Gün keçdikcə 4 illiyin zirvə yarışı – Paris 2024 Yay Olimpiya Oyunlarına yaxınlaşırıq. Artıq bir neçə idman növündə lisenziya yarışları başa çatmaq üzrədir və ya başa çatıb. Güləş də bu qəbildəndir. İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat turnirindən sonra olimpiadada iştirak edəcək bütün adlar bəlli oldu. Azərbaycan qadın və yunan-Roma güləşçiləri üçün son ümid yeri olan turnirdə kişi xalça sahiblərimiz ümidləri doğrultmağı bacardı. Belə ki, apreldə Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində uğursuz nəticəyə imza atan “klassiklər” 1 ay sonra bu nəticələrin üzərindən xətt çəkdilər və olimpiada üçün yeni səhifə açdılar.
Uğursuzluq yox, şanssızlıq.
İstanbuldakı turnirə yollanmazdan bir neçə gün öncə yunan-Roma güləşi üzrə millinin əsas üzvlərindən Rafiq Hüseynov “FutbolPress”ə açıqlamasında Bakıdakı nəticəni uğursuzluq yox, şanssızlıq adlandırmş və hər bir güləşçimizin olimpiadada iştirak etməyi haqq etdiyini qeyd etmişdi. Yunan-Roma millimiz İstanbula heyətdə dəyişiklik edərək yollanmışdı. Belə ki, Bakıda xalça üzərində Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) çıxmışdısa, Türkiyədə isə Azərbaycanı 60 kq-da Murad Məmmədov, 87 kq-da Rafiq Hüseynov, 130 kq-da isə Sabah Şəriəti təmsil edirdi. Görünən odur ki, dəyişiklik öz nəticəsini verdi. Türkiyədə yalnız 97-kq çəki dərəcəsində mübarizə aparan Murad Əhmədiyev uğursuz çıxış etdi və Paris-2024-dən uzaq düşdü. Əvəzində isə millinin qocaman üzvü, dünya və Avropa çempionu Rafiq Hüseynov zədəsinə baxmayaraq əzmkar və döyüşkən ruhunu nümayiş etdirdi və mesaj verdi ki, 36 yaşı olsa belə, iddiasından əl çəkməyəcək. Beləliklə, Azərbaycan yunan-Roma növündə Parisdə 6 çəkinin 5-də təmsil olunacaq. Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti “qızıl” uğrunda mübarizə aparacaqlar. Azərbaycan daha əvvəl London (2012) Rio (2016) Olimpiya Oyunlarında sözügedən növdə 5 güləşçi ilə təmsil olunmuşdu. Sərbəst güləşçilərimizdən qeyd etməli olsaq, onlar olimpiada yolunda son nöqtəni Bakıda qoymuşdular. Bele ki, Azərbaycan pəhləvanları bu növbə bütün çəkilərdə mübarizə aparacaqlar. Ölkəmizi Parisdə Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) təmsil edəcəklər. Bundan əvvəl Azərbaycan 4 dəfə eyni saytda Olimpiya Oyunlarında təmsil olunub.
Beləliklə, millinin 11 kişi güləşçisi Parisdə qızıl medal uğrunda xalça üzərinə çıxacaqlar.
İstanbulda yazılan tarix.
Qadınlardan ibarət milli komamdanı isə Parisdə yalnız Mariya Stadnik (50 kq) təmsil edəcək. Təəssüf ki, İstanbulda xalça üzərinə çıxan 5 qadın güləşçidən yalnız Mariya uğurlu çıxış edə bildi. Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) müxtəlif mərhələlərdə Paris arzularının üzərindən xətt çəkdilər. Sözügedən növdə olimpiadada iştirak sayının azalan xəttlə getdiyi müşahidə olunur. Bu da işlərin hardasa düzgün qurulmadığının təzahürüdür. Belə ki, komandamız Rioda 3, Tokioda 2 qadın güləşçi ilə təmsil olunmuşdusa, Parisdə bu say bir olacaq. 2028-ci ilə qədər problemlər aradan qaldırılmalıdır. Yerli qadın güləşçilərin bir çoxu da lisenziyanı qazanmaq iqtidarında deyil. Ona görə də bu növdə inkişaf əsas prioritet olmalıdır. Olimpiya Oyunlarının isə Stadnikə “qızıl” “borcu” var. Belə ki, uzun illərdir Azərbaycan bayrağı altında çıxış edən Ukraynal əsilli xanım güləşçimiz artıq 5-ci dəfə Olimpiya Oyunlarında iştirak edəcək ki, bu da mütləq rekorddur. Pekin-2008, London-2012, Rio-2016 və Tokio-2020-də xalça üzərində çıxan 36 yaşlı idmançı 2 gümüş və eyni sayda bürünc medal qazanmağı bacarıb. Odur ki, 5-ci və sonuncu cəhddə “qızıl” qazanmaq Mariya üçün əsas hədəfdir.
Məlik Məlikov