Adil Şükürov məğlubiyyətdən sonra nələr dedi?

Azərbaycan Premyer Liqasının XXXV turu çərçivəsində keçirilən “Kəpəz” – “Zirə” oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırıb:

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Azarkeşlərimizə təşəkkür edirəm ki, bizi sona qədər dəstəklədilər. Onlar böyük ürəyə sahibdirlər. Oyundan sonra futbolçularıma təşəkkür etdim ki, sona qədər mübarizə apardılar. Bizim qazancımız komandanın psixoloji sağlam olmasıdır.

– Rəqibin qolundan öncəki epizodla bağlı nə deyə bilərsiniz?
– Olub da, nə deyə bilərəm? Rəvan Həmzəzadəni akademiyadan tanıyıram. Yaxşı hakimdir. Allahdan arzu edirəm ki, o hər zaman yüksələrdə olsun. Futbol oynamağa imkan yaradır.

– İtkilər məğlubiyyətlərdə nə dərəcədə rol oynayır?
– “Sumqayıt”la oyundan sonra itkilərimiz olmağa başladı. Sonda özümüz çıxıb meydanda oynayacağıq (gülür). Ona gedir işlər.

– Komandanın iddiası qalmayıb. Futbolçuları oyunlara necə motivasiya edirsiniz?
– Futbolçular barədə danışırıqsa, onlarla başqa klublar maraqlanırsa, bu, bizim üçün fəxrdir. Onlara izah edirik ki, bunu siz qazanmısınız. Qazandığınızı ucuz yerlərə xərcləməyin.

– Rəşad Sadiqovla sonda aqressiv görüşdünüz. Bunun səbəbi nə idi?
– Hamını təbrik edib meydançadan çıxdım. Elə görüşməyimiz ərkiyanə ola bilər. Kişi kimi əllərini sıxıb təbrik etdim. Çünki biz kişi ilə oynayırıq. Kənardan səhv başa düşülə bilər.