Stolüstü tennis, başqa adla Pinq Ponq, 2 və ya 4 oyunçunun bir-birlərinə topu irəli və geri vurmasıyla oynanan bir oyundur. Sözgedən idman növü 1891-ci ildə İngiltərədə yaradılmışdır. Lakin 19-cu əsrin 80-ci illərindən stolüstü tennisin ilkin forması Hindistanda ingilis zabitlər tərəfindən oynanılırdı. Belə ki, iştirakçılar siqar qutularının qapaqlarını raketka, şərab şüşəsinin probkalarını da top olaraq istifadə edərdilər. Kitablar da toru əvəz edirdi. Sonrakı illərdə müxtəlif vasitələrlə adıçəkilən idman növü inkişaf etməyə başladı. Stolüstü tennis 1988-ci ildə Seul Olimpiya Oyunlarında rəsmi olimpiya idman növü kimi tanındı. Bu, dünya miqyasında stolüstü tennisin tanınmasına və populyarlığının artmasına böyük təkan verdi.
Hazırda çox peşəkar turnirlər və dünya çempionatları keçirilir. Oyunçular dünya reytinqinə nail olmaq üçün bu turnirlərdə iştirak edirlər. Ən məşhur turnirlərdən biri Dünya Stolüstü Tennis çempionatıdır. 1926-cı ildə əsası qoyulan dünyanın ən böyük idman federasiyası Beynəlxlaq Stolüstü Tennis Federasiyası 226 Stolüstü Tennis Assosiasiyasını özündə birləşdirir.
Beynəlxlaq federasiyanın təşkilatçılığı ilə “Stolüstü tennis hər kəs üçün” şüarı altında 6 aprel tarixi Ümumdünya tennis günü kimi qeyd olunur.
Ölkəmizdə bu idman növünə maraq 1939-1940-cı illərdən yaranmışdı. 1945-ci ildən sonra bir çox müəssisə və təşkilatlarda, zavod və fabriklərdə stolüstü tennis bölmələri yaradılır və bu idman növü get-gedə inkişaf etməyə başlayır. 50-ci illərin əvvəllərində ilk dəfə olaraq Bakı stolüstü tennis bölməsi yaradılır və sonradan respublika Stolüstü Tennis Federasiyası təsis olunur. Həmin vaxtdan etibarən respublikada bu idman növü üzrə müxtəlif yarışlar keçirilməyə başlayır. Bakı şəhərinin ilk çempionları V.Lazorkin və R.Yaşagina olmuşlar. O dövrün ən güclü tennisçiləri arasında M.Şeydabəyovun, K.Bağırovun, V.Lazorkinin, R.Şapayevanın, O.Spiridonovun, A.Knijnikin və başqalarının adlarını çəkmək olar.
Azərbaycan Stolüstü Tennis Federasiyası 1995-ci ildən 207 dövlətin milli federasiyalarını özündə birləşdirən Beynəlxalq Stolüstü Tennis Federasiyasının (İTTF) və 56 Avropa milli federasiyalarının daxil olduğu Avropa Stolüstü Tennis Birliyinin (ETTU) və 2007-ci ildən Şərqi Avropa Liqasının üzvüdür.
Milli komandamız Avropa çempionatlarında ilk dəfə olaraq 1996-cı ildən, Dünya çempionatlarında 1997-ci ildən iştirak etməyə başlamışdır. 2010-cu ildə Azərbaycan stolüstü tennis tarixində ilk dəfə olaraq 4 nəfər idman mütəxəssisi K.Mikayılova, A.Zudov, F.İsmayılov və Z.Mikayılov “Beynəlxalq dərəcəli hakim” adına layiq görülmüşlər.
Bəs hazırda ölkəmizdə stolüstü tennislə bağlı vəziyyət necədir? Bu məsələləri stolüstü tennis üzrə milli komandanın məşqçisi Fərhad İsmayılovla müzakirə etdi.
Mütəxəssis son dövrlərdə gənc idmançılarımızın çıxışını uğurlu hesab edir:
“Ötən il bir neçə beynəlxalq yarışlarımız olub. Həmin yarışlar bizə reytinq xalları verirdi. Və mötəbər yarışlarda iştirak etmək üçün bu xallar bizim üçün olduqca önəmli idi. Bunların nəticəsində Polşada Avropa çempionatında iştirak etdik və medal qazanmasaq da, nəticəmiz pis deyildi. Həmçinin, digər beyxəlxalq yarışlarda da medallarımız olub. İdmançılarımızdan çempion olanlar var. Cari ildə də yarışlarda iştirak edirik. Nəticələrimiz uğurludur. Avropa və dünya seriyalı turnirlərdə onlarla medal qazanmışıq. Martda Türkiyədə keçirilən yarışda 10 medal qazanmışdıq. Yağmur Məmmədli 13 yaşadək idmançıların şəxsi mübarizəsində çempionluğu əldə etdi. Həmçinin Əlcəzairdə baş tutan dünya seriyalı turnirdə himnimizi səsləndirməyi bacarmışdıq. Qarşıda 13 yaşlı idmançılar arasında Avropa çempionatı gəlir, inanırıq ki, orda da çempionluq əldə edəcəyik”.
İsmayılov idmançılarımızın hazırkı çıxışının gələcəyə ümid verdiyini dedi:
“Hazırda qarşımıza məqsəd qoymuşuq ki, bu idman növündə uğurlarımız çox olsun. Buna görə də idmançılarımız tez-tez beynəlxalq yarışlarda, təlim-məşq toplanışlarında iştrak edirlər. İstəyirik ki, qısa zamanda Avropa və dünya çempionatlarında uğurlu çıxış edək. Bu il Olimpiya Oyunlarına lisenziya qazana bilməmişik. Lakin istəyirik ki, 2028-ci ildə keçiriləcək Oimpiadaya hazırkı idmançılarımızdan vəsiqə qazananlar olsun. Ümumilikdə götürsək, inanıram ki, növbəti illərdə uğurlu nəticələrimiz çox olacaq. Çünki buna potensialımız var”.
Mütəxəssis legionerlərdən imtina etdiklərini, daha çox yerli idmançılara üstünlük verdiklərini qeyd etdi:
“İdmançılarımız gəncdir. Çoxu 18 yaşa qədər uşaqlardır. Lisenziya turnirində bütün yaş qruplarından olan şəxslər çıxış edir. Orada yaş qrupları arasında mübarizə yoxdur. Bir çox ölkələr bu yarışlarda milliləşdirilmiş çinli idmançılarla çıxış edirlər. Onların sayəsində də lisenziya qazanırlar. Bizdə də çinli idmançılar var idi, lakin bir neçə ildir ki, onlardan imtina etmişik. Əsas istəyimiz öz yetirməmiz olan azərbaycanlı idmançıların yarışlarda uğur qazanmasıdır. İnşallah, 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanmaq şərtdir”.
Məşqçi ölkəmizdə idman növünü daha çox tanıtmaq üçün təbliğat işlərinin aparıldığını dedi:
“Güləş, futbol və başqa idman növləri kimi stolüstü tennisə maraq yüksək deyil. Uşaqları bu idman növünə cəlb etməkdə çətinlik çəkirik. Amma əlimizdən gələn qədər təbliğat aparmağa çalışırıq. Validenyləri inandırmağa çalışırıq ki, stolüstü tennis həm də insan sağlamlığına müsbət təsir göstərir. Beyin yaxşı çalışır, həmçinin fiziki cəhətdən sağlam olursan. Bundan başqa, gözündə də problemlər az olur. Bir sözlə, sözügedən idman növü insan üçün hərtərəfli faydalıdır. İnandırırıq ki, uşaqları gələcəkdə peşəkar idmançı olacaq. Bölgələrdə müəllimlərimiz var ki, federasiya tərəfindən dəstəklənirlər və tennisçilərin yetişdirilməsində bizə yardım edirlər. 25 nəfərə yaxın məşqçimiz var ki, 6-8 yaş aralığı uşaqlarla işləyirlər. Onların qarşısına idmançı yetişdirmək hədəfi qoyulub. Hazırda ölkə çempionatı keçirilir. Oradan perspektivli idmançıları milli komandaya cəlb etmək istəyirik”.
Məlik Məlikov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.