“Qarabağ”ın U-15 komandası gələn ay Qətərə yollanacaq. “Aspire Akademiya”nın təklifi ilə Dohaya yollanacaq kollektiv burada iki yoldaşlıq oyunu keçirəcək.
Bu, U-15 komandasının bumövsümkü ikinci beynəlxalq səfəri olacaq. Vüqar Əsgərlinin rəhbərlik etdiyi komanda daha əvvəl fevralda Belarusun paytaxtı Minskdə keçirilən turnirdə iştirak edib və 5-ci yeri tutub.
Ümumiyyətlə, ötən ay Aftandil Hacıyevin “Qarabağ” akademiyasına koordinator təyin olunmasından sonra aşağı yaş qruplarının beynəlxalq turnirlərə yollanması artıb. U-15-dən əlavə U-13 və U-14 də Minskdə keçirilən turnirdə mübarizə aparıb, U-14 çempion olub.
Bu dəfə isə U-15 və U-17 komandaları “Aspire Akademiya”ya yollanacaq.
U-15-in baş məşqçisi Vüqar Əsgərli ilə komandanın durumu və Qətər səfəri haqda söhbətləşdik:
“Komandada vəziyyət qaydasındadır. Şükürlər olsun, işlərimiz yaxşı gedir. Planlarımız üzrə davam edirik. Mayın 18-dən 23-nə kimi Qətərdə olacağıq. “Aspire Akademiya”nın dəvəti ilə oraya yollanıb, iki yoldaşlıq oyunu keçirəcəyik. Sırf bu oyunlar üçün akademiya səviyyəsində xüsusi planımız olmayacaq. Bu cür toplanışlar işimizin bir hissəsidir”.
Əsgərli U-15-ə təyinatından sonra ikinci dəfə ölkə xaricinə yollanacaqlar. İlk sınağını Belarusda verən komanda bu dəfə gücünü Dohada sınayacaq:
“İlk səfərimiz Belarusa oldu. Minskdəki turnirdə pis çıxış etmədik. Uşaqlarda təcrübə çatışmazlığı hiss edilirdi. İndi növbəti sınağımıza çıxacağıq. Bu dəfə uşaqlar əvvəlkindən daha fərqli olacaq. İndi bir az təcrübəlidirlər. Belə səfərlər uşaqların futbolçu və şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Onlar tək idmana diqqət etmir, əcnəbilərlə ünsiyyət, onlarla söhbətləri uşaqlar üçün faydalıdır. Uşaqlar xaricdə özlərini daha yaxşı tanımağa başlayırlar. Eyni zamanda dünya görüşləri də formalaşır”.
Mütəxəssis beynəlxalq turnirlərin məşqçilər üçün də faydalı olduğunu qeyd etdi:
“Tək uşaqlar yox, məşqçilər üçün də belə səfərlərin faydası böyük olur. Əcnəbi məşqçilərlə görüşür, onların metodikası ilə tanışır olursan. Nələrsə öyrənir, biliklərinin üzərində əlavə edirsən. Ümumi olaraq, toplanışlar həm uşaqlar, həm də məşqçilər üçün çox faydalıdır”.
Vüqar Əsgərli “Qarabağ” akademiyasındakı durumdan, U-15 komandasındakı uşaqların potensialından da söz açdı:
“Akademiyada işlər yolunda gedir. Hər komanda artırmağa, inkişaf etməyə çalışır. Məqsədlərimiz var və bunun üçün bir yola çıxmışıq. Biz məşqçi olaraq aşağı yaş qruplarında əsas işimiz komandalara və millilərə oyunçu verməkdik. Kifayət qədər potensiallı uşaqlarımız var. Bəzilərinin yaşı az olsa da, böyük komandalarda oynayır. Biz bioloji yaşa da diqqət edirik. Uşağın erkən vaxtlarda böyük futbolda özünü sınaması onlarçün də faydalı olacaq. Belə desək, uşaqlar aşağı yaşlardan böyüməyə başlayır”.
Mütəxəssis 15 yaşadək futbolçuların yerli çempionatı haqda da fikirlərini bölüşdü:
“Maraqlı yarış gedir. Demək olar, hər şərait yaradılıb. Tək problem meydança məsələsidir. Bəzən elə stadionlar olur ki, baxımlı futbol oynaya bilmirsən. Qalan şərait yaxşıdır. Bu problem də həllini tapsa, daha yaxşı olacaq. Azərbaycanda uşaq futbolunda çatışmazlıqlardan biri qeyd etdiyim stadion məsələsidir. Bəzən uşaqlar tez zədələnir, süni örtük oynamağa imkan vermir. Buna baxmayaraq, hazırlaşırıq və çalışırıq ki, yaxşı uşaqlar üzə çıxara bilək”.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.