“Səbail” Premyer Liqanın XXXIV turunda “Sumqayıt”a məğlub olub – 1:2.
“Dənizçilər” ardıcıl üçüncü oyunda xalsız qalıb. Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv uğursuz nəticələr fonunda avrokubok şanslarını itirib.
Mövsümün əvvəlində yaxşı nəticələrlə yadda qalan, 13 tur ardıcıl qol vuran, turnir cədvəlində “üçlük”də qərarlaşan “dənizçilər” hey çalışsa da, toparlana bilmir. Qış fasiləsində üç legionerlə sıralarını gücləndirən “Səbail” hələ əcnəbilərindən də fayda görə bilmir.
Baş məşqçi Şahin Diniyev hər məğlubiyyətdən sonra iddialı açıqlamalarla gündəmə gəlir. Mütəxəssis “Sumqayıt”a uduzduqları görüşdən sonra yaxşı oynadıqlarını, indiki məqamda nəticənin yox, oyunun əsas olacağını qeyd edir. Nəticəni gətirən də oyundur, amma hələ gəlmir. İrəli xətt oyunçularında keyfiyyət çatışmazlığı var. Müdafiədəki axsaqlılar, standart vəziyyətlərdə mövqe səhvləri də az deyil. Futbolçuların keyfiyyətində də problemlər var. Bəs, bu oyunla nəticə gələcəksə, yayda dəyişəcək heyətin yenidən oyununu tapması üçün zaman lazım olmayacaq?
Diniyev ötən mövsümün sonunda “Səbail”in sükanını ələ alıb, komandanı elitada saxlamağı bacardı, son oyundan sonra komandada qalacağı halda, iddialı komanda formalaşdıracağını söyləmişdi. Ancaq indi daha bir mövsüm geridə qalır və Diniyev növbəti mövsüm üçün eyni fikirləri irəli sürür…
Hər-halda futbol ilinin bitməsinə iki tur qalıb. Komandanın ən pis halda yeddinci olacağı dəqiqdir. Qarşıda iki oyun var və qazanılacaq qələbələr isə komandanı altıncı sıraya yüksəldə bilər. Yeri gəlmişkən, Diniyev bir neçə dəfə də hədəflərinin “altılıqda” olmaq olduğunu qeyd edib. Dünən isə yeddinci pillənin də pis nəticə olmadığını söyləyib. Ha altı, ya yeddi – əsas odur, yeni mövsümdə iddialı “Səbail” görə bilərik…
Kamil Əhməd