Məlum olduğu kimi, Topaz Premyer Liqasında mövsümün birinci yarısı geridə qaldı. Komandalar iki aydan da artıq çəkəcək qış fasiləsinə yollandılar.
Çempionatın birinci hissəsini “Qarabağ” lider kimi tamamladı. Ağdamlıların ən yaxın izləyicisi “Qəbələ” 6 xal geri qalırsa, “qırmızı-qaralar”dan 1 xal az toplayan “Zirə” ilk “3-lüy”ü tamamlayır. 3 və 4-cü yerlər arasında isə çox böyük fərq var. Avrokubok zonasına iddialı olan “Sumqayıt” 20 xal toplayıb və “Zirə”dən düz 10 xal geri qalır. “Gənclik şəhəri” təmsilçisini 5-ci “Neftçi”dən 4 xal ayırır. Debütant “Səbail”in 6-cı yerdəki mövqeyi möhkəmdi. “Kəpəz” isə çempionatın startından sonuncu pillədə lövbər salıb. Mövsümü uğurlıu keçirməyən “Keşlə” isə sonradan düçar olduğu problemlərlə sondan ikinciliyə qədər enib.
Bəs TPL-də hakim səhvləri olmasaydı, turnir cədvəli nə qədər fərqli ola bilərdi?
Əvvəlcə çempionat oyunlarında kimlərin fit çaldığına və yanlış qərarlara nəzər yetirək…
AFFA Hakimlər Komitəsi 56 matçda 9 hakimə güvənib. Əvvəlcədən qeyd edək ki, 8 komandalı çempionat üçün bu sayı normal hesab etmək olar.
Ən çox təyinat alanlar FIFA referiləri – Əliyar Ağayev və Ömər Paşayev, eləcə də Rauf Cabbarovdu. Hər 3 hakim 8 matçda iş başında olub. Onların arasında isə ən yaşı idarəçilik Cabbarovda görünür. O, demək olar ki, bütün oyunlarda işini yüksək səviyyədə görüb. Ömər Paşayev və xüsusilə Əliyar Ağayev haqda isə eyni sözləri demək olmaz.
İki hakim 7 oyunda fit çalıb. Söhbət digər FIFA referisi Rəhim Həsənov və karyerasının sonlarını yaşadığı deyilən Fariz Yusifovdu. Onların passivində böyük səhvlər diqqət çəkmir. Xüsusilə Fariz Yusifov olduqca çətin oyunlara təyinat alsa da, əksərən onlardan üzüağ çıxmağı bacarıb, xırda problemlər isə daha çox onun köməkçilərinin bacarıqsızlığı ilə baş verib. Rəhim Həsənov da yaxşı idarəçiliklə diqqət çəkir. Ancaq bunu, həm də referinin asan görünən matçlara təyinat almasıyla izah etmək olar. Həsənov keçən mövsüm böyük narazılığına səbəb olduğu “Qəbələ”nin bir oyununa belə getməyib.
Növbəti sırada 6 oyun idarə edən İnqilab Məmmədov gəlir. Keçən mövsüm ciddi səhvləriylə müzakirə mövzusu olan hakimdə hələlik böyük problem görünmür. 5 dəfə iş başında olan Ramil Diniyevdə də oxşar vəziyyətdi. Ancaq bu hakimlər də əsasən rahat sayılan matçlarda iş başında olublar.
Digər hakimlərdən Orxan Məmmədov 4, Rəvan Həmzəzadə isə 3 görüşdə əsas söz sahibi olub. Məmmədovun ötən mövsümlə müqayisədə gerilədiyi açıq-aşkar hiss olunur, “Qarabağ” – “Səbail” görüşündə biabırçı idarəçilik edən Həmzəzadə isə xeyli vaxtdı ki, təyinat almr.
Keçən mövsümdən fərqli olaraq bir hakim isə ümumiyyətlə təyinat almayıb. Söhbət Elvin Əsgərovdan gedir. Buna isə səbəb kimi, onun yayda hazırlıqda iştirak etməməsi göstərilir.
Konkret səhvlərə gəlincə…
Hakimlərin idarəçiliyini də iki yerə bölmək olar: yüksək səviyyədə görünən I dövrə və problemlərin çoxaldığı II dövrə.
