Əvəzedicilər Liqasında çempionun adına aydınlıq gəlib. Son turda “Səbail”i (2:1) məğlub edən “Neftçi” liqanın bitməsinə bir tur qalmış qızıl medalları qazanıb. Ötən mövsümün çempionu “Qəbələ” isə ikinci olub.
“Qırmızı-qaralar”ın baş məşqçisi Famil Xəlilov “FutbolPress”ə açıqlamasında mövsümün əvvəlində qarşılarına qoyduqları hədəfə çatdıqlarını deyib:
“Neftçi”ni çempionluq münasibəti ilə təbrik edirəm. “Qəbələ”yə gəldikdə isə yaxşı təşkil olunmuş komandamız var. Sadəcə son 7-8 turda futbolçularım əsas komandanın düşərgəsində idi. 3-4 futbolçu davamlı olaraq oynama şansı əldə edib. Artıq bu oyunçuların əvəzedici komandada çıxış etməsi düzgün olmaz. Hər bir məşqçi çempion olmağı istəyər, lakin biz klub kimi qarşımıza əsas komandaya futbolçu yetişdirmək məqsədi qoymuşduq. Məşqçi kimi məni xoşbəxt edən məqamlardan biri də istəyimizə çatmağımızdır. Qeyd etdiyim kimi, yetirmələrimiz əsas komanda ilə məşq edir, oyunlara çıxır”.
Mütəxəssis əsas komandanın Premyer Liqanı tərk etməsinə də münasibət bildirdi:
“Hər işdə müsbət məqamlar var. Komandanın Premyer Liqada qalması daha yaxşı olardı, lakin artıq qərar verilib. B planı haqda düşünmək lazımdır. Müsbət məqamlardan biri odur ki, gənc futbolçuların önü açılıb. Əvəzedici komandamızda yetərli qədər istedadlı futbolçular var. Klub kimi əsas işimiz onlara yatırım edib böyük futbola qazandırmaq olub. Artıq onlar üçün şans yaranıb. Əsas işləri yaxşı çıxış edib, komandaya fayda vermək və “Qəbələ”ni Premyer Liqaya çıxarmaqdır. “Qəbələ”nin Premyer Liqaya qayıdacağına zərrə qədər şübhəm yoxdur. Onlar özlərini artıq sübut edib”.
Əvəzedicilər Liqasının ləğv edilməsi barədə iddialar səslənir. Xəlilov buna da münasibət bildirdi:
“Ölkədə nə qədər çox futbol çempionatları olsa, bir o qədər yaxşıdır. Futbol və futbolçularımız daim inkişaf edir. Ümid edirəm ki, daha doğru qərar qəbul olunar və qazanan Azərbaycan futbolu olar”.
Məlik Məlikov