlxalq tələblərə cavab verən infrastrukturumuz var. Böyük turnirləri keçirmək təcrübəmiz var. Bizə olan dəstəyə görə beynəlxalq federasiyaya təşəkkür edirəm”.
Məlik Məlikov