Azərbaycan derbisi və ukraynalıların dueli

FutbolPressSabah Topaz Premyer Liqasında XX tura start veriləcək. Fasilə öncəsi son turun oyunları iki gün ərzində baş tutacaq. Matçlardan üçü paytaxt Bakıda, biri isə kənarda təşkil olunacaq.

“Keşlə” – “Qəbələ”
13 mart, 15:30
“İnter Arena”

 
Açılış oyunu “İnter Arena”da keçiriləcək. Bu həm də ilk günün yeganə görüşü olacaq. “Keşlə” doğma meydanda “Qəbələ”ni qəbul edəcək. Premyer Liqadakı ukraynalı mütəxəssislərin  – Roman Qriqorçuk və Yuri Maksimovun dueli maraqla gözlənilir.
 
Ötən tur “Kəpəz”lə səfər oyununda 3 xal qazanan “qırmızı-qaralar” Bakıya növbəti qələbə üçün gələcək. Çempionluq yarışında “Qarabağ”ın çox gerisinə düşən Roman Qriqorçukun komandasının riyazi cəhətdən hələ şansı qalır. Bu tur Ağdam klubunun “Neftçi”ylə çətin oyuna çıxacağını nəzərə alsaq, qələbə sayəsində “Qəbələ” fərqi azalda bilər. Hər hansı xal itkisi isə komandanın çempionluğa ümidlərinin bir qədər də azalmasına səbəb olacaq.

6-cı pillə uğrunda mübarizədə “Səbail”dən iki xal geri qalan “Keşlə” də uğurlu nəticəyə ümid edir. Ötən tur dramatik matçda “Neftçi”yə 3:2 uduzan Yuri Maksimovun komandası üçün “Qəbələ” ilə oyunda heç-heçə də yaxşı nəticə sayılacaq. Əyalət təmsilçisinin heç də həmişə stabil olmadığı nəzərə alınsa, sabahkı matçda “Keşlə”nin xal qazanması böyük sürpriz sayılmayacaq. Ancaq bu, o qədər də ciddi ehtimal deyil. “Qəbələ” favoritdi və asan qələbə qazanacağı gözlənilir.
 
Bu komandalar indiyədək 38 dəfə qarşılaşıb. 14 matçda “Keşlə”, 11 görüşdə “Qəbələ” 3 xalı bayram edib, 13 oyunda isə qalib müəyyənləşməyib. Top fərqi 49:38 bakılıların xeyrinədi. “Keşlə” son 9 matçda qələbə qazana bilməyib. Qəbələ təmsilçisi ardıcıl 4 dəfə qalib gəlib.
 
 
“Zirə” – “Səbail”
14 mart, 17:00
Zirə İdman Kompleksinin stadionu

İkinci oyun gününün ilk matçı Zirədə keçiriləcək. Eyniadlı komanda “Səbail”i qəbul edəcək.
 
Mövsümün ikinci yarısının ən zəifi olan “Zirə” üçün debütantla qarşılaşma həqiqət anı olmalıdı. Ardıcıl 5 matçda qələbə qazana bilməyən Ayxan Abbasovun komandası üçün növbəti uğursuzluq 3-cü pillənin əldən verilməsiylə nəticələnə bilər. Buna görə də qəsəbə klubunun qələbə qazanmaqdan başqa yolu yoxdu. İki tur öncə öz meydanında gözlənilmədən zəif “Keşlə”yə uduzan komandanın azarkeşləri ilə barışmaq üçün ən yaxşı imkanı da “Səbail”lə matç olmalıdı. Ümumiyyətlə, “Zirə” üçün uğursuzluq zolağından çıxmaq üçün bundan yaxşı imkan olmayacaq.

Mövsümün ikinci yarısına yaxşı başlasa da, son iki turda məğlubiyyətlə üzləşən “Səbail” də səfərə yaxşı nəticə üçün gedəcək. İstənilən halda, paytaxt derbisində Samir Əliyevin komandasının asan təslim olmayacağı dəqiqdi.
 
