Bu idman Qədim Malayyada yaranmış, daha sonra Asiyanın bir çox ölkəsinə yayılmışdı. 1873-cü ildə Hindistandan İngiltərəyə – Badminton şəhərinə gələn hersoq Berfot öz malikanəsində badminton yarışları təşkil edib. Bu idmanın yaranması məhz həmin tarixdən götürülür. Badmintonun digər adı isə volandır.
Badminton oyunu tor ilə iki hissəyə bölünmüş düzbucaqlı meydançada keçirilir. Torun hündürlüyü 1 metr 55 santimetr olur. Meydançanın ölçüləri qoşa oynayanlar üçün uzunluğu 13 metr 40 santimetr, eni 6 metr 10 santimetr, tək-tək oynayanlar üçün isə uzunluğu 13 metr 40 sm, eni 5 metr 20 santimetrdir.
Tennisə bənzər bu idman növü necə oynanılır?
Badminton üzərinə dəri çəkilmiş və tac şəkilli lələkləri olan probka top və tennis tipli raketka ilə oynanılır. Məqsəd topu meydançanın rəqibə aid hissəsinə salmaq, öz sahəsinə düşməyə imkan verməməkdir. Badminton oyunu 3, yaxud 5 hissədən ibarət olur (hər hissənin hesabı 15 xal qazanılanadək davam edir). Badminton qoşa və tək-tək oynanılır. Oyunun növünə görə meydançanın ölçülərində fərqlər olur. Tək oynayanlarda meydançanın eni 5 m 20 sm, cüt oynayanlarda isə bu, 6 m 10 sm olur. Sıfır hesabında və cüt ədədli xallarda top sağdan çəpinə, tək ədədli xallarda isə soldan şaquli istiqamətdə ötürülür. Qoşa oyunlarda topu birinci olaraq sağdakı idmançı oyuna daxil edir, hər qazanılan xaldan sonra oyunçular yerlərini dəyişir.
Bu sahənin ali qurumu Beynəlxalq Badminton Federasiyasıdır (IBF). Badminton 1992-ci ildən Olimpiya idman növüdür. Olimpiadanın ilk ən yaxşı nəticəsini İndoneziya idmançıları əldə edib. Sonrakı dövrlərdə isə Çin və Koreya idmançıları bu sahənin ən yaxşılarından olub.
Azərbaycanda badminton
Azərbaycanda badmintonun yaranması XX əsrin ikinci yarısına təsadüf edir. 1957-ci ildə dünya gənclər və tələbələrin festivalında badminton idman növü ilə tanışlıq olub.. Festivalda iştirak edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti mərhum Nazim Əliyev badmintonun sirləri ilə tanış olub və Azərbaycanda badmintonun əsasını qoyub. 5 il sonra – 1962-ci ildə Bakıda ilk badminton çempionatı keçirilib. Bir il sonra Azərbaycan Badminton Federasiyası (ABF) təsis edilib.
Bakıda keçirilən ilk yarışın qalibi Lado Mehdiyev olub. Bu sahədə usta adını isə Qardaşxan Hadiyev qazanıb. O, 1969-cu ildə bu ünvana yiyələnib. 1957-ci ildə badminton festivalında iştirak edən Nazim Əliyev badmintonda ilk əməkdar məşqçidir.
Azərbaycan Badmintonu XXI əsrdə
Azərbaycanda bu idman sahəsinin əsas inkişafı XXI əsrin ik 10 illiyindən sonra başlayıb. Artıq ölkəmiz müxtəlif yarışlarda həm komanda, həm də fərdi şəkildə təmsil olunmağa başlayıb.
2002-2005-ci illərdə İranın ev sahibliyi etdiyi Beynəlxalq Fəcr turnirində Nərgiz Mehdiyeva fərdi yarışlarda çempion olub, cüt oyunlarda Sevinc Axundova ilə Mehdiyeva qalib adını qazanıb. Elə bu ölkədə 2010-cu ildə keçirilən sözügedən turnirdə kişi idmançılarımız Kənan Rzayev və Orxan Qələndərov cüt yarışlarda bürünc medal qazanıb.
2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında Azərbaycan badminton növü üzrə yarışlarda təmsil olunub. Baş məşqçi Ceyhun Məmmədəliyevin rəhbərliyi altında Kənan Rzayev və Orxan Qələndərov yarışlarda iştirak edib.
Azərbaycan yığması badmintonda ilk dəfə 2018-ci ildə Avropa çempionatında iştirak edib. Rusiyanın Kazan şəhərində keçirilən komandalararası yarışda millimiz Almaniya, Lüksemburq və İslandiya yığmaları ilə qarşılaşıb.
2021-ci ilin yayında Edi Reski Dviçayo Azərbaycan badmintonu tarixində ilk dəfə yay olimpiya oyunlarında təmsil olunub. O, ilk yarışında qələbə qazanaraq, yarışa uğurlu start vermiş, daha sonra 3-cü turda danimarkalı Anders Antonsenə uduzaraq Tokio-2020 Yay Olimpiya Oyunları ilə vidalaşıb.
1996-cı ildən 2015-ci ilə qədər Kamal Abdullayev Azərbaycan Badminton Federasiyasının prezidenti olmuşdur. 2015-ci ilin yayından bu vəzifə Mikayıl Cabbarova həvalə edilib. 2021-ci ilin dekabrından isə ABF-nin prezidenti Taleh Ziyadovdur.
Azərbaycanda badmintonun hazırkı durumu
Azərbaycanda badmintonun inkişafı, bu sahəyə marağın artırılması üçün müəyyən tədbirlər keçirilir. ABF bu məqsədlə “Shuttle Time” proqramı həyata keçirib. Burada əsas məqsəd badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idmana maraq oyatmaq və gənc badmintonçular yetişdirməkdir. “Shuttle Time” proqramına ilk mərhələdə Bakı, Gəncə, Quba, Lənkəran və Sumqayıtdan yüzlərlə idman müəllimi və məktəbli cəlb edilib. Bu proqram Dünya Badminton Federasiyası və Azərbaycan Badminton Federasiyasının birgə əməkdaşlığı ilə təşkil olunub.
Bundan başqa, ABF Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birlikdə “FunniFy” proqramı hazırlanıb. Layihə çərçivəsində tələbələr arasında badminton yarışları keçirilib.
Milli Olimpiya Komitəsi, ABF və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Olimpiya Həmrəyliyi fondu və Dünya Badminton Federasiyasının dəstəyi ilə Naxçıvanda “Level 1” kursları təşkil edildi. 22 nəfərin iştirak etdiyi proqramda hər gün nəzəri və texniki təlimlər həyata keçirilir. Kursu müvəffəqiyyətlə bitirən məşqçilərə sonda sertifikatlar təqdim olunacaq.
Ölkəmizdə badmintonun hazırkı durumu ilə bağlı Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyevlə danışdıq. Hacıyev badmintonun inkişafı üçün görüşlən işlərdən bəhs etdi:
“Ölkədə badminton idman növünün inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Badminton Federasiyası tərəfindən müxtəlif istiqamətlərdə bir çox işlər görülüb. Bunların nəticəsində peşəkar badminton istiqamətində bir çox yeniliklər həyata keçirilib. Belə ki, Azərbaycan badmintonu tarixində ilk dəfə olaraq yeniyetmə badmintonçularımız tarixi uğura imza ataraq Serbiyanın Novi Sad şəhərində keçirilən “Youth International” turnirində 13 yaşadək qızların şəxsi və qoşa yarışında bürünc medal qazanıblar. Bundan başqa, para badmintonun inkişafı istiqamətində də həyata keçirilmiş uğurlu fəaliyyət nəticəsində Azərbaycan badmintonu tarixində ilk dəfə olaraq yerli badmintonçumuz beynəlxalq turnirlərdə ölkəmizi təmsil edəcək. Badminton idman növünün daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, habelə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə bir çox uğurlu layihələr icra edilməkdədir”.
Azərbaycanda badmintonun kütləviləşməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Layihələrin uğurlu icrası və gənclərdə bu sahəyə marağın artması gələcəkdə Azərbaycanın beynəlxalq arenada daha çox badmintonçularla təmsil olunmasına və uğurların qazanılmasına gətirib çıxaracaq. Baş katib ABF-nin bu istiqamət üzrə çalışmalarından da bəhs etdi:
“Badminton idman növünə marağın artırılması üçün ölkəmizin müxtəlif regionlarında bir çox istiqamətlər üzrə 15 tədbir həyata keçirilib, bu tədbirlərə ümumilikdə mindən yuxarı şəxs cəlb edilib. Sevindirici haldır ki, bu tədbirlərdən sonra bir çox yeniyetmə şəhər və regionlarımızda yerləşən badminton dərnəklərinə yazılmış və bu idman növündə ilk addımlarını atmağa başlayıb. Bu tədbirlərə misal olaraq, ölkəmizin müxətlif şəhər və regionlarında keçirilən “Shuttle Time” proqramın və “Level 1” məşqçilik kurslarını, həvəskar badmintonçular arasında həyata keçirilən və böyük coşqu yaşanan üç həvəskar badminton turnirini, açıq havada təşkil olunan 4 “Airbadminton challenge” master klasslarını, iki Olimpiya Kompleksində (Abşeron və Buzovna) yeni badminton dərnəklərinin açılmasını və həmin dərnəklərə yeniyətmələrin cəlb edilməsini göstərmək olar. Bu təbliğat işlərinin işıqlandırılmasıda yerli media nümayəndələrinin böyük dəstəyi olub. Bundan başqa 5 iyul Dünya Badminton Günü ilə əlaqədar yerli telekanalların səhər verlişlərində məşqçi və idmançıların iştirakı ilə bir çox təbliğat işləri həyata keçirilib. Badminton idman növünə marağın artırılması və kütləviliyin təmin edilməsi məqsədi ilə 2022-ci ilin növbəti aylarında da tədbirlər planına uyğun olaraq ölkəmizin şəhər və rayonlarında bir çox tədbirlərin həyata keçirilməsi və yeniliklərin tətbiq edilməsi nəzərdə tutulub”.
Federasiya tərəfindən görüşlər işlər çox olsa da, hələ Azərbaycanı beynəlxalq arenada təmsil edən badmintonçu azdır. Ötən il Tokioda keçirilən Yay Olimpiya Oyunlarında bu növdə cəmi 1 idmançı ilə təmsil olunduq. İndoneziyalı Edi Reski mötəbər yarışda Azərbaycan adı üçün mübarizə apardı. İlk iki turda qələbə qazanan Reski 3-cü turda uduzaraq, medalsız qaldı. Federasiya rəsmisi yerli badmintonçuların yetişdirilməsi üçün də müəyyən addımlar atdıqlarını əlavə etdi:
“Badmintonda Azərbaycanı beynəlxalq arenada Edi Reski Dviçayo ilə yanaşı digər badmintonçularımız da təmsil edir və qeyd etdiyim kimi yerli yeniyətmə idmançılarımız beynəlxalq turnirlərdə uğur qazanmağa başlayıb. Belə ki, Serbiyanın Novi Sad şəhərində keçirilən “Youth International” turnirində 13 yaşadək qızların şəxsi yarışında qrup mərhələsini 2 qələbə ilə başa vuran Leyla Camalzadə uğurlu çıxışının davamını pley-offda da gətirib. 1/8 finalda avstriyalının ardınca bolqar rəqibini mübarizədən kənarlaşdıran Leyla turnirin yarımfinalına yüksəlməklə bürünc medalı təmin edib. Badmintonçularımız daha bir bürünc medalı 13 yaşadək qızların qoşa yarışında qazanıb. Bu kateqoriyada mübarizə aparan Leyla Camalzadə-Nəzrin Mehrəlizadə tandemi ilk pley-off görüşündə Serbiya və Rumıniyanı təmsil edən badmintonçulara qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Bolqarıstan badmintonçularını məğlub edən təmsilçilərimiz yarımfinala yüksəlməklə bürünc medalı təmin edib. Bundan başqa, bu ildən etibarən parabadminton üzrə idmançımız İbrahim Əliyev beynəlxalq turnirlərdə çıxış etməyə başlayacaq. Bu ildən etibarən yerli idmançılarımız xaricdə həyata keçirilən ixtisaslaşmış badminton düşərgələrinə qatılacaq ki, bu da onların peşəkarlıq səviyyəsinin artmasına və beynəlxalq turnirlərdə uğur qazanmaqlarına öz töhfəsini verəcək”.
Yekun
Azərbaycanda badmintonun kütləviliyi üçün görülən tədbirlər bu tempdə davam etsə, nəticəsiz qalmayacaq. İdmana nə qədər çox qayğı, diqqət göstərilsə, gənclərin bu sahəyə marağı daha artar. Cüdo, güləş, şahmat kimi idman növləri kimi badminton da bir gün populyarlaşa, beynxalq arenada Azərbaycan bayrağını bu yarışlarda təmsil edəcək idmançıların sayı arta bilər.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu