2019-cu ilin yanvarından yığmaya rəhbərlik edən 44 yaşlı mütəxəssis iki seçmə mərhələdə komandanın sükanı arxasında oldu. Obradoviçli U-21 ümumilikdəə 24 oyun keçirdi. Bunlardan 4-ü yoldaşlıq xarakteri daşıyırdısa, 20-si seçmə mərhələ matçı idi. Yoxlama oyunlarında 1 qələbə, 1 heç-heçə edən komanda 2 dəfə məğlub oldu. Ümumilikdə, yığma Milanın rəhbərliyi altında 5 qələbə qazandı. Rəsmi oyunlardakı 4 qalibiyyətin 2-si Estoniya, 1-i Ukrayna, 1-i isə Lixtenşteyn üzərində əldə edildi. Eyni zamanda Fransaya 0:5, Avstriyaya 0:6 hesablı yenilgilər, Lixtenşteyn kimi Avropanın ən zəiflərindən birinə məğlubiyyət də bu dövrdə qeydı alındı. Rəsmi oyunlarda 1 dəfə də heç-heçə edən gənclərimiz 15 dəfə məğlubiyyətlə üzləşdi. U-21 Obradoviçin rəhbərliyi altında qapısına 47 top vurdu və bunlara 21 dəfə cavab verməyi bacardı. 24 oyunda ortalama xal 0,71 oldu.
Ümumən, serbiyalının dövrünün “rəqəmli panoramı” o qədər də ürəkaçan deyil. Hərçənd, burada Estoniya üzərində 5 cavabsız qolla qazanılan qələbə var. Ancaq estonlar hazırda qitənin ən zəiflərindən sayılır, yerli futbol mütəxəssislərinə görə isə mövcud gənc oyunçu potensialı seçmə mərhələdə daha yaxşısına nail olmaq iqtidarında idi.
Hər halda, Obradoviçdən istədiyini ala bilməyən AFFA rəhbərliyi onu göndərməyi lazım bildi. Qurumun İcraiyyə Komitəsinin son iclasında bu post əvvəlcədən gözlənildiyi kimi, Samir Əliyevə həvalə edildi. Daha əvvəl U-19 və U-20 yığmalarında çalışmış, beləliklə, daha yuxarı yaş qrupu üçün zəmini hazır olan, I Divizion, aşağı yaş qruplarının yarışlarında tez-tez stadionlarda gözə dəyən mütəxəssisin U-21-in sükanı arxasına gətirilməsi ümumən normal qarşılandı. 43 yaşlı çalışdırıcı eyni zamanda avqustda start götürəcək V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan milli komandasına (U-23) rəhbərlik edəcək.
Əliyevlə həm təyinatı, həm İslamiadadakı hədəfləri, Azərbaycan futbolunun problemləri haqda söhbətləşdik. Samir bəy öncə yığmadakı təyinatı haqda bunları söylədi:
“Təyinatım yeni açıqlansa da, razılaşma 5-6 ay əvvəl olub. Daha öncə U-19, bir müddət U-20 millilərində çalışmağım U-21 yığmasına baş məşqçi təyin olunmağıma zəmin yaratmışdı. Rəhbərliklə danışdıq, müzakirələr apardıq. Razılıq əldə edilsə də, yığmanın baş məşqçisi Milan Obradoviçin müqaviləsi davam edirdi. Ona görə təyinat yubandı. Xoş hisslərdir. İşimin öhdəsindən layiqincə gəlməyə çalışacam”.
Samir Əliyev özündən öncəki çalışdırıcı Milan Obradoviçin Azərbaycan millisindəki işini qiymətləndirmək istəmədi. O, həmkarının fəaliyyətinə şərh verməyin düzgün olmayacağını qeyd etdi:
“Obradoviçin işi ilə bağlı bir şeyə bilmərəm. İkimiz də məşqçiyik. Gedişindən sonra onun haqda nəsə deməyim, işinə qiymət verməyim etik deyil. Buna görə fikir bildirmək istəmirəm”.
Azərbaycanın U-21 millisində yeni simalar olacaq
U-21 yığması ilə bir seçmə mərhələ üçün razılaşan Əliyev artıq çalışmalara başlayıb. O, millidə yeni simaların olacağını bildirdi. Mütəxəssisin sözlərinə görə, aşağı yaş qruplarında kifayət qədər potensiallı oyunçular var və onlar bir neçə il sonra Azərbaycan futbolunun əsas simalarından ola bilərlər:
“Əlbəttə, millidə yeni adlar olacaq. U-20-dən olan uşaqlar var. Həm bu yaş qrupunda, həm də U-19-da kifayət qədər perspektivli oyunçular tapmışıq. Onlar klublarında şans qazansalar, milli üçün də faydalı olacaqlar. Potensiallarını göstərə bilsələr, bir neçə il sonra futbolumuzun əsas simalarına çevrilə bilərlər. Lakin bunun üçün çox çalışmalıdırlar. Ümulikdə, aşağı yaş qruplarında mövqelər üzrə yaxşı rəqabət var. Bu, Azərbaycan futbolu adına müsbət haldır. Bu gün hətta Premyer Liqada oynayan gənclər var. Tək elitada deyil, Diviziondan da yaxşı uşaqlar çıxır”.
Gənc oyunçu limitinin ləğvinin müsbət və mənfi tərəfləri
Yeni mövsümdə Azərbaycan Premyer Liqasında gənc oyunçu limiti tətbiq edilməyəcək. Klublar ötən sezon olduğu kimi matçlarda yaşı 21-dən aşağı olan azı bir futbolçu oynatmaq məcburiyyətində qalmayacaq. Bu isə öz növbəsində gənc oyunçuların şans qazana bilməməsinə gətirib çıxara bilər. Ötən mövsüm I Divizionda çıxış edən “Sabah”ın əvəzedici komandası artıq bu yarışda iştirak etməyəcək. Buna səbəb klubun gənc oyunçularını müxtəlif komandalara icarəyə verməsidir. “Sabah”la yanaşı, “Şamaxı”nın da əvəzedici komandasının da Divizionda iştirak etməyəcəyi ilə bağlı xəbərlər var. Səbəb isə bir növ eynidir. “Şamaxı” gəncləri əsas komandada oynadacaq, “Sabah” isə onları icarəyə göndərəcək. Əliyev limitin ləğv edilməsinin həm müsbət, həm də mənfi cəhətlərinin olduğunu dedi:
“Limitin ləğvinin yaxşı və pis tərəfləri var. Əslində, komanda sayı artırıldığı üçün limit ləğv olundu. Yaxşı tərəfləri var. Gənclər öz üzərlərində daha çox işləyəcək, oynamaq üçün dəridən-qabıqdan çıxacaq. Forma uğrunda mübarizə aparacaq. Ancaq bir də variant var ki, klublar gənclərə az şans verəcək, bəlkə də bəzilərinə heç ehtiyac duymayacaq. Bu, milliyə gələn oyunçular üçün problemə çevriləcək. Praktikası olmayan futbolçu həm özü çox əziyyət çəkəcək, həm də biz. Belə problemlər var. Bəzi uşaqlar klub tapa bilməyəcək, futbolu atacaqlar. Son dövrlərdə belə halların çox şahidi olmuşuq. Ümumilikdə, Azərbaycanda klub sayı azdır. Özünə komanda tapa bilməyənlər isə bu sahədən uzaqlaşmağa başlayır”.
Mütəxəssis problemin həllinin klublarda olduğunu da əlavə etdi. O, Premyer Liqa və Divizion təmsilçilərinin gənclərə şans verməsi, onları sınamasının problemə müsbət həll olacağını bildirdi. Əliyev klubların gəncləri heç olmazsa, matçların gedişində meydana buraxmasının fayda verəcəyini dedi. O, bu işdə klub rəhbərlərinin fəal davranmalı olduğu fikrindədir.
İslamiadaya hazırlıq və şanslar
Samir Əliyev eyni zamanda 5-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan millisinə də rəhbərlik edəcək. O, İslamiadaya 15 gün qalsa da, hələ komandanın tam formalaşmadığını və hazırlığa başlamadıqlarını söylədi:
“Heyət tam bilinmir. Yaxın günlərdə yəqin ki, komandanın quruluşu açıqlanacaq. Əsasən U-21-in futbolçularına dəvət göndəriləcək. Yarış pis vaxtda baş tutur. Həm çempionat başlayır, həm klublarımız avrokubok matçlarına hazırlaşır. Belə bir dönəmdə İslamiada üçün oyunçu götürmək rahat deyil”.