Əslində, mövsüm “3-cü komanda” üçün əla başlamışdı. Hakimlər yayda ölkə xaricində toplanış keçməsələr də, ilk turlar problem müşahidə olunmurdu. Ümumiyyətlə, idarəçilikdəki nöqasanları fiziki problemlərdə yox, metodiki məsələlərdə axtarmaq lazımdı. Geridə qalan turlarda da məhz bu baxımdan axsama gözə dəyib.
Çempionatın startından sonra uzun müddət heç bir komanda tərəfindən hakimlərin işinə ciddi etiraz müşahidə olunmadı. Burda yalnız iki istisnanı vurğulamaq olar. Söhbət II turdakı “Qəbələ” – “Sumqayıt” (1:0) və IV turda keçirilən “Qəbələ” – “Zirə” matçlarından gedir. İlkində Əliyar Ağayevin, ikincisində isə Ömər Paşayev “diqqət çəkdi”. Ancaq səhvlər o qədər də ciddi deyildi və etirazları əsassız saymaq da olar.
Hakimlikdəki “qırılma nöqtəsi” IX turda baş verdi. “Kəpəz” – “Neftçi” (0:1) oyununda qonaq komandanın yeganə qolu zamanı Ruslan Abışovun oyundankənar vəziyyətdə olduğu görünürdü. Əliyar Ağayevin başçılıq etdiyi briqada isə görüşün nəticəsinə təsir edən səhvə yol verdi. Həmin qarşılaşmada meydan sahiblərinin bir neçə epizodda penalti istəkləri də var idi. Ancaq bunları ydaha çox mübahisəli epizod kimi qəbul etmək olar.
Həmin tur digər FIFA referisi Ömər Paşayev də matçın nəticəsinə təsir edən səhvə yol verdi. Bu, “Qəbələ”nin evdə “Qarabağ”ı minimal hesabla məğlub etdiyi matçda qeydə alındı. “Qırmızı-qaralar”ın futbolçusu ofsayddan fərqlənsə də, qol qeydə alındı. Təbii ki, bunu daha çox laynsmanların passivinə yazmaq lazımdı. Olduqca incə epizod olsa da, hər halda səhv baş vermişdi və görüşün nəticəsinə birbaşa təsir etmişdi. Sonradan saytımıza müsahibəsində HK sədri Xaqani Məmmədov da həmin epizodda oyundan kənar vəziyyət olduğunu təsdiqlədi.
X turun “Qarabağ” – “Səbail” (1:0) matçında Rəvan Həmzəzadə qeyri-adi qərarları ilə yadda qaldı. “Qarabağ”ın iki aşkar penaltisini qeydə almayan və ağdamlıların futbolçusu Pedro Enrikeni yanlışlıqla simulyasiyada günahlandırıb meydandan qovan Həmzəzadəni həmin matçdan sonra Premyer Liqada görən olmayıb.
Eyni turun “Zirə” – “Qəbələ” (2:1) görüşündə qonaqlar Fariz Yusifovdan narazı qaldı. Yenə verilməyən aşkar penalti qeydə alındı, rəqib qapıçıyla təkbətək mübarizəyə yollanan qırmızı-qara formalı futbolçu isə yanlış ofsayd qərarı ilə dayandırıldı.
XI turda Əliyar Ağayevin rəhbərlik etdiyi briqada növbəti səhvlə yadda qaldı. Onlar “Sumqayıt” – “Keşlə” (3:1) matçında qonaqların ofsayddan vurduğu qolu hesaba aldı.
Həmin turun “Kəpəz” – “Qarabağ” (0:2) oyununda Rəhim Həsənovu meydan sahiblərinin legioneri Viktor Oseqeyl xilas etdi. Olmayan epizodda penalti təyin edilsə də, Oseqeyl sonradan FIFA-nın da təqdir edəcəyi feyr-pley nümunəsi göstərərək, qayda pozuntusunun baş vermədiyini bildirdi.
