İdman sağlamlığın qoruyucusudur – bədən tərbiyəsinin əhəmiyyəti

FutbolPressMedianın İnkişafı Agentliyinin Layihəsi
 
Orta məktəblərdə ilk sinifdən başlayaraq fiziki tərbiyə, ibtidai siniflərdən sonra isə bədən tərbiyəsi dərsləri tədris olunur – hətta ali məktəblərdə də idman dərsləri davam etdirilir. Bu, məktəblilərin sağlam fiziki inkişafı, onların pis vərdişlərdən kənar qalması üçün olduqca əhəmiyyətlidir və uşaqların artıq məktəb illərindən idman sahəsinə marağını artırır…
 
Adətən ağır dərslərin sonunda, nadirən isə ortasına salınan bədən tərbiyəsi fənnini uşaqların bir növ istirahəti də hesab etmək olar. İdman müəllimlərinin tapşırıqlarını yerinə yetirən şagirdlər müəyyən bir vaxt bölümündə bir-biriləri ilə yarışır, rəqabət hissləri inkişaf edir. Hər şeylə bərabər isə həm də xoş zaman keçirirlər.
 
Ölkəmizdə bu fənnin tədrisinə xüsusi diqqət ayrılır. Respublika üzrə məktəblərdə şagirdlər arasında müxtəlif idman oyunları keçirilir, qaliblər fəxri fərmanlarla, hədiyyələrlə mükafatlandırılır. Məktəblərin tətili zamanı isə düşərgələr təşkil edilir, şagirdlərin asudə vaxtlarını maraqlı və faydalı keçirməsinə şərait yaradılır.
 
İdman sağlamlığın qoruyucusudur
 
Məktəbdə bədən tərbiyəsi və idman dərsinin tədrisi, şagirdlərin buna necə yanaşması haqda bu fənnin icraçısı müəllimlə danışdıq. Sumqayıt şəhərində 27 nömrəli məktəbdə idman müəllimi kimi çalışan Vəli Vəliyev bədən tərbiyəsi fənninin tədrisi haqda bunları söylədi:
 
“Fiziki tərbiyənin tədrisi iki yerə bölünür: Dərs və dərsdən kənar məşğələlər. Dərslər dövlət tərəfindən proqlaşdırılmış şəkildə keçirilir. Əlavədə isə uşaqlar seçidkləri idmanla məşğul olmaq istəyir. Fiziki tərbiyə böyüməkdə olan gənc nəslin ümumi tərbiyəsinin tərkib hissəsidir. Onların fiziki inkişafı və sağlam yetişməsi orta və ali məktəblərdə fiziki tərbiyə dərslərin və müəllimlərin öhdəsinə düşür. Qədim yunan filosofu Hippokratın dediyi kimi: idman sağlamlığın qoruyucusudur”.
 
Müəllim şagirdlərin fiziki tərbiyə dərslərinə böyük maraq göstərdiklərini, bu fənni sevdiklərini bildirdi. O, tədris zamanı şagirdlərdəki bacarıqları görüb, onların sevdikləri sahədə peşəkar olması üçün çalışdıqlarını və yönləndirdiklərini qeyd etdi:
 
“Mənə elə gəlir ki, idman dərsini sevməyən şagird yoxdur. Onlar bu fənnə sevə-sevə gəlirlər. Digər dərslərə nisbətən fiziki tərbiyəni daha çox sevirlər. Onların idmanda qabiliyyətlərinə fikir veririk, nəyin daha yaxşı olduğuna nəzər yetiririk. Həm də çalışırıq ki, uşaqlardakı istedadı gördükdən sonra valideynlərini məktəbə dəvət edək, bunu onlara göstərək. Həvəsli və bacarıqlı gəncin sevdiyi idman növü üzrə daha peşəkar məşğul olmasını onun valideynlərinə bildirməyə çalışırıq. Bu, bizim borcumuzdur”.


 
Vəliyev Sumqayıt şəhərində məktəblər arasında müxtəlif idman növləri üzrə yarışların təşkil olunduğunu söylədi:
 
“Sumqayıtda tez-tez məktəblər arasında yarışlar keçirilir. Şəhər üzrə 2021-2022 tədris ilində bir neçə turnirlərdə iştirak etmişik. 27 nömrəli məktəb olaraq atletika, voleybol yarışlarına qatılmışıq. Həm oğlan, həm qız komandalarımız demək olar bütün idman növləri üzrə yarışlara qatılır. Yüksək nəticələrimiz olub. Voleybol üzrə şəhər birinciliyində həm oğlan, həm qız komandalarımız ikinci yeri tutub. “Şuşa ili”nə həsr olunmuş turnirdə oğlanlarımız 2-ci, qızlarımız 3-cü olub”.
 
Həmsöhbətimiz Azərbaycanda idmana verilən dəyər və bunun üçün yaradılan şəraitin şagirdlərdə bədən tərbiyəsinə marağı artırdığını bildirdi:
 
“Uşaqlar bu fənnə böyük maraq göstərir. Onlara bunu sevdirən ölkəmizdə idmana verilən dəyər və geniş şəraitin olmasıdır. Azərbaycan müstəqillik əldə edəndən sonra bütün bölgələrimizdə idman kompleksləri istifadəyə verildi. Artıq gənclərimiz bu obyektlərdən rahat faydalana bilər. 2015-ci ildə Avropa Olimpiya Oyunlarına ev sahibliyi etdik və orada gənclərimizin göstərdiyi nəticələr sevindirici oldu. Ümumiyyətlə, Azərbaycan gəncləri Olimpiya və dünya birinciliklərində yüksək nailiyyətlər əldə edib. Burada mütəxəssislərimizin, müəllimlərimizin böyük rolu var. Onlar gənclərə qayğı ilə yanaşırlar”.
 
Cəmiyyətdə bəzən belə bir düşüncə ortaya çıxır ki, bədən tərbiyəsi lazımsız fəndir və uşaqların buna ehtiyacı yoxdur. Belə olan halda, istər-istəməz şagirdlər də diqqətini digər fənlərə yönəldilir və bədən tərbiyəsi sadəcə cədvəldə yer tutmaqdan başqa bir şey olaraq görülmür. Vəliyev bu məsələyə belə yanaşır:
 
“Valideynlər özləri tez-tez bizlə maraqlanır, övladlarının hansı idmana daha həvəsli, bacarıqlı olduğunu öyrənirlər. Biz də lazımi istiqamətdə onları yönləndiririk. Şükürlər olsun ki, nəticələr də əldə olunur. Valideynlər də bizə öz razılığını bildirir. Bu, bir müəllim olaraq bizim vəzifə borcumuzdur. Hərdən elə valideynlər də olur ki, uşaqlarının idman dərsinə gəlməsini istəmir. Elə düşünürlər ki, fiziki tərbiyə onları digər dərslərindən ayırır. Lakin bu, belə deyil. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar”.  
 
Kəndlərdə fiziki tərbiyənin tədrisi necədir?
 
Bakı və Sumqayıt kimi şəhərlərdə tədris və şərait baxımından problemlərin çox olduğunu demək olmaz. Lakin rayon və kənd yerlərində vəziyyət fərqlidir. Bu barədə daha ətraflı məlumat öyrənmək üçün Xızı rayonunun Baxışlı kənd məktəbində çalışan idman müəllimi Elvin Rüstəmovla danışdıq. Gənc müəllim məktəbdə heç idman zalının olmadığını söylədi:
 
“3 ildir çox çətinliklə çalışıram. Həm yol uzaqdı, bəzən qar-çovğun olur, vaxtında gedib çata bilmirəm işə, həm də idman zalımız yoxdur. İsti havalarda dərsləri məktəbin həyətində keçirəm, soyuq havalarda isə sinif otağında stolüstü oyunlarla kifayətlənirik. Yəni, proqrama uyğun dərs keçməyim mümkün deyil. Sırf mənim çalışdığım məktəbdə idman dərsləri üçün şərait yoxdur. Modul tipli məktəbdir”.

Korrespondentimiz şəraitsizliyin olmasına baxmayaraq, şagirdlərin dərslərə maraqla yanaşdığını qeyd etdi. O, çətinliklərə rəğmən yarışlarda iştirak etdiklərini, bir sıra nailiyyətlər qazandıqlarını da bildirdi:
 
“Hər sinifdə 4-5 şagird var. Hətta VIII sinifdə bircə nəfərdir. Davamiyyət normaldır. Uşaqlar hər həftə fiziki tərbiyə dərslərini çox böyük həvəslə gözləyirlər. Elə həyətdə məşqlər edə-edə, bu cür məhdud imkanlarla rayon yarışlarında ötən ay atletika üzrə birinci yeri tutduq. Eyni zamanda, 2020-ci ildə yenə həyətdə, daşlıqda məşq keçə-keçə Bakıda təşkil olunan yeniyetmə idmançıların atletikanın nizəatma növü üzrə Respublika çempionatında şagirdim II yeri tutdu. Cüzi fərqlə çempionluğu əldən vermişdi”.
 
Yekun
 
Respublikamızda məktəblərdə fiziki tərbiyə dərslərinin tədrisinə ciddi diqqət yetilirir, təşkil edilən müxtəlif yarışlarla şagirdlərin idmana olan həvəsi daha da artırılır. İdman zallarında şəraitin yaxşılaşdırılması, dərslərin icrasının effektivliyi gələcək inkişaf üçün əhəmiyyətlidir. Tək şəhərdə deyil, rayonlarda və kəndlərdə də idman sahəsinə olan diqqət artırılmalıdır. Ümumən, bədən tərbiyyəsi fənninin doğru tədrisi uşaqların fiziki və mənəvi inkişafında olduqca əhəmiyyətlidir. İnanırıq ki, yaxın gələcəkdə bu kimi problemlər də öz həllini tapacaq və istər şəhərdə, istərsə də rayonlarda oxuyan, böyüyən uşaqlar idmana olan maraqlarını artıracaq, ölkəmizin adını zirvələrdə daşıyacaqlar.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu