Minifutbol üzrə Azərbaycan çempionatı başa çatdı. Həlledici oyunda “Birbaşa Bakı” “Aznur”u 5:2 hesabı ilə məğlub edib.
Çempion komandanın üzvü Mirmehdi Rzayev “FutbolPress”ə açıqlamasında çempionluq barədə təəssüratlarını bölüşdü:
“Ümumilikdə olduqca çox çətin mövsüm keçdi. Çempionatın sürpriz komandaları var idi. Marafona yaxşı başlamışdıq. İlk oyunlarda böyük hesabla rəqiblərimizi məğlub edirdik. Sonradan yaranan arxayınlıq, rahatlıq bəzi boşluqlar verməyimizə səbəb oldu və məğlub olduq. Lakin sonradan toparlandıq, yaxşı məşqlər sayəsində oyunlarda qələbələr qazandıq. Fiziki və taktiki cəhətdən işlərimizi düzgün qurmağı bacardıq. Şükürlər olsun ki, mövsümü qızıl medallarla bitirdik və 3-cü dəfə Azərbaycan çempionu olduq. Çəkdiyimiz əziyyətin bəhrəsini gördük. Açığını desəm, matç gözlədiyimiz kimi başlamadı. Oyuna başlayan kimi boşluqlar verdik və qapımızda qol gördük. Lakin vaxtında toparlanıb fasiləyə qədər qol vurmağı bacardıq. İkinci hissədə məşqçimizin təlimatlarına əməl etdik və sonra qollar vurub qələbəyə sevindik”.
Rzayev bundan sonra əsas diqqətini Avropa çempionatına yönəldəcəyini qeyd etdi:
“İndi əsas işimiz gələn ay start götürəcək Avropa çempionatına hazırlaşmaqdır. Rəqiblərimiz olduqca güclənib. Bizi çətin oyunlar gözləyir. Son Avropa çempionu kimi bu titulumuzu qorumaq istəyirik. Çətin olacağını bilirik, amma mümkünsüz nəsə yoxdur. Komandamıza güvənirəm. Yaxşı heyətimiz var. Avropa çempionatından sonra komanda ilə Çempionlar Liqasına hazırlaşacağıq. İki dəfə iştirak etdiyimiz turnirin 1/4 finalında məğlub olmuşuq. Bu dəfə hər şey başa olacaq. İnşallah, Vətənə medallarla dönəcəyik”.
Azərbaycanlı futbolçu legioner həyatı yaşayacağına inanır:
“Mümkünsüz nəsə yoxdur. Biz gözlənilməz anda Avropa çempionu olduq. O zamana qədər bizi tanıyan yox idi. Daha sonra beynəlxalq turnirlərdə uğurla çıxış etdik. Hazırda bizim milli komanda ilə rəqiblər bir qrupda olmaq istəmir. İnşallah, bu il də qitə çempionatında özümüzü yaxşı tərəfdən göstərə bilsək, inanıram ki, təkliflər olacaq”.
Məlik Məlikov