“Sabah” Azərbaycan Premyer Liqasının XXXV turunda “Sumqayıt”ı məğlub edib – 2:0. “Futuristlər” qələbə sayəsində sona bir tur qalmış 4-cü sıraya yüksəlib. Komanda son turda “Neftçi”ni məğlub etsə, avorkuboklara vəsiqə qazanacaq.
“Sabah”ın yarımmüdafiəçisi Ayaz Quliyev “FutbolPress“ə açıqlamasında komandanın çıxışını dəyərləndirdi:
“Komanda olaraq yaxşı mübarizə apardıq. Ən əsası məşqçilər bu matçda sərgilədiyimiz oyundan razı qaldılar. Bizim üçün vacib olan 3 xalı qazandıq. Bu oyunda bizdə hər şey yaxşı alındı. Qalib gəldiyin matçda sərgilənən oyundan da zövq alırsansa bu ikiqat yaxşıdır. Lakin artıq bu oyunu undub, qarşıdakı matça köklənməliyik. Bizi irəlidə mövsümün ən vacib matçı gözləyir”.
Yarımmüdafiəçi son turun “Neftçi” ilə oyunundan gözləntilərini bölüşdü:
“Neftçi” ilə maraqlı oyunun keçəcəyini gözləyirəm. Fikrimcə, bu matçda çoxlu azarkeş olacaq. Düzdü, səfərdə oynayırıq. Buna rəğmən bizə çoxlu dəstəyin olacağına ümid edirəm. Qış fasiləsindən sonra çempionatın ikinci yarısını yaxşı keçiririk. Bu oyundan da yaxşı nəticə ilə ayrılacağımıza ümid edirəm. Hər iki komanda avrokuboklara vəsiqə qazanmaq istəyir. Buna görə, meydanda sona kimi mübarizə gedəcəyini düşünürəm. Həm biz, həm də rəqib tam olaraq bu matça köklənib. Ümid edirəm ki, bu oyunda nəticə bizim istədiyimiz kimi olacaq”.
Oyunun vacibliyini vurğulayan Quliyev üzərlərində təzyiq hiss etmədiklərini bildirdi:
“Bu oyunun əhəmiyyətini hər birimiz çox yaxşı dərk edirik. Komandada hər birimiz avrokuboklara vəsiqə qazanmaq istəyir. Hamı bu amala köklənib. Lakin hər hansı təzyiqdən söhbət gedə bilməz. Əlbəttə, vəsiqə qazanmasaq, bu, çox böyük təəssüf hissi doğuracaq. Hər şey öz əlimizdədir. Meydana çıxıb ən yaxşı oyunumuzu sərgiləməliyik. İnşallah, məqsədimizə çatarıq”.
Ötən yaya heyətə cəlb olunan futbolçu komandanın bumövsümkü performansını şərh etdi:
“Heç kimə sirr deyil ki, mövsümün ilk yarısı bizim üçün uğurlu keçmədi. Biz az qələbə qazandıq, çoxlu xallar itirdik. Stabil oyun sərgiləyə bilmədik. Hətta yaxşı oynadığımız bəzi oyunlarda da sadə qollar buraxdıq, həlledici səhvlərə yol verdik. Həmçinin də bəxt bizim tərəfimizdə deyildi. Lakin qış fasiləsindən sonra, mövsümün ikinci yarsıında situasiya dəyişdi. Hamı vəziyyətin dəyişəcəyinə, tezliklə uğurlu nəticələrin gələcəyinə inanırdı. Çünki bizim yaxşı komandamız var. Komandada bir çox güclü futbolçu var, hər mövqe uğrunda mübarizə, rəqabət gedir. Bütün komanda bilir ki, hazırda olmalı olduğumuz yerdə deyilik. Qış fasiləsindən sonra bir çox oyunda yaxşı nəticə qazandıq. İndi mövsümün sonunda da bunun davamını gətirməliyik. Əgər bu oyundan yaxşı nəticə ilə ayrılıb hədəfimizə çatsaq, mövsümü bizim üçün uğurlu saymaq olar”.
Ayaz Quliyev sonda “Sabah”dakı gələcəyinə toxundu:
“Sabah”da əsas məqsədim digər komanda yoldaşlarımla eynidir. Komandanın hədəfi nədirsə, məndə də odur. Elə əsas olan da komandanın hədəfidir. Hədəfimiz də bəllidir. Buna çatmaq üçün hər şeyə malikik. İstər, rəhbərlik, istər futbolçu, məşqçi və texniki heyət baxımından. Həm burdakı atmosfer, həm də komandada məni hər şey razı salır. Burda olmaqdan şadam”.
“Neftçi” – “Sabah” oyunu mayın 25-də keçiriləcək. “Neftçi Arena”da baş tutacaq görüşə saat 19:00-da start veriləcək.
Şahin Cəfərov