Bədən tərbiyəsi və idman dövlət siyasətinin prioritet istiqaməti kimi

FutbolPressMedianın İnkişafı Agentliyinin layihəsi

IX YAZI

Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu gün Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.

Tarixin məhz 5 mart seçilməsi təsadüfi xarakter daşımır. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb. Həmin zaman ölkəmizdə İdman Fondu təsis edilib.

Heydər Əliyev gənclərin sağlam ruhda tərbiyə alması və əsl vətəndaş kimi yetişməsi üçün əlindən gələni əsirgəməyəcəyini bəyan edib. Ulu öndər həmin zaman idman tariximizdə möhtəşəm uğurların qazanılmasının təməlini qoydu.

1997-ci il iyulun 31-də Azərbaycanın idman tarixində yeni mərhələyə keçid baş verdi. İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçildi. Bundan sonra ölkəmizdə Olimpiya hərəkatı tamamilə yeni bir mərhələyə qədəm qoydu.

Növbəti illərdə “Bədən tərbiyəsi və idman haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanunlar qəbul edildi, ümumən, ölkə idmanının inkişafına xidmət edən qanunvericilik bazası yaradıldı. Eyni zamanda, idmançıların yaşayış səviyyəsi və təlim-məşq şəraiti ildən-ilə yaxşılaşdırıldı/yaxşılaşdırılmaqdadır.

2004-cü ildə “Azərbaycan Respublikasında 2004-2008-ci illər ərzində bədən tərbiyəsi və idmanın inkişafının Dövlət Proqramı” təsdiqləndi. Bu, ölkədə bədən tərbiyəsi və idmanın gələcək illərdə sistemli inkişafının təmin edilməsinə hesablanmışdı.

İdmanın kütləviləşməsi və inkişafı yolunda görülən tədbirlərin davamı kimi dövlət başçısı İlham Əliyev 2005-ci ilin 4 martında Sərəncam imzaladı. Sərəncam “Bədən Tərbiyəsi və İdman Günü”nün müəyyənləşdirilməsini nəzərdə tuturdu. Həmin tarixdən 5 mart böyük coşqu ilə Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.

Prosesin davamı kimi, 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olundu.

Görülən tədbirlər tezliklə öz bəhrəsini verməyə başladı. İdmanı sevən, idmançılara xüsusi həssaslıqla yanaşan dövlət başçısının bu diqqətinin, bədən tərbiyəsi və idmanın dövlət siyasətinin tərkib hissəsi olmasının nəticəsi kimi ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İlham Əliyevin idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları prosesin gedişatını daha da sürətləndirdi, gələcək üçün möhkəm təməllər qoydu. Hazırda təkcə paytaxt Bakıda deyil, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri tikilib, vətəndaşların istifadəsinə verilib.

İndi Azərbaycan dünyada sayılıb-seçilən, özünəməxsus çəkisi olan idman ölkəsi kimi tanınır. Geridə qalan illərdə qazanılan böyük idman uğurları, ölkəmizdə keçirilən mötəbər idman yarışları bunun ən böyük sübutudur. Dünya və Avropa çempionatlarında, Qran-pri yarışlarında və ən əsası, “dördilliyin” ən böyük idman tədbiri Olimpiya Oyunlarında, Paralimpiya Oyunlarında qazanılan medalların, uğurlu nəticələrin sayı ildən-ilə artır.

Azərbaycan idmançıları yeni daha təkmil strategiyanın tətbiq edilməsindən, idmana qayğının daha da artırılmasından sonrakı ilk Olimpiya Oyunlarında – 2008-ci il Pekin Olimpiadasında 7 medal əldə edərək, dünyanın 200-dən çox ölkəsi arasında 38-ci yeri tutdu.

Prezident İlham Əliyevin Sərəncamı ilə “İdman İli” elan edilən 2012-ci ildə uğurun miqyası daha da genişləndi. Həmin il keçirilən London Yay Olimpiya Oyunlarına Azərbaycan idmanın 16 növündə 53 idmançı ilə qatıldı. Olimpiya komandamız ümumilikdə 10 medal əldə etdi. Bu, ölkə idmanı tarixində yeni rekord idi.

2016-cı ildə Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunları isə tarixi nəticə ilə əlamətdar oldu. Ümumilikdə 18 medalla Azərbaycan Olimpiya komandası medal sayına görə yekun sıralamada 14-cü yerdə qərarlaşdı.

Ötən il Tokioda keçirilən Olimpiadada yüksələn xətti davam etdirmək mümkün olmadı. Azərbaycan idmançıları Olimpiya Oyunlarını ümumilikdə 7 medalla başa vurdu. Əlbəttə, bunun da obyektiv səbəbləri oldu. Son illərdə bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası Azərbaycan idmançılarına da təsirsiz ötüşmədi. İdmançılar məhdud şərtlər altında hazırlaşmalı oldular ki, bu da onların idman formasında, yekunda nəticələrində özünü göstərdi. Dövlətin insan həyatını hər şeydən üstün tutan siyasəti, “öncə sağlamlıq” tezisinin prioritet olması ilə görülən tədbirlər təbii olaraq, idman hərəkatı ilə bağlı da haqlı istisnalara səbəb oldu.

***

Ümumilikdə, Azərbaycan idman sahəsində əsl yüksəliş dövrünü yaşayır. Bu təkcə beynəlxalq yarışlarda qazanılan uğurlarla deyil, eyni zamanda artıq həmin turnirlərin ölkəmizdə yüksək səviyyədə təşkili, bunun üçün mükəmməl idman infrastrukturunun yaradılması ilə bağlıdır.

Son illərdə Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu və digər möhtəşəm idman obyektləri tikilib, istifadəyə verilib. Bütün bunlar ölkəmizi beynəlxalq yarışların keçirilməsi üçün ideal məkana çevirib.

Belə möhtəşəm idman qurğularının mövcudluğu 2012-ci ildə futbol üzrə 17 yaşadək qızlar arasında dünya çempionatının, 2015-ci ildə I Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının, qadınlar arasında voleybol üzrə Avropa çempionatının, 2020-ci ildə bədii gimnastika üzrə dünya çempionatının, 2017-ci ildən etibarən “Formula-1” Azərbaycan Qran-prilərinin və digər mötəbər yarışların ən yüksək səviyyədə təşkil olunmasına imkan yaratdı.

Azərbaycan idmanı tarixində ən böyük hadisələrdən biri ötən il AVRO-2020-nin final mərhələsinin üç qrup, bir ¼ final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi oldu. Möhtəşəm yarışa ev sahibliyi edən 12 Avropa şəhərindən biri olan paytaxtımızda həmin oyunlar ən yüksək səviyyədə təşkil edildi. Beynəlxalq futbol qurumlarından gələn bütün geridönüşlər, dünyanın aparıcı media təşkilatlarında gedən məqalələr bunu əminliklə söyləməyə imkan verir.

***

Bayrağımızı  beynəlxalq yarışlarda daim ucaldan idmançılarımız Vətən Müharibəsində də yüksək əzmkarlıq nümayiş etdirdilər, üçrəngli bayrağımızı tarixi torpaqlarımızda yenidən qürurla dalğalandırmaq üçün cəbhəyə yolandılar. İdman sahəsi üzrə ümumilikdə 500 nəfər İkinci Qarabağ Müharibəsində iştirak etdi. Onlardan 54-ü şəhidlik zirvəsinə yüksəldi, 67-si yaralandı. Bu məqam vətənpərvərlik hissləri ilə yetişən Azərbaycan idmançılarının Vətəni canlarından çox sevdiklərinin sübutudur.

***

Bu il də Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü xüsusi qeyd olunur, müxtəlif tədbirlər keçirilir. Gənclər və İdman Nazirliyi fevralın 27-dən 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman həftəsi”nə start verdi. Buna idman federasiyaları da qoşuldu.

Prosesdə Təhsil Nazirliyinin aktivliyi xüsusi qeyd olunmalıdır. Nazirlik paytaxt Bakı ilə yanaşı, ölkənin regionlarındakı məktəblərdə “İdman həftəsi” çərçivəsində tədbirlər, şagirdlər arasında yarışlar təşkil etdi. Həyata keçirilən bu tədbirlərin önəmi xüsusi vurğulanmalıdır. Çünki məktəb, təhsil ocağı sağlam nəsillərin formalaşma prosesində çox önəmli strukturdur və indi görülən işlərin uşaq və gənclərin fiziki və mənəvi inkişafında əvəzsiz önəmi var.

Eyni zamanda idman federasiyaları Gənclər və İdman Nazirliyinin çağırışına qoşularaq prosesdən kənarda qalmadılar. “İdman Həftəsi” çərçivəsində idman federasiyalarının mətbuat katibləri üçün treninqlər keçirildi. Bu isə gələcəkdə idmanın təbliği, insanların idmana cəlbində öz effektini verəcək.

Eyni zamanda, “İdman Həftəsi” çərçivəsində “Şüa” idman kompleksində dövlət qurumlarının xanım əməkdaşları arasında stolüstü tennis turniri keçirildi. Yarış Gənclər və İdman Nazirliyinin Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirildi.

İdman veteranları ilə gənc idmançıların görüşü, səfirliklər arasında şahmat turniri, jurnalistlər arasında “İdman Birləşdirir” devizi altında keçirilən şahmat yarışı, voleybol turniri, şəhid övladları üçün Kiberidman yarışları, nümunəvi çıxışlar və federasiyaların idman sərgisi bu tədbirlər arasında xüsusi qeyd olunmalıdır.

Azərbaycan Respublikası Atletika Federasiyası “İdman həftəsi” çərçivəsində görülən tədbirlərə maraqlı multimedia işi ilə qoşuldu. Beynəlxalq yarışlarda uğur əldə edən atletlərin azarkeşlərə müraciət videoçarxı gənclərdə idmana, sağlamlığa, güc və sürətə maraq yaratma prosesinə ciddi töhfədir.

“İdman həftəsi” çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyi və Göygöl rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə veloyürüş keçirildi. Bu tədbirdə 50-yə yaxın yeniyetmə və gənc iştirak etdi.

Tədbirlər bu gün – Bədən Tərbiyəsi və İdman Günündə də bayram ab-havası şəraitində davam etdirilməkdədir.

***

Ölkə idman siyasətinin ardıcıl düzgün tətbiqi nəticəsində Azərbaycan idmanı zirvə dövrünü yaşayır. İdmanımızın belə inkişaf səviyyəsi uşaq və gənclərin fiziki və mənəvi inkişafına, sağlam gənc nəslin yetişməsinə göstərilən dövlət qayğısının nəticəsidir. Dövlət başçısı səviyyəsində idmana göstərilən qayğı Azərbaycanın qarşıdakı illlərdə daha böyük uğurlar qazanmasının təminatçısıdır.

Faiq Tahirov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.