Topaz premyer Liqasında artıq 2 dövrə geridə qalıb. 14 tur, ümumi 56 oyundan sonra “Qarabağ” birinci pillədədi. Ağdam klubunun 37 xalı var. Komandanı 31 xalla “Qəbələ” izləyir. “Qırmızı-qaralar”dan 1 xal az toplayan “Zirə” ilk “3-lüy”ü qapayır. TPL-in autsayderi isə “Kəpəz”di. Gəncəlilər cəmi 7 xal yığa biliblər.
Müxtəlif aspektlərdən çempionatın statistikasına baxsaq…
56 oyunda qapılara ümumilikdə 138 qol vurulub. Bu isə orta məhsuldarlığın 2,46-ya bərabər olması deməkdi. Qeydə alınan rəqəm Avropanın əksər çempionatları ilə müqayisədə xeyli aşağı sayılır.
138 qolun 28-i “Qəbələ”nin payına düşür. “Qırmızı-qaralar” çempionatın ən yaxşı hücum edənidi. 25 qol vuran lider “Qarabağ” 2-ci, 23 dəfə fərqlənən “Zirə” isə 3-cüdü. Ən az qol sevinci yaşayanlar “Səbail” və “Keşlə”di. Paytaxt təmsilçiləri cəm 9 dəfə rəqib torunu silkələyiblər. Sonuncu yerin sahibi “Kəpəz” 10 dəfə fərqlənibsə, 4-cü pilləyə iddialılar – “Neftçi” və “Sumqayıt”da bu göstərici 17-yə bərabərdi.
Müdafiəsi ən etibarlı komanda isə “Qarabağ”dı. Son çempion cəmi 6 qola üzülüb. Bu həm də 10-dan aşağı olan yeganə göstəricidi. İkinci ən yaxşı nəticə “Zirə”dədi. Qəsəbə təmsilçisi 11 top buraxıb. “Qəbələ” öz qapısında 14 top görübsə, ən etibarsız müdafiə “Kəpəz”indi. Gəncə klubu 29 qol buraxıb.
Mövsümün ilk yarısının ən bol qollu qarşılaşması XIII turda qeydə alınıb. “Qəbələ” səfərdə “Kəpəz”ə 6:1 hesabıyla qalib gəlib. Bu, həm mövsümün ən məhsuldar, həm də ən böyük fərqlə başa çatan qarşılaşması olub. Digər heç bir matçda 7 qol vurulmayıb və heç bir komanda 5 top fərqli qələbə qazana bilməyib.
Qalan oyunlar üçün tur üçün ən yüksək məhsuldarlıq 5 top olub ki, 4 qarşılaşmada bu qədər qol vurulub. “Qəbələ”dən sonra ən böyük hesablı qələbəni isə “Neftçi” qazanıb. “Ağ-qaralar” 8-ci turda “Səbail”lə səfər matçında 4 top fərqiylə üstün olub – 4:0.
*** *** ***
Mövsümün birinci hissəsinin bombardiri “Qəbələ”li Baqali Dabodu. Fransız forvard 9 dəfə fərqlənib və bunların hamısı oyun epizodlarından olub. 2-3-cü yerləri isə hərəyə 6 dəfə fərqlənən Mahir Mədətov və Riçard Qadze bölüşdürür. “Zirə”nin forvardı bir dəfə də penaltini qaçırması ilə diqqət çəkib.
Dabo orta hesabla hər 116 dəqiqəyə bir qola imza atıb. Mədətovda bu rəqəm 148, Qadzedə isə 188-ə bərabərdi. Bu baxımdan Mahiri bombardirlər yarışında ikinci hesab etmək olar. Dəqiqə/qol nisbətində ən yaxşı göstərici isə “Zirə”li Vüsal İsgəndərlidədi. Gənc forvard 4 qolu 450 dəqiqəyə sığışdırıb ki, bu da orta rəqəmin 113 olması deməkdi.
*** *** ***
TPL-in ilk iki dövrəsində ümumilikdə 183 futbolçu iştirak edib.
