Sxadadze: “Bu sualları özümüzə veririk”

Azərbaycan Premyer Liqasının XXXIV turunun “Qəbələ” – “Sabah” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Oyun barəsində pozitivlərdən danışmaq istəyirdim. Ardıcıl ikinci oyunda qələbə qazandıq, amma çempionatdan düşmüşük. Oyunçularımız maksimum peşəkar olmalı, bütün güclərini qoymalıdırlar. Hamı belə olmalıdır. İkinci müsbət məqam gənc oyunçuların şansını yaxşı dəyərləndirməsidir. Eşqin bu gün oyunun ən yaxşısı idi, əlindən gələni etdilər. Digər gənc oyunçumuz İbrahim da müdafiənin mərkəzində əla oynadı. Qırmızı vərəqədən əvvəl də, sonra da oyuna nəzarət edən biz idik. Rəqib standart vəziyyətlərdən və müdafiəçilərin arxasına atılan toplardan başqa nəsə etmədilər. “Qırmızı”dan sonra rəqibi “öldürməyə” çalışdıq. Qələbələr gəlsə də, sonuncu olacağıq. Gələcəkdə necə olacağını görəcəyik.

– Düşünmürsünüz ki, yerli oyunçulara şans verməkdə gecikdiniz?
– Bilirsiniz, bəzən biz də bu sualları özümüzə veririk. Neçə müddətdir burdayıq? Çempionatın 3/4-ü keçəndən sonra bura gəlmişik. Şahin Şahniyarovdan başqa digər gənclər şans qazanmırdılar. Müəyyən vaxt lazım idi, əvəzedicilərin oyunlarına baxdıq, uşaqları komandaya qoşduq. Psixoloji məqamları da unutmamaq lazımdır. Gəncləri oyuna daxil edəndə vəziyyəti nəzərə almaq lazımdır. Bu sualları özümüzə veririk. Şikayətlənmirik.

– Sonuncu əvəzetmədən sonra İlkin Qırtımov qəzəblənmişdi və oyunsonunu gözləməyərək, birbaşa paltardəyişmə otağına getdi. Onunla danışmısınızmı?
– Hər kəsin öz vəzifəsi var. Ona şans vermişdik, sonra zədələnmişdi. Düşüncəm odur ki, onun mövqeyində olanlar daha yaxşı çıxış edir. Belə şeylərə 10-15 il əvvəlki kimi reaksiya vermirəm. Ola bilsin, yaşlanmışam.

– Ardıcıl iki qələbə qazanmağınıza komandanın rahat oynaması, təzyiq altında olmaması səbəbdir?
– Əlbəttə, ola bilər. Amma oyunçu meydana çıxanda həmişə stressli olur. Həmişə uşaqların rahat olmasına çalışmışıq. Çox oyunda bəxtimiz gətirməyib. Real qol imkanlarından yararlana bilməmişik. Bir neçə oyunda hesabı açıb, önə keçsək də, qoruya bilməmişik. Uşaqlar sabahını düşünməlidir, nə olacağını Allah bilir.

Şahin Cəfərov