Komandalar buna qədər iki dəfə üz-üzə gəliblər. Həmin görüşlərin hər birində “Zirə” üstün olub – 2:1 və 1:0.

 
“Neftçi” – “Qarabağ”
14 mart, 18:00
8 km stadionu

 
Günün ikinci matçı isə həm də mərkəzi xarakter daşıyacaq. Azərbaycan derbisində Neftçi” və “Qarabağ” münasibətlərinə aydınlıq gətirəcək. 8-ci km stadionunda keçiriləcək qarşılaşma olduqca gərgin mübarizə vəd edir.
 
Qış fasiləsindən sonra nəticələrini xeyli yaxşılaşdıran və yalnız bir matçda məğlub olan “Neftçi” liderlə görüşdə də yaxşı nəticəyə ümid edir. Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv 4-cü pillə uğrunda mübarizədə geri qalmamaq üçün güclü rəqibinə uduzmamalıdı. Son iki matçda qələbə qazanan və mövsümün ikinci yarısındakı nəticələrinə görə yalnız “Qarabağ”la “Sumqayıt”dan geri qalan “ağ-qaralar” bunun təsadüf olmadığını da məhz son çempionla görüşdə sübut etməlidi.

Ən yaxın izləyicisi “Qəbələ” ilə 10 xallıq fərq yaxalayan Ağdam klubu isə derbidə qalib gəlməklə çempionluğa bir qədər də yaxınlaşmaq iddiasındadı. “Zirə” ilə son matçda bir neçə əsas heyət üzvünə istirahət verən Qurban Qurbanovun da bu görüşə ciddi önəm verdiyi görünür. Rəqiblərini əsasən asanlıqla məğlub edən Ağdam klubu bu görüşün də favoriti sayılır. Ancaq “Neftçi”nin yüksəlişi, matçın adı “Qarabağ”ın çətinliklə üzləşəcəyini deməyə əsas verir.
 
Bu komandalar indiyə qədər 70 dəfə üz-üzə gəlib. 27 dəfə “Qarabağ” 3 xal əldə edibsə, 18 halda “Neftçi” qələbəyə sevinib. 25 oyunda isə qalib müəyyənləşməyib. Top fərqində 76:63 “süvarilər”in üstünlüyü var. “Neftçi” son 8 matçda qələbəyə həsrətdi. Ağdam klubu bu görüşlərin hamısında qol vura bilib.
 

“Sumqayıt” – “Kəpəz”
14 mart, 20:00
Sumqayıt. Şəhər stadionu

 
Bağlanış oyunu paytaxtdan kənarda keçirilən yeganə görüş olacaq. Sumqayıtda eyniadlı komanda autsayder “Kəpəz”i sınağa çəkəcək.
 
Son vaxtlar əla formada olan “Sumqayıt” qərb təmsilçisiylə görüşün aşkar favoriti sayılır. Samir Abasovun komandası üçün bu matçda qəbələdən başqa istənilən nəticə uğursuzluq sayılacaq. 3-cü pillə uğrunda mübarizəyə qoşulan “Gənclik şəhəri” təmsilçisi qalib gələcəyi halda hətta “Zirə”ni geridə qoya da bilər. Bu həm də qəsəbə klubunun “Səbail”lə görüşünün nəticəsindən asılı olacaq. Mövsümün ikinci yarısını daha çox minimal hesablı məğlubiyyətlərlə keçirən “Kəpəz” üçün isə “Sumqayıt” səfərində uduzmamaq yaxşı nəticə sayılacaq. Heç cür sonuncu pillədən yaxasını qurtara bilməyən gəncəlilər ən azı yaxşı formada olan rəqibinə ciddi müqavimət göstərmək əzmindədi.
 
Bu, komandaların 19-cu dueli olacaq. Əvvəlki görüşlərin 7-də “Sumqayıt”, 5-də isə “Kəpəz” qələbə qazanıb.6 matçda qalib müəyyənləşməyib. Top fərqi 25:20 “klimyaçılar”ın xeyrinədi.

“FutbolPress”

Məqalə AFFA yanında Media Komitəsinin müsabiqəsi çərçivəsində hazırlanıb