Ən çox futbolçunun xidmətindən yararlanan “Qarabağ”dı. Ağdam klubuna 29 oyunçu lazım olub. Ən aşağı göstərici isə “Sumqayıt”dadı. “Gənçlik şəhəri” təmsilçisi ilk yarını 20 oyunçu ilə başa vurub. Digər komandalarda bu rəqəm 22-23 təşkil edib.
Bütün oyunlarında iştirak edən futbolçuların sayı 20 olub. 5 oyunçu bu matçları əvəzedilmədən keçirib. Onlardan 4-ü qapıçı, 1-i müdafiəçidi. “Qəbələ”dən Dmitri Bezotosnı, “Keşlə”dən Orxan Sadıqlı, “Kəpəz”dən Davud Kərimi, “Səbail”dən isə Emil Balayev və Maudo Jarjue 1260 dəqiqə meydanda olub.
Qalan 15 futbolçu 14 oyunun hamısında iştirak etsə də, bütün qarşılaşmalarda 90 dəqiqə meydanda olmayıb.
Lider “Qarabağ”da əvəzedilməz futbolçu olmayıb. Ağdam klubunda ən çox oyun keçirən Dino Ndlovudu ki, o, 13 matçda 896 dəqiqə oynayıb.
Bütün oyunlarda meydanda olan digər 15 futbolçu bunlardı:
Yovan Krneta (“Zirə”) – 14 – 1249
Novruz Məmmədov (“Kəpəz”) – 14 – 1244
Azər Salahlı (“Sumqayıt”) – 14 – 1237
Rəşad Eyyubov (“Sumqayıt”) – 14 – 1234
Ruslan Abışov (“Neftçi”) – 14 – 1234
Amil Yunanov (“Sumqayıt”) – 14 – 1209
Vüqar Mustafayev (“Zirə”) – 14 – 1205
Pərdis Fərcad-Azad (“Keşlə”) – 14 – 1200
Riçard Qadze (“Zirə”) – 14 – 1129
Cavid İmamverdiyev (“Sumqayıt”) – 14 – 1065
Baqali Dabo (“Qəbələ”) – 14 – 1041
Vüqar Nadirov (“Səbail”) – 14 – 1019
Namiq Ələsgərov (“Neftçi”) – 14 – 888
İqnasio Herrera (“Neftçi”) – 14 – 859
Slavik Alxasov (“Keşlə”) – 14 – 756
Meydanda olma dəqiqəsi 10-a belə çatmayan futbolçular da var. Onların sayı 4-dü. “Səbail”də Murad Musayev cəmi 1 dəqiqə oynayıbsa, “Sumqayıt”da Rüfət Abdullazadə 3, Səbuhi Abdullazadə 7, “Keşlə”də isə Oleq Hüseynov 5 dəqiqə şans qazanıb.
*** *** ***
Premyer Liqanın ən intizamlı komandası kimi debütant “Səbail”i saymaq olar. Samir Əliyevin yetirmələri 14 oyunda cəmi 27 dəfə rəsmi xəbərdarlığa məruz qalıblar. Bütün hallarda vərəqənin rəngi sarı olub. Ümumiyyətlə, “Səbail” mövsümdə “qırmızı” ilə cəzalandırılmayan 3 komandadan biridi. Digərləri “Zirə” və “Sumqayıt”dı. Ancaq onların sarı vərəqə sayı xeyli artıq olub.
5 komanda isə 2 dəfə qırmızı vərəqə ilə üzləşib. Söhbət “Qəbələ”, “Qarabağ”, “Keşlə”, “Neftçi” və “Kəpəz”di. Onların “sarı”larını da nəzərə aldıqda ən intizamsızı “Qəbələ”di.
İndiyə qədər 1-dən artıq qırmızı vərəqə görən olmayıb. “Sarı”ların rekordçusu isə “Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyevdi. O, 6 dəfə analoji cəzaya məruz qalıb. 5 dəfə “saralanların” sayı isə 3-dü: Bəxtiyar Həsənalızadə, Tural Axundov (hər ikisi “Sumqayıt”) və Eltun Yaqublu (“Səbail”).
