Azərbaycan Premyer Liqasının XXXV turunun “Sabah” – “Sumqayıt” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Oyunçularımı təbrik edirəm. Fantastik oynadılar. Bütün güclərini qoyub, qələbə qazandılar. Üç xala layiq idik. İlk dəqiqədən sona qədər yaxşı olan tərəf biz idik. Əlbəttə, təzyiq altında olanda oynamaq asan deyil. Nəyə görə təzyiq altında idik? Məqsədimiz var və bu, ikincilikdir. Futbolçularım bu gün cavablarını inanılmaz verdilər.
– Dediniz ki, ən yaxşı tərəf siz idiniz. Ancaq hər iki hissənin əvvəlində “Sumqayıt” üstün göründü.
– Fikrimcə, bütün oyunu yaxşı oynadıq, onlara təzyiq göstərdik. Yanılmıramsa, sadəcə bir qol fürsətləri oldu.
– İkincilik istəsəniz də, növbət oyunda qələbə qazanmağınıza baxmayaraq, “Zirə”nin xal itirməsini gözləməlisiniz. “Səbail”in onlardan xal alacaqlarını düşünürsünüz?
– Niyə də yox? O qədər belə şeylər görmüşük. Favoritlər də xal itirə bilir. “Neftçi”ni məğlub etmək üçün hər şey edəcəyik. Bu oyun çox ağır olacaq. Nə üçün qələbə qazanmayaq?
– Anatoli Nuriyev bu gün oyuna yaxşı qoşuldu. “Neftçi” ilə matçda start heyətdə ola bilər?
– Anatoli Nuriyev zədədən yeni qayıdıb. Namik Ələskərov da uzun fasilədən sonra əsas heyətdə meydana çıxdı. Əlbəttə, bəzi oyunçular fiziki cəhətdən hazır deyillər. Bir komandayıq. Bəzilərimiz 30, bəziləri 60 dəqiqə oynayır. Nuriyev bu gün oyunun taleyini həll etdi.
– Kahim Parris və İshak Belfodil son matçda meydanda olacaq?
– Xeyr. Belfodil oynamayacaq, zədəsi var. Parrisi isə indiki halda bilmirəm. Ümid edirəm ki, hazır olacaq. Bilməlisiniz ki, zədəlilərimiz çoxdur.
– Avrokuboklara gedə bilməsəniz, ötən turdakı məğlubiyyətə görə özünüzü, yoxsa futbolçuları günahlandıracaqsınız?
– Razı deyiləm sizinlə. Bu komanda iki ay əvvəl 8-ci yerdə idi. İndi son 6 oyunda 5 qələbə qazanmışıq. Avrokuboklara gedə bilmək üçün şanslarımız da var.
– Şanslar da 50/50-dir…
– Xoşbəxtik, hər şey özümüzdən asılıdır. Qələbə qazansaq, avrokuboklara gedəcəyik. Üç xal üçün əlimizdən gələni edəcəyik. İki ay əvvəl Avropaya vəsiqə verən yerdən uzaq idik…
– İki ay əvvəli tez-tez təkrarlayırsınız… Ancaq köməkçi məşqçilərin olduğu vaxtda da bir məğlubiyyət var idi. İki ay əvvəl bəhanə deyil…
– Son 9 oyunda 6 qələbə qazanmışıq. Digər klublar da oynayır, qələbə qazanır. Bu, futboldur. Bəzən alınır, bəzən yox. Son saniyəyə kimi mübarizə aparmaq lazımdır. Həyat da belədir, yaxşı çalışsan da, bəzən istədiyin alınmır.
– “Neftçi” ilə oyunda müdafiədə qalıb, nəticəyə oynayacaqsınız, ya hücum futbolu ilə qələbə düşünəcəksiniz?
– Qələbə qazanmalıyıq. Bir variantımız var və o da budur. Hücuma daha çox çıxmağa çalışacağıq. Necə olacağını görəcəyik. “Neftçi”nin də şansları var və onlar da qələbə üçün çalışacaqlar.
– Rəqib baş məşqçi Samir Abasov bildirdi ki, futbolçularınız vaxtı aparırdı. Razısınız onunla?
– Onun nə üçün belə dediyini bilmirik. Bilmirəm, UEFA qaydalarında bu qadağandır? Harda yazılıb ki, belə etmək olmaz?
Şahin Cəfərov