III YAZI
Azərbaycan futbolundakı problemlərdən bəhs edərkən adətən uşaq futbolundakı durumun ürəkaçan olmaması xüsusi qeyd edilir. Düzdür, bununla bağlı kifayət qədər cəhdlər olub, var. Vaxtilə, “Xəzər Lənkəran”, “Bakı”nın nümunəsində artıq tarixin yaddaşına köçən klublar uşaq futbolu, akademiya işinə ciddi yatırımlar etdi. Mahir Emreli, Namiq Ələsgərov, Toral Bayramov kimi ölkədə kifayət qədər sayılıb-seçilən futbolçular da həmin prosesin nəticəsində yetişdi. Son illər isə “Qəbələ” futbol akademiyasında görülən sistemli iş, orada bacarıqlı oyunçuların üzə çıxmasına imkan yaradır.
Premyer Liqanın ən gənc klubu “Sabah” isə bu mövzuda fərqli və yeni yanaşma sərgiləyir – dünya praktikasından geniş istifadə. Paytaxt təmsilçisi 2019-cu ildən akademiyasını xorvatlara, dünyaca məşhur “Dinamo Zaqreb” Akademiyasının mütəxəssislərinə həvalə edib. Elə həmin ildən Bakıya gələn “Sabah”ın akademiyasının koordinatoru Adino Mustedanaqiçlə əlaqə saxlayıb, geridə qalan müddətdə görülən işlər, Azərbaycan uşaq futbolunun durumu barədə söhbətləşdik…
(Əvvəli burada)
– “Dinamo”dan “Sabah”ın gəncləri mütəmadi izlənirmi? Xüsusi bəyənilən bir gənc oyunçunun olması barədə sizdə məlumat var?
– Bəli, “Dinamo Zaqreb” gənc oyunçuları daim və hər yerdə izləyir. Ancaq onlar oyunçunu seçərkən təkcə onun potensialına diqqət yetirmirlər. Əlbəttə, oyunçunun istedadı, potensialı əsas təşkil edir. Lakin bununla yanaşı, onun bu potensialı, öz maksimum bacarığını hansı ardıcıllıqla göstərə bilməsi, stabilliyinə də ciddi önəm verirlər. Bizdə potensiallı, yüksək keyfiyyətlərə malik oyunçular var. Lakin “Dinamo” kimi klubların seleksiya xidmətinin diqqətini çəkmək üçün öz maksimumunu daha çox oyunda, daha uzun müddətə ortaya qoymalıdırlar.
– AFFA-nın təşkil etdiyi liqalarda “Sabah”ın komandaları bir qayda olaraq yuxarı sıralarda qərarlaşır. Xüsusilə daha aşağı yaşlılarda vəziyyət çox yaxşıdı. Uşaq liqalarında nəticənin elə də önəmli olmadığı deyilir. Siz də bu fikirdəsiz?
– İlk olaraq, biz nəticələrin fəlsəfəsini anlamalıyıq. Futbol oyununda ilk növbəli məqsəd qol vurmaq, daha sonra əlavə bir qol üçün oynamaqdı. İstər 5, istər 14, istərsə də 50 yaş olsun, bütün oyunçuların futbol oynayan zaman etməyə çalışdıqları əsas şey budur. Bu, ümumən idmanın təməlidir və əgər bu təməldirsə, deməli, çox önəmlidir. Haqqında danışmalı olduğumuz digər şey pozitiv nəticələr əldə etməkdir. Uşaq və gənclər liqalarında pozitiv nəticə məşqçinin əsas fokusu olmalıdır? – Burada “xeyir” deməliyəm. Çünki gənc oyunçularla işləməyin təməlində onların inkişafının hansı səviyyədə olduğunu anlamaq, fərdi olaraq hər bir oyunçuya uyğun olan məşq, oyun elementlərini tapmaq və uzunmüddətli periodda bunun davamlılığını təmin etmək dayanır. Gənclərin inkişafı zamanı çox vaxt belə şeylər baş verir: bir oyunçu digərinə nisbətən fiziki olaraq daha sürətli inkişaf edir, böyüyür. Biz bu halda sadəcə oyun nəticələrinə köklənsək, bəlkə də, inkişaf edə biləcək çox böyük istedadları itirə bilərik. Ona görə fikirlər və yanaşma ikilidi. Mən nəticələr barədə bunu deyə bilərəm ki, bəli, nəticələr çox önəmlidi, həm də xeyir, çünki bu, bizim böyük istedadları itirməyimizə səbəb ola bilər. Bu səbəbdən aşağı yaş liqalarında nəticələri qısa müddətlik yox, uzun müddətlik dəyərləndirməliyik.