Cari mövsümdə vərəqə sayları
1.“Zirə” – 34 sarı
2. “Sumqayıt” – 34 sarı
3. “Qəbələ” – 28 sarı, 2 qırmızı
4. “Kəpəz” – 26 sarı, 2 qırmızı
5. “Səbail” – 27 sarı,
6. “Keşlə” – 20 sarı, 2 qırmızı
7. “Qarabağ” – 20 sarı, 2 qırmızı
9. “Neftçi” – 19 sarı, 2 qırmızı
*** *** ***
Premyer Liqanın azarkeş sayına baxsaq, 56 matçı ümumilikdə 126670 tamaşaçı izləyib. Bu da orta hesabla hər oyunda 2262 nəfərin olması deməkdi.
Ən çox azarkeş XI tur oyunlarını izləyib. 4 matçda ümumilikdə 17400 fanat qeydə alınıb. Mövsümün bir oyun üçün ən yuxarı tamaşaçı sayı da həmin tura aiddi. Gəncədə “Kəpəz”in “Qarabağ”a 0:2 hesablı məğlubiyyətinə 13300 nəfər şahidlik edib.
Ən az azarkeş də Gəncə klubunun oyununda qeydə alınıb. Ancaq “sarı-göylər” həmin oyunu evdə yox, səfərdə keçirib. VII turda baş tutan “Qəbələ” – “Kəpəz” (0:2) görüşündə cəmi 175 nəfər tribunada yer alıb.
Premyer Liqada heç vaxt bir tur üçün ümumi izləyici sayı 3500-dən aşağı olmayıb. Ən zəif göstəricilər 6 və 8-ci turlarda qeydə alınıb ki, həmin vaxt 4 oyunda ümumilikdə 3870 və 3900 azarkeş tribunada yer alıb.
TPL üçün ümumi azarkeş göstəriciləri
tur | oyun | tamaşaçı | orta say |
I | 4 | 7526 | 1882 |
II | 4 | 6300 | 1575 |
III | 4 | 8100 | 2025 |
IV | 4 | 4153 | 1041 |
V | 4 | 5120 | 1280 |
VI | 4 | 3900 | 975 |
VII | 4 | 6575 | 1643 |
VIII | 4 | 3870 | 967 |
IX | 4 | 12550 | 3137 |
X | 4 | 10050 | 2513 |
XI | 4 | 17400 | 4350 |
XII | 4 | 15550 | 3888 |
XII | 4 | 11626 | 2907 |
XIV | 4 | 13950 | 3488 |
cəmi | 56 | 126670 | 2262 |
Ev oyunlarına ən çox azarkeş toplayan isə “Kəpəz”di. Gəncə şəhər stadionunda keçirilən 6 qarşılaşmanı 50600 nəfər izləyib. Bu isə hər matçda orta hesabla 8433 seyrçinin olması deməkdi. Müqayisə üçün qeyd edək ki, ikinci “Neftçi”də bu göstərici təxminən 3 dəfə az olub. Bakı klubunun 8-ci kilometr stadionunda keçirilən ev matçlarını orta hesabla 2553 nəfər izləyib. 3-cü yerdə qərarlaşan “Qarabağ” 8 ev oyununa 19200 nəfər yığa bilib. Bu isə orta rəqəmin 2400 olması deməkdi.
Ev oyunlarına ən az tamaşaçı cəlb edən TPL klubu “Səbail”di. Debütantın doğma meydanındakı oyunlarını orta hesabla 344 nəfər izləyib.
yer | klub | oyun | tamaşaçı | orta say |
1 | Kəpəz | 6 | 50600 | 8433 |
2 | Neftçi | 6 | 15320 | 2553 |
3 | Qarabağ | 8 | 19200 | 2400 |
4 | İnter | 8 | 13120 | 1640 |
5 | Qəbələ | 7 | 9675 | 1382 |
6 | Sumqayıt | 6 | 7952 | 1325 |
7 | Zirə | 7 | 8050 | 1150 |
8 | Səbail | 8 | 2753 | 344 |
Faiq Tahirov
Məqalə AFFA yenında Media Komitəsinin maliyyə dəstəyilə hazırlanıb