“Onlar gələcəkdə “Qarabağ” və Azərbaycan futbolu üçün faydalı olacaqlar”

“Qarabağ”ın U-14 komandası bu ay Belarusda keçirilən “Bizim Gələcəyimiz” turnirinin qalibi olub. Azərbaycan təmsilçisi yarışda bir dəfə məğlub olub. Qrupda BATE-yə uduzan kollektiv həlledici matçda məhz bu komandanı üstələyərək çempion olub.

U-14-ün baş məşqçisi Asif Əlizadə “FutbolPress“ə açıqlamasında komandanın turnirdəki çıxışı haqda fikirlərini bölüşdü:

“Belarusdakı turnirdə 16 komanda yarışırdı. Qrupdan ikinci kimi çıxdıq, sadəcə BATE-yə məğlub olduq. Buna baxmayaraq, bu komandanı finalda məğlub edib, çempion olduq. Bütün matçlarımız çətin keçdi. Uşaqlar ilk dəfə idi ki, xaricə gedir, beynəlxalq turnirdə oynayırdılar. Həyacanları normal idi. Uşaqlar bunun öhdəsindən gəlib, çempion oldular. Düzdür, bizimçün çempionluq yox, uşaqların inkişafı önəmlidir”.

Azərbaycan millisinin sabiq futbolçusu Aftandil Hacıyev ötən yay “Qarabağ”ın akademiyasına koordinator təyin edilib. Məhz onun təyinatından sonra aşağı yaş qruplarında canlanma hiss edilir. Bir neçə yaş qrupu artıq ölkə xaricinə turnirlərə yollanıb. Əlizadə Hacıyevin gəlişindən sonra akademiyada yaşanan dəyişikliklərdən söz açdı:

“Aftandil Hacıyevin gəlişindən sonra komandalarda dirçəliş var. Uşaqların xaricə turnirlərə yollanması artıb. Bunun faydalarını görəcəyik. Belə yenə planlarımız var. Beynəlxaq turnirlər uşaqlar üçün çox faydalıdır. Ölkə çempionatında turnirdəki kimi mövsüm ərzində 3-4 oyun keçirirdiksə, Belarusda bunu bir gündə etdik. Həm də dünya görüşü tərəfdən uşaqlar inkişaf edir. Bir məsələni qeyd edim, yarımfinalda və finalda məğlub etdiyimiz komandaların uşaqları ağlaya-ağlaya bizi təbrik etmişdilər, amma bizim uşaqlar deyirdi ki, biz bunu etmərik. Uşaqların belə şeyləri görməsi yaxşıdır. Artıq onların da fikirləri dəyişir”.

Mütəxəssis 14 yaşadək olan uşaqlarla iş prinsipindən bəhs etdi:

“İlk növbədə, U-14 elə yaş qrupudur ki, uşaqlar yarım meydanlardan standart ölçülü yerə keçirlər. Spesifik məşqlər artır, yəni, əvvəl texniki və fərdi taktikaya uyğun çalışdılarsa, indi komanda şəklində hazırlığa başlayırlar. Oyun qurmaq, hücuma keçmək kimi taktikalara keçirik. Belə deyək, U-14-də komandanın oyun bünövrəsi qoyulur. Eyni zamanda, fiziki hazırlıq üzərində çalışırıq. 14 yaşlı uşaqlarda həm taktiki-texniki, həm də fiziki hazırlığa üstünlük verilir. Düzdür, komanda şəklində də çalışırıq, amma üstünlüyümüz kiçik qruplar halındadır. Yavaş-yavaş bu qruplar böyüyür, komanda formasına keçir. Uşaqların fərdi bacarıqları üstündə də çalışırıq. Top qəbul etmə, driblinq, başla oyun və s. məşqlər olur. Hansı uşağın hansı tərəfi zəifdirsə, üzərində çalışırıq”.

“Qarabağ”ın əsas komandası bu il Avropa Liqasında 1/8 finala yüksəlməklə Azərbaycan futbolu üçün tarixi uğura imza atdı. Özündən büdcə və şərait baxımından üstün olan “Braqa” kimi komandanı mübarizədən kənarlaşdıran “atlılar”, Almaniya nəhəngi “Bayer”lə oyunda da son dəqiqə qolları ilə məyus oldu. Buna baxmayaraq, komandanın sərgilədiyi oyun Avropa və dünya mətbuatına geniş səs saldı. “Qarabağ”ın əsas komandası ölkə futbolunda dominantlıq etsə də, aşağı yaş qrupları ilə bağlı narazılıqlar neçə müddətdir, var. Asif Əlizadə bu uğurlar qarşısında akademiya işinin tənqid edilməsinin düzgün olmadığını bildirdi:

“Qarabağ”ın əsas komandası Azərbaycan səviyyəsindən üstündür. Ölkə çempionatındakı çıxış, Avroliqadakı mübarizə bunu göstərir. “Qarabağ”ın akademiyasının olmamasını irad bildirmək düzgün deyil. Komanda doğma evindən – Ağdamdan kənarda oynayır. Min cür əziyyətlə komanda saxlanılıb. Bu qədər uğurlardan sonra akademiyanı tənqid etmək düzgün deyil. Bununla belə, növbəti addım akademiyadır. Rəhbərlik tərəfindən atılan addımlar, irəli sürülən planlar müsbətdir. Bəzi uşaqlar var, onlara ümidimiz böyükdür. Onların adlarını qeyd etmək düzgün olmazdı. Ancaq potensiallı uşaqlarımız var və inanıram ki, onlar gələcəkdə “Qarabağ” və Azərbaycan futbolu üçün faydalı olacaqlar. 

Mütəxəssis onda futbolun uşaqların fiziki tərbiyəsinə, onların gələcəkdə layiqli vətəndaş kimi formalaşmasına təsirlərindən söz açdı: 

“Futbol populyar oyundur. Ölkəmizdə də sevilən idman növlərindədir. Futbol uşaqları pis vərdişlərindən uzaq edir, onlara kollektivə uyğunlaşmağı öyrədir. Bir yeniyetmənin idmanda olmağı müsbət haldır. Biz Niderlandda olanda onların bir devizi var idi: “Futbol tər, qan və göz yaşından ibarətdir”. Bunların hamısı birlikdə olmalıdır. Futbol yeniyetmə üçün əziyyətə öyrəşməyi, öz gücü ilə irəli getməyi, sevinc və kədərin bir-birini əvəzetməsini göstərən əvəzsiz təcrübədir”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.