Futbolda stabil nəticələrə nail olmağın yolu uşaq futbolunda inkişafdır. Ölkəmizdə bu sahənin problemli olduğundan çox danışılır, yazılır. Ancaq bəzi pozitiv məqamlar da olub, var.
Bir neçə il əvvələ qədər “Qəbələ” Futbol