12-ci turda yenə Əliyar Ağayevin səhvləri diqqət çəkdi. O, bu dəfə “Neftçi”nin “Qəbələ”yə evində 2:3 uduzmasında “pay sahibi” oldu. Yanlış künc zərbəsi qərarından sonra “qırmızı-qaralar”ın fərqlənməsi, qonaqların qapısına təyin edilməyən penaltilər mövsümdə ilk dəfə bir klubun rəsmi səviyyədə narazılıq bildirməsiylə nəticələndi. Bu, hələlik yeganə belə haldı
XIII turun “Zirə” – “Qarabağ” (2:3) oyununda meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov yan xətt hakimlərinin bacarıqsızlığından şikayətləndi.
Eyni turda baş tutan “Neftçi” – “Keşlə” (3:1) matçında Rauf Cabbarov diqqətləri üzərinə cəlb etdi. O, “ağ-qaralar”ın ilk qolunda ələ dəyən topu görmədisə, son dəqiqələrdə Ruslan Abışovun ofsayddan fərqlənməsinə göz yumdu.
XIII turun daha bir səhvi “Sumqayıt” – “Səbail” (0:0) görüşündə reallaşdı. Rəhim Həsənov meydan sahiblərinin futbolçusunu meydandan qovmamaqla bəlkə də “Səbail”in 2 xalını əlindən aldı.
Bunlar TPL-də mövsümün birinci yarısında ən çox diqqətçəkən hakim səhvləri idi. Qısa zaman kəsiyində – xüsusilə, IX-XIII turlar arasında bu qədər problemlərin müşahidə olunması kifayət qədər ciddi məsələdi. Bu səhvlərin isə əsasən “Qəbələ”, “Qarabağ” və “Neftçi” kimi komandaların oyunlarında qeydə alınması hakimlərin hazırlıq səviyyəsinin aşağı olduğunu, onların gərgin matçlar üçün tələb olunan keyfiyyətlərdə olmadığını göstərdi. Ən pisi də odu ki, FIFA referiləri daha çox müzakirə olundu.
Hakimlərin yanlış qərarları olmasaydı, turnir cədvəlindəki mümkün dəyişikliklərə baxsaq…
İlk növbədə “Qarabağ”ın liderliyi daha möhkəm olacaqdı. Bunu xüsusilə “Qəbələ”yə məğlubiyyətlə əsaslandırmaq olar. “Səbail”lə ev oyununda isə Ağdam klubu həm baş hakim Rəvan Həmzəzadə, həm də rəqib komanda ilə mübarizədən qalib ayrılmışdı.
Səhvlərdən ən çox qazanan isə “Qəbələ” olub. “Qarabağ”la ev, “Neftçi”ylə səfər matçlarındakı yanlış hakim qərarları olmasaydı, “qırmızı-qaralar” böyük ehtimalla fasiləyə ikinci yerdə yollana bilməyəcəkdilər. Yalnız “Zirə”ylə görüşdə Roman Qriqorçukun komandasının əleyhinə qərarlar qeydə alınıb. Ancaq bunlar da hesab 0:2 olduqdan sonra baş verdiyi üçün matçın nəticəsinə nə dərəcədə ciddi təsir etdiyini konkret iddia etmək asan deyil.
Bir dəfə hakim səhvindən əziyyət çəkən “Neftçi” iki halda da “4-cü komanda”dan xeyir görüb. Bunlardan xüsusilə “Kəpəz”lə səfər oyununda baş verən səhvlər qeyd olunmalıdı.
Nəticə olaraq, əgər yanlış hakim qərarları olmasaydı, “Qarabağ” rəqiblərindən daha çox uzaqlaşmış, “Zirə” 2-ci, “Qəbələ” 3-cü ola, “Sumqayıt” mövqeyində bu qədər rahat olmaya, “Neftçi” 4-cü yerə, “Səbail” “Neftçi”yə daha yaxın ola, “Kəpəz” sonuncu pillədə qərarlaşmaya bilərdi….
Bunlar konkret oyunların nəticələrinə görə yürüdülmüş mülahizələrdi, ancaq çempionat yarışında komandanın bir nəticəsinin digərlərinə də təsir etdiyi şübhəsiz olduğundan bir matçdakı hakim səhvinin hər iki komandanın növbəti turlardakı çıxışına da təsirsiz olmadığı dəqiqdi.
Faiq Tahirov
Məqalə AFFA yenında Media Komitəsinin maliyyə dəstəyilə hazırlanıb