Rauf Əliyev: “Qəbələ”nin I Liqaya düşməsi üzücüdür”

Mayın 13-də AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Toplantıda Premyer Liqada komanda sayının artırılmaması və legioner limitinin dəyişməməsi (7+4) qərarı qəbul edilib.

Qərardan sonra çempionatda sonuncu olan “Qəbələ”nin elitanı tərk edəcəyi dəqiqləşib. Azərbaycan millisinin və “Qəbələ”nin sabiq futbolçusu Rauf Əliyev “FutbolPress“ə açıqlamasında İK-nin qərarlarına münasibət bildirdi:

“Əlbəttə, “Qəbələ”nin I Liqaya düşməsi üzücüdür. Düşünürdük ki, komanda sayı artar və liqada qalarlar. Ancaq AFFA rəhbərliyi bir neçə dəfə bildirmişdi ki, idman prinsipləri qorunacaq. Bu da baş verdi. Limit məsələsinə gəlincə, “7+4″ kimi, yəni eyni qaydada qalması müsbət məqamdır. Yerli oyunçuların şans qazanması baxımından düzgün qərar oldu”.

Əliyev indiki məqamda infrastrukturu yaxşı olan “Qəbələ”nin elitada qalmasının daha yaxşı ola biləcəyini də vurğuladı:

“Qəbələ”də olan şərait Azərbaycanda heç bir klubda yoxdur. Nə deyim? Federasiyanın qərarı belə oldu. Çox danışılsa da, qərarı onlar qəbul edir”.

Şahin Cəfərov