Həftəsonu ölkə futbolunda ayyarımlıq fasilə başa çatır. Klublar uzunmüddətli qış hazırlıqlarından sonra TPL-in XV turu ilə yenidən yaşıl meydanlara qayıdacaqlar.
Yaranan fasilə transferlər, yoxlama oyunları ilə yanaşı bir sıra maraqlı hadisələrlə də yadda qaldı.
Ölkə futbolunda ara dönəmin yaddaqalan məqamlarını təqdim edirik…
– TPL klublarının yenə də baxışa futbolçu çağırması.
– “Qarabağ”ın Dino Ndlovunu, “Qəbələ”nin Deyv Bulteysi, “Zirə”nin Qabriel Mateyi ölkə xaricinə satması.
– “Sumqayıt”ın yeni transferi Nicat Qurbanovun “Sumqayıt”dan milliyə düşmək daha asandır” deməsi. Halbuki həmin zaman və demək olar ki, ona qədər heç vaxt bu klubdan yığmaya futbolçu çağırılmırdı.
– Mövzunun davamı olaraq, brifinqlərdə, müsahibələrdə hər cür əlaqəsiz futbolçuya milliyə çağırılmaq, dəvət gözləməklə bağlı sualların verilməsi.
– Kamran Ağayevin intizamsız futbolçu olmadığını sübut eləməyə çalışması. “Keşlə”nin Bakıdakı yoxlama oyunlarından birindən sonra jurnalistin millinin yeni baş məşqçisi Qurban Qurbanovun nizam-intizama xüsusi diqqət edəcəyi ilə bağlı sualına qolkiper belə cavab verdi: “İntizamsızlığın mənə nə dəxli var? “Mlada Boleslav”dan qırmızı vərəqəyə görə ayrılmadım. Bir var kimləsə dalaşıb “qırmızı” almaq, bir də var komandanın xeyrinə nəsə edib, məsələn vaxt uzadıb meydandan qovulmaq. Məndə də belə idi. Mənim nə intizamsızlığım olub ki?”
Kamran, axı ən azı “Boavişta”dan dalaşıb, “qırmızı” aldığın üçün qovulduğun hamıya məlumdu…
– “Neftçi” ilə “Kəpəz”in 1:8 hesablı məğlubiyyətləri. 80 illiyində 0:8 uduzan “ağ-qaralar” 81-ə 1:8-lə başladılar. Ölkənin ikinci ən köklü klubu da tarixi rəqibindən geri qalmadı.
– Aqil Məmmədovun ikiqat “comeback”i. Fasilə yarandıqdan dərhal sonra “Qəbələ”dən sabiq klubu “Neftçi”yə, keçmiş baş məşqçisinin yanına üz tutan təcrübəli qolkiper toplanışa da bu komandanın heyətində yollandı. Ancaq çox keçmədi ki, Aqil fikrini dəyişdi və yenidən “qırmızı-qaralar”ın düşərgəsinə geri döndü.
– “Kəpəz”in Antalya toplanışına mətbuat katibi və operator aparmaması. Müsəlman şərqində yeni klub modeli formalaşdırmaqda israrlı olan gəncəlilərin SMM qrupu isə komandanın oyun günlərini səhv salır, dünənki matç sosial şəbəkələrdə bir qədər əvvəl baş tutubmuş kimi təqdim olunurdu.
– PFL-in hamını Antalyaya aparması.
– Yunis Hüseynovun polyaklarla serbləri səhv salması: “Mən həmin oyunda (“Yagelloniya” – 1:8) səhv elədim. Elə bilirdim bugünkü komanda (“Spartak” – 2:0) ilə oynayırıq. Oyunçulara da yükləmə vermişdim. Sonra meydanda bildim ki, rəqib polşalılardı”.
Futbolçular isə deyəsən yalnız 0:7-dən sonra biliblərmiş ki, aldadılıblar, rəqib polyaklardı və hissləriylə belə oynanmasına əsəbiləşib kütləvi dava salaraq meydandan çıxmaq istəyiblər…
– Ramin Musayevin Tərlan Əhmədovdan inciməsi: “Tərlan Əhmədovun “Neftçi”yə keçməsində zamin durmuşam. Bəli, onun namizədliyini “Neftçi”yə vermişəm. Eşitdim ki, bəzi vaxtlarını klubdan kənarda keçirir. Ona görə də Tərlana ismarıc göndərdim. İncimişəm bir az”.
– “Qarabağ”ın futbolçuları günün ilk yarısında bir yerdə məşq elədikləri Rəşad Sadıqovun axşam baş məşqçi kimi U-21 millisində debüt oyununu izləyir.
– Bu ara dönəmdə də “Qarabağ”ın saytını açanda ya açılmadı, ya da Leroy Corc, Admir Teli və komandanın digər keçmiş futbolçularının şəkli gəldi ekrana.
– “Qəbələ”nin rəsmi saytında Roman Qriqorçukun futbolçulardan narazı qalması ilə bağlı açıqlamasının yerləşdirilməsi. Azərbaycan klubçuluğunda hər gün olmur…
– Yenə “Qəbələ”nin saytı, amma bu dəfə yaraşdırılmayan addım. Mahir Mədətovun əyləncəli verilişdə Qriqorçuku parodiya etməsiylə bağlı sərt bəyanatın yerləşdirilməsi, sonra yoxa çıxması.
– Mahir Mədətovun “Kuban”la yoldaşlıq oyununda hakimin təyin etdiyi yanlış penaltini nümayişkaranə şəkildə kənara vurması.
– I Diviziondan “Xəzər”in Antalyada təlim-məşq toplanışı keçməsi. Komanda üçün yaradılan şərait Premyer Liqa klublarınkından geri qalmadı. Ancaq hələ də ictimaiyyətdə kluba etirazlar var: “Xəzər”i yaratmqdansa, “Xəzər Lənkəran”ı bərpa edərdiz”.
– Qurban Qurbanovun yığmada debüt etməsi – Robert Prosineçkinin komandasının oyunundan ciddi fərq görünmədi.
– 2 fevrala rəqib tapmaq problemi. Millinin Antalya toplanışına iki oyunu planlaşdırılsa da, yalnız biri keçirildi. Fevralın 2-si tarixinə əvvəlcə Gürcüstan, sonra məcburiyyətdən dövlət səviyyəsində tanınmayan Kosovo ilə görüş planlaşdırılsa da, heç biri baş tutmadı.
– Qurban Qurbanovun futboldankənar müsahibəsi.
– Samir Abasovun qətiyyətsizliyi, fikrini dəyişməsi və ya Qurban Qurbanovun tərəfini tutması…
2017-ci il, sentyabr: “Dəfələrlə mən özüm də istəmişəm ki, Bəxtiyar Həsənalızadə milliyə çağrılsın. Oyunlara olmasa belə, ən azından toplanışlara dəvət alsın və oradakı ab-havanı görsün. Neçə illərdi əsas heyətdə oynayır, amma nədənsə millinin məşqçiləri ona dəvət göndərmir. Fikirlərinə hörmət edirəm, amma məncə, ən azı toplanışlara çağrılmalıdı”.
2018-ci il, yanvar: “Bəxtiyarla Amili düz edib, milliyə çağırmırlar. Vaxtı çatanda, layiq olanda gedəcəklər”.
– Zaur Axundovun Rauf Əliyevlə prinsip aparması, qisası. Mövsümün əvvəlində “İnter”in (“Keşlə” – red.) heyətində avrokuboklarda oynayan Rauf Əliyev sonradan qalmaqallı şəkildə Albaniya “Kukesi”sinə keçdi. Bir neçə ay sonra ordan ayrılan futbolçunun UEFA qaydalarına görə sabiq klubu “Keşlə”də çıxış etməkdən başqa yolu yox idi. Bakı klubunun Müşahidə Şurasının sədri Zaur Axundov isə ondan qisas almaq qərarına gəldi. Yeni transferlərlə 5 aylıq müqavilə bağlayan klub Raufun qarşısında ilyarımlıq müqavilə şərti qoydu. Geri addım atmayan futbolçu güman ki, mövsümün sonuna qədər futbolsuz qalacaq.
– “Səbail”in varlığı ilə yoxluğunun yenə hiss olunmaması.
Faiq Tahirov
Məqalə AFFA yanında Media Komitəsinin müsabiqəsi çərçivəsində hazırlanıb