– Bəs uşaqların qalib psixologiyada böyüməsi nə dərəcədə önəmlidi?
– Əlbəttə ki, xüsusilə bu yaşlarda psixologiya və onun qayğısına qalıb inkişaf etdirmək çox önəmlidir. Lakin bunun başqa tərəfi də var. Biz həmçinin başa düşməliyik ki, psixologiyanın “yemlənməsinin”, formalaşdırılmasının əsas hissəsi, oyunçuların uğursuzluğa, çətinlikliklərə necə rekasiya göstərmələri, bununla necə davranmalarıdır. Bu, yaxşı və güclü beyin inşa etməklə bağlıdır: uduzmaq, uğursuzluq və s. kimi çətin anlarda belə, qalib gəlməyə fokuslanmağı bacaran beyinlər formalaşdırmaq. Beləliklə, bəli, qalib psixologiyası önəmlidir, amma daha önəmlisi onun məntiqini anlamaqdır. Uğursuzluqdan sonra güclü beyinlə onun hdəsindən gəlməyi bacarmaq – psixoloji dayanıqlılıq daha vacibdi.
– “Sabah” uşaq komandalarını vaxtaşırı beynəlxalq turnirlərə göndərməyə xüsusi əhəmiyyət verir. Oxucular üçün bunun da fəlsəfəsini açardınız…
– Əslində, bu, çox sadədir. Ümumən, oyunçular bir-birinə nəzərən dəyərləndirilir. Xüsusilə də, Azərbaycan kimi ölkələrdə bir məsələyə diqqət etmək çox önəmlidir ki, gənc futbolçular komfort zonaya düşüb, özlərinin digərlərindən yaxşı olmasına arxayınlaşmasınlar. Məsələn, düşünürlər ki, biz liqada çempion olmuşuqsa, çox yaxşıyıq. Bəli, ölkə sərhədləri daxilində çox yaxşıdırlar. Amma beynəlxalq turnirlərə gedəndə çətinliklər, neqativ, yaxud pozitiv şeylər daha qabarıq üzə çıxır. Çünki xaricə gedəndə komfort zonadan çıxmış olursan və güclü komandalarla qarşılaşmaqla zəif nöqtələrini üzə çıxarırsan. Ölkəyə qayıdanda həmin zəiflikləri, mənfiləri yadda saxlayıb, üzərində işləməyə fokuslanırsan. Bu, işin konkretlilik əmsalını artırır, problemi daha qabarıq görəndə onun həlli istiqamətində fəaliyyətin də daha birbaşa olur.
– “Sabah” ölkənin müxtəlif bölgələrində seleksiya işləri aparır. Seleksiya nəticələri ürəkaçandı?
– Bəli, biz harada mümkündürsə, orada seçimlər etməyə çalışırıq. Ki, Azərbaycandakı istedadlara çataq. Top-talantlar çox nadirdir, ancaq biz onları harada olsa, tapmağa çalışırıq. Mən işlərin mövcud gedişatından razıyam. Lakin nəticələr yalnız bir neçə ildən sonra görülə biləcək. Qeyd edilməli olan bir məqam da var ki, Azərbaycan əhalisinin az qala yarısı paytaxtda cəmləşib. Ona görə də Bakı seçimlər üçün ən önəmli nöqtədir. Biz “Sabah” – gənc klub olaraq hələ də tam şəkildə belə deyək, bazardakı yerimizi tutub, göstərə bilməmişik. Çünki bizdən daha populyar klublar var. Ancaq düşünürəm ki, yaxın zamanda, hətta bu mövsümdən etibarən biz ölkə futbolunda daha önəmli faktora çevrilirik. Ümid edirəm ki, bizim əsas komandamızın oyunu və “Dinamo Zaqreb”llə akademiya səviyyəsində əməkdaşlığımız, futboldakı çatşmazlıqları inkişaf etdirməyə çalışmağımız, bu işə enerji və sevgi sərf etməyimiz valideynlər tərəfindən görüləcək və uşaqlarını bizə həvalə edəcək. Bu, onlara inam bəxş edəcək ki, bizim hekayəmizin bir parçasına çevrilsinlər.
– İşin düzgün qurulması ilə yanaşı istedad da əhəmiyyətlidir. Azərbaycan tarixən futbol ölkəsi sayılmayıb, burada daha fərqli idman növləri inkişaf edib…
– İstedad universal bir şeydir. İnanıram ki, dünyanın hər yerində mövcuddur. Azərbaycanda da çoxlu istedadlar var. Mən onları görmüşəm və görürəm. Düşünürəm ki, hər bir ölkə kimi, Azərbaycanın da futbolda potensialı var.
– Konkret “Sabah”ın akademiyasında gələcəyinə böyük ümidlər bəslədiyiniz neçə uşaq, gənc var? Ad çəkə bilərsizinizmi?
– Bu sualı xoşlamıram. Eynilə cavab verməyi də. Çünki düşünürəm ki, gənc oyunçunun inkişafına hər şey təsir edir. Xüsusilə də, onlar ilk addımlarını atanda və ya yeni bir mərhələnin kandarında olanda çox incə, kövrək dövr yaşayırlar. Burada təkcə keyfiyyət yox, həm də kəmiyyət önəmlidir, yəni ən üst səviyyədə performansını nə qədər və neçə müddət göstərə biləcəksən. Düşünürəm ki, istedadlı saydığım oyunçularda yaxşı göstərici odur ki, onların öz səviyyələrindən necə yuxarı qalxdıqlarını görə bilirəm. Bu, mənim çox qiymətləndirdiyim bir istedad göstəricisidir.
– Azərbaycanlı futbolçular ölkə xaricində çox tab gətirə, uzun müddət qala bilmir, adətən 6 ay, 1 il sonra geri qayıdırlar. Gələcəyin futbolçusu olacaq uşaqları necə yetişdirmək lazımdı ki, onlar ölkədən kənarda oynayanda daha rahat uyğunlaşa bilsinlər?
– Düşünürəm ki, bunun baş verməsinin səbəbi Azərbaycan və hansısa digər ölkə arasında olan mədəniyyət fərqidir. Bilirəm ki, Türkiyə mədəniyyət cəhətdən Azərbaycana kifayət qədər yaxındır. Türkiyəni misal olaraq ona görə göstərdim, çünki elə də böyük mədəniyyət fərqi yoxdur. Çalışacağam, xaricdə oynamaqla ayaqlaşmaq üçün nə edilməli olduğuna cavab verim. Düşünürəm ki, azərbaycanlılar mentalitet olaraq çox emosionaldırlar, evə, ailəyə, dostlara çox bağlıdırlar. Ona görə də gənc yaşda oyunçu kimi xaricə köçəndə bu kimi faktorların qayğısına qalmaq lazımdı. Məsələn, orada onlara sosial dəstək və sosial ətraf mühit olmalıdır. Bu, bəlkə həmin ölkədə yaşayan azərbaycanlılar tərəfində təmin olunmalıdır. Ki, özünü tək hiss etməsin. Məsələnin futbol tərəfinə gəldikdə, təbii ki, əgər sən oyun səviyyəsi aşağı olan bir ölkədən, daha yuxarı olan birinə gedirsənsə, bu böyük bir fərq deməkdi. Ona görə düşünürəm ki, Azərbaycan ilk növbədə öz futbol sistemini təkmilləşdirməlidir ki, Azərbaycan və digər bir ölkə arasındakı fiziki intensiv boşluq kiçilsin, bu da öz növbəsində xaricə gedən oyunçular üçün vəziyyəti asanlaşdırsın.
– Ümumiyyətlə rasional əsaslarda davam edən söhbətimizin sonunda utopik bir sual verəcəm. Əlinizdə “sehrli dəyənək” olsa, bu uzun müddət və çoxlu enerji tələb edən prosesi yüngülləşdirməyiniz üçün Azərbaycan uşaq futbolunda ilk nəyi dəyişərdiniz?
– Hmm, “sehrli dəyənək”… Belə deyək, buna inanmıram və yenə rasional cavab verməyə çalışacam. Mən vizyon, çoxlu çalışmağa və bağlılığa inanıram. Əgər Azərbaycan futbolunda bu üçünün olması mümkündürsə, xüsusilə, uzunmüddətli vizyon və düşünmə, hesab edirəm ki, elə bu “sehrli dəyənək” sayıla bilər. Bu, bir gecə ərzində baş verən bir şey deyil. Bilirəm ki, kamp Azərbaycandakı bütün oyunçuların təcrübə etdiyi bir şey deyil. Amma mən çalışacam, bunu dəyişim ki, akademiyamızın hamısı bir yerdə ola bilsin. Bizim konkret bir kampımız, məşq mərkəzimiz yaxud bazamız yoxdur, həmişə müxtəlif məkanlarda işləyirik, buna görə də bu, işimizi tənzimləməyi, əlaqələndirməyi çətinləşir. Kamplar təşkil edilməsi yaxşı olur, çünki bu zaman biz oyunçuları bir yerə toplaya, onları uzun müddətli görə, daha yaxından tanıya bilirik. Bu məqamalar təkmilləşsə və yuxarıda qeyd etdiyim üç amil mövcud olsa, ciddi inkişafa nail olmaq mümkündü.
Faiq Tahirov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.