AFFA İcraiyyə Komitəsinin mayın 13-də baş tutan iclasında Premyer Liqada komanda sayının artırılmaması və legioner limitinin “7+4” olaraq qalması qərara alınıb.
“Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Azər Bağırov “FutbolPress“ə açıqlamasında iclasın nəticəsi və gözləntilər haqda fikirlərini bölüşdü:
“İclasın 4 saat keçməsi elə belə deyil. Bütün detallar müzakirə edilib. Yeni AFFA rəhbərliyi hər şeyi təhlil edib, qərar verdi. Uzunmüddətli müzakirələr təqdirəlayiqdir. İnşallah, verilən qərarlar faydalı olar. Ümid edirəm ki, I Liqaya diqqət ayırıb, infrastrukturu yaxşılaşdırarlar. Bunlar olacağı halda, elitaya 4 komanda da buraxmaq olar. Azərbaycan futboluna yeni nəfəs gəlibsə, hər şey yaxşı olacaq”.
Son klubu “Araz-Naxçıvan” olan mütəxəssis artıq iki aya yaxındır, işsizdir. Bağırov hələ təklif olmadığını qeyd etdi:
“Hələ təklif yoxdur. İstirahət edir, ailəmlə vaxt keçirirəm. İnanıram ki, yaxın vaxtlarda nələrsə olacaq. Buna ümid edirəm”.
Mütəxəssis I Liqada mübarizə aparacaq “Qəbələ”ni çalışdırmağa hazır olduğunu da gizlətmədi:
“Qəbələ” mənim üçün çox doğmadır. Orada uşaq futbolunda, əsas komandasında işləmişəm. “Qəbələ” əziz, dəyərlidir. Bu yaxınlarda Səbuhi Səfiyarlının oraya getməsi da müsbət haldır. “Qəbələ”də yaxşı kadrlar var. Onlarla işləmək hər məşqçi üçün xoş olar. İnanıram ki, zamanla hər şey öz yerində olacaq. İndi nəsə deyə bilmərəm, sadəcə zaman…”
Şahin Cəfərov