Medianın İnkişafı Agentliyinin layihəsi
VII YAZI
Müasir dövrdə narkomaniya bütün dünyada narahatlıq doğuran qlobal problem kimi bəşəriyyətin qarşısında durmaqdadır. Faciəvi nəticələrə səbəb olan narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına deyil, həm də mənəviyyatına ciddi zərbə vurur.
(Əvvəli burada) Narkomaniya ilə mübarizədə məktəbin imkanlarının nədən ibarət olduğunu müəyyən etmək üçün beynəlxalq təcrübəyə istinad etmək lazımdır. Məktəbdə gənclərə yönəlmiş mövcud yanaşmalar öz effektivliyini müasir tələblərə uyğunlaşdırmalıdır. Gənclərin iyerarxik strukturlardan istifadə etməyən daha yaradıcı yanaşmalara ehtiyacları var.
Avropada yeniyetmə və gənclər arasında narkomaniyanın qarşısının alınması üzrə bir çox proqramlar həyat keçirilir. Buna nümunə kimi həyatın inkişafına dair yeni bacarıqların öyrədilməsinə və standart yanlış təsəvvürlərin aradan qaldırılmasına yönələn “Unplugged” proqramını göstərmək olar. Almaniyada hazırlanmış, İngiltərədə sınaqdan keçirilmiş “Rebound” proqramı (“Ricochet”) da bu nümunələrdən biridir.
Həmin proqramların pozitiv tərəfi onların narkotik və psixoaktiv maddələrin qəbulu ilə bağlı aydın təsəvvür formalaşdırması, öyrənməyi və müdafiə olunmağı təşviq etməsi, qoruyucu və tərbiyəedici təhsil mühiti yaratmasıdır. Mübarizə ideyalarının icrası zamanı sübutlara əsaslanan, insanı zərərli vərdişlərə yönəltməyən üsullardan istifadə olunur.
Ötən əsrin 80-ci illərində ABŞ-da bütün əvvəlki tədbirlərdən daha yaxşı nəticə verən narkomaniyaya qarşı ümummilli kampaniyanın uğurunun əsas səbəbi onun məqsədinin düzgün müəyyən edilməsi idi. Məqsəd gənclərdə narkotiklərə qarşı laqeyd və ya mənfi münasibətin formalaşdırılması idi ki, buna da məktəblərin köməyi ilə nail olundu. Prosesə müəllimlərlə yanaşı, ölkədə tanınmış və nüfuzlu şəxslər (sənət adamları, idmançılar, siyasətçilər, iş adamları, polislər) cəlb edildi. Həmin proqram hələ də davam etməkdədir.
Pandemiyanın idmana təsiri və narkomaniya qarşı mübarizə
Azərbaycanda narkomaniyaya qarşı mübarizədə idmanın rolu xüsusilə son illərdə qabardılmağa başlanıb. Dünyanı cənginə alan COVID-19 pandemiyası bəhs etdiyimiz həssas mövzuda yan təsirlərini göstərdi. Bu səbəbdən idmandan uzaq düşən idmançıların bəzisinin metamfetamindən istifadə etdiyinə dair faktlar aşkarlandı. Bu məsələdə sosial şəbəkələrin və mətbuatın qınama/maarifləndirmə istiqamətində rolu əhəmiyyətli oldu. Müvafiq qurumların sosial çağırışlara reaksiyası, operativ tədbirlər sözügedən aşkarlanmaların nə dərəcədə faydalı olmasını büruzə verdi.
2019-2022-ci illərdə bir çox idmançının adı narkotiklə bağlı xəbərlərdə hallandı. 2019-cu ildə taekvandoçu Nicat Fərəcovun narkotikdən istifadə edərək onu yayımlaması, 2020-ci ilin yanvarın 23-də Quba şahmat məktəbinin direktoru Pərviz Zeynalovun narkotik vasitələrin satışına görə həbs edilməsi, 2015-ci ildə gənclər arasında Avropa çempionatında 62 kq çəki dərəcəsində bürünc medal qazanan ağırlıqqaldırma komandasının üzvü Allahyar Abışovun el arasında “patı”, “şüşə” kimi tanınan metamfetaminin qurbanı olması , son olaraq Minsk-2019 II Avropa Oyunlarının qalibi və gənclər arasında dünya çempionu olmuş güləşçi Mahir Əmiraslanovun narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilərək həbs edilməsini qeyd etmək olar.
Azərbaycan hökuməti bunun qarşısını almaq üçün xüsusilə 2021-ci ildə həm güc strukturları, həm də media və idman təşkilatlarının iştirakı ilə narkomaniyaya qarşı genişmiqyaslı mübarizəyə başladı. Bütün bu tədbirlərə 2021-ci ilin iyul ayında Astara Rayon Polis Şöbəsinin və Astara Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə narkomaniya ilə mübarizə çərçivəsində yeniyetmələr, gənclər və böyüklər arasında klublararası açıq turnir, həmin ilin oktyabr ayında Masallıda “Narkomaniya ilə barışma” adlı təlim, noyabrda Azərbaycan Mətbuat Şurasının, Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya ilə mübarizədə medianın və idmanın rolu” mövzusunda “dəyirmi masa”sını misal göstərmək olar. Bu kampaniyalar Dövlət Proqramı çərçivəsində həyata keçirilirdi. Olimpiya çempionu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi Zemfira Meftahətdinova, cüdo üzrə dünya çempionu Elxan Məmmədov, kiqboksinq üzrə dünya çempionu Ehram Məcidov, “Məhsul” İdman Cəmiyyətinin Uşaq Gənclər İdman Mərkəzinin direktoru Niyazi Məmmədov, “Olimpiya dünyası” qəzetinin baş redaktor müavini Aslan Şirəliyev, Dünya Narkotiklə Mübarizə aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin katibi Gülnarə Məlikova narkomaniyaya qarşı mübarizə tədbirlərində iştirak etdilər. Hazırda da bununla bağlı tədbirlər davam edir.
Narkomaniyaya qarşı mübarizədə əsas məsələ cəmiyyətin düşüncəsində inqilab yaratmaqdır. Cəmiyyətin bu mövzuda stereotipəridən biri: adətən, narkomanlar ölkədə qurban kimi deyil, daha çox cinayət törətmiş şəxs kimi təqdim olunur. Bu səbəbdən hüquq müdafiəçisi Elşən Həsənov ümumdünya standartlarına uyğun olaraq, Azərbaycanda narkomanlarlarn xəstə kimi tanınmasını təklif edir. Yəni, onlar üçün müalicə könüllülük əsasında olmalı, kompleks tibbi və psixososial müayinə və müalicə aparılmalıdır. O, fəal penitensiar sistemdə narkotik maddə aludəçilərinin müalicəsinə ayrılan vəsaitin bölüşdürülməsini və onlara tibbi yardım prosedurlarına ictimai nəzarətin tətbiq olunmasını təklif edir. Buna qurşanan şəxslərin idmançıların yenidən cəmiyyətə inteqrasiya etməsini formalaşdırmaq mümkündür. Bunun üçün idman yarışları və sosial tədbirlərlə yanaşı, cəmiyyətdə bu bəlaya qurşanmış adamlara da münasibətin dəyişməsi vacibdir. Bu üç prinsip üzərindən mübarizə cəmiyyətin sağlam formada inkişafı üçün əlimizdə əsaslı proqram formalaşdıra bilər. Digər hallarda isə bu yarımçıq proqram istədiyimiz nəticəni verməyəcəkdir.
Yekun
İdmanın insanları narkomaniyadan, psixotrop maddə istifadəsindən uzaqlaşdırması tibbi olaraq da sübut edilmişdir. Psixoloqlar bildirir ki, mütəmadi olaraq idman etmək bəzi hormonları artırır və fərdi aludəçilikdən uzaqlaşdırır. Çünki bu maddələr ilk növbədə insan bədənində hormonal disbalans yaradır. Məsələn, narkotik vasitələr insanın özünü yaxşı hiss etməsinə səbəb olan dopamin hormonunu beyində az müddətdə 10 dəfəyə qədər artırır. Bu, fərdi yenidən həmin maddəni istifadəyə sövq edir. Müəyyən müddət keçdikdən sonra isə beyin həmin dozaya öyrəşdiyi üçün dopamin səviyyəsi azalır və aludəçi maddədən daha çox istifadəyə yönəlir. Mütəxəssislər bildirir ki, bu zaman fərqli fəaliyyətlər, xüsusən maddələr mübadiləsi və hormon balansını tənzimləməkdə əvəzedilməz olan idman işə yaraya bilər.
Araşdırmalar göstərir ki, çox aşağı yaşlardan etibarən idman fəaliyyətləri ilə məşğul olanlar alkoqol və narkotik maddələrə daha az meyil edir. Bu, yeniyetməlik dövründə də davam edirsə, zərərli vərdişlərə yönəlmə minimal həddə qədər enir. Ərgənlik dönəmində fərdlər yeni həyəcan axtarmağa, fəaliyyət müxtəlifliyinə meyilli olurlar. Bu zaman idman onlar üçün əvəzedilməz xarakterlidir. Çünki yarış psixologiyası, daim mübarizə onları həyəcanlandırır, adrenalin səviyyəsini artırır, rəqabət mühiti yeniyetmələri başqa, xüsusilə zərərli vərdişlərə yönəlməlməkdən çəkindirir. Onların bir hədəfi, məqsədi olur, buna uzanan yolda narkotik maddələrin maneə olduğunu dərk edir və uzun periodda bundan uzaqlaşırlar. Yeniyetməlik dövründə zərərli vərdişlərdən uzaq qalan fərdlərin sonradan bunlara yönəlmə faizi olduqca aşağıdır.
İdmanla birgə fərdin özünəinamı artır, depressiv yönəlmələrdən uzaqlaşır, empatiya hissi yaranır, zamanını daha doğru idarə etməyə başlayır, bütün bunlarla yanaşı yaşadığı uğursuzluqlara qarşı mübarizə aparmaq bacarığı yüksəlir. Kobud ifadə ilə idman özü mübarizə təlqinidi. Digər tərəfdən, istər fərdi, istər komanda növlərində uşaq, yeniyetmə və gənclər fərqli bir mühitə düşürlər. Ki, orda hər hansı uğursuzluq fonunda müəllimlərindən, digər yoldaşlarından dəstəyi daim hiss edirlər.
Uşaq və gənclər fəaliyyət müxtəlifliyinə meyilli olduqlarından eynilikdən tez bezirlər. İdman isə hər dəfə yeni mübarizə, çağırışlar təklif edərək, onları boşluq və rutinlərdən uzaqlaşdırır, prosesin özü isə beyindəki hormonları artıraraq, yaxşı hiss etmələrinə, əlavə təsirlərə ehtiyac duymamalarına səbəb olur.
Tural Həmid
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.