2017-ci ildə Bakıda baş tutan İslamiadada futbol növündə çempion məhz millimiz olub. Bu dəfə isə ev sahibi qonşu Türkiyədir və favoritlərdən sayılır. Azərbaycan seçməsi turnirdə Səudiyyə Ərəbistanı, İran və Mərakeşlə mübarizə aparacaq. Milli 2017-ci ildəki uğuru təkrarlaya biəcək? Əliyev sualımıza cavabında çətinliklərdən və yığmanın İslamiadadakı əsas hədəfindən bəhs etdi. O, U-23 yığmasının çıxış etməsinə baxmayaraq, əsas hədəfin məhz U-21-in formalaşdırılması olduğunu söylədi:
“Rəqiblər güclüdür. Açığı, çətin olacaq. Çünki istədiyimiz komandanı tam formalaşdıra bilmirik. Kollektiv hələ toplaşmayıb. Rəqibimiz Səudiyyə Ərəbistanı bu yaxınlarda Özbəkistanda baş tutan U-23-lərin Asiya çempionatında qızıl medal qazanıb. Bu, onların gücündən xəbər verir. Bizim bu yarışda əsas hədəfimiz U-21-i formalaşdırmaqdır. Çünki 2023-cü ildə Avropa çempionatı baş tutacaq. Bu turnirə yaxşı hazırlaşmalıyıq. Biz də 2017-ci ildəki uğuru təkrarlamaq istərdik. Həmin vaxt ev sahibi də biz idik və əlavə motivasiya var idi. Bundan başqa, may ayı idi və çempionatların sonu idi, bəziləri bitmişdi. Futbolçuları heyətə rahat cəlb etmək olurdu. İslamiadada çempion olacağımızı demək çətindir. Bu dəfə həqiqətən güclü rəqiblər var və komandamız istədiyimiz tərkibdə olmayacaq”.
Azərbaycan millisinin sabiq forvardı klublarının avrokuboklardakı çıxışı haqda da fikirərini söylədi. Əliyev Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrə “Sürix”ini məğlub edən “Qarabağ”ın artıq özünü sübut etdiyini bildirdi. Onun sözlərinə görə, digər klublarımız da “atlılar”a baxıb, komanda formalaşdırmaqda nümunə götürməlidir.
Digər avrokubok təmsilçilərimiz Konfrans Liqasında II mərhələdən mübarizəyə qoşuldular. “Neftçi” Kiprdə “Aris”ə, “Qəbələ” Macarıstanda “Fehervar”a, “Zirə” isə Bakıda “Makkabi”yə (Təl-Əviv, İsrail) uduzdu. Samir bəy klublarımızın ilk matçlarını da şərh etdi:
“Qarabağ”dan hər dəfə danışırıq. Bu komandadan danışmağa ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Artıq sözə ehtiyac yoxdur. Hər dəfə sübut edirlər ki, ən yaxşılardandır. Bir-iki klubumuz var ki, “Qarabağ”a baxıb, klubu formalaşdırmaq baxımından nümunə götürməlidir.
Digər üç təmsilçimiz yaxşı çıxış etmədi. “Zirə”nin püşkdə bəxti gətirməmişdi, “Qəbələ”ninki də zəif deyildi. Bircə münasib rəqib “Neftçi” üçün idi. Açığı, məğlub olsa da, “Neftçi”nin şansının olduğuna inanıram. Onlar cavab matçında iki topun əvəzini çıxa biləcəklər. Buna ümidliyəm. Yeni baş məşqçi gəlib, milyonlarla pul xərclənib. Heyət güclənib. Yeni keyfiyyəti oyunçular gəlib. Məncə, şanslar var.
Lakin “Zirə” və “Qəbələ”nin şansları demək olar, yoxdur. Onların rəqiblərini keçməsi inandırıcı görünmür. Amma hardasa ümid edirdik ki, ilk oyunlarda nəticə yaxşı olacaq. Bu iki klubumuzun mübarinə dayandıracağı ehtimal ediir. “Neftçi”də isə hələ mərhələ adlamaq olar. Heç nə bitməyib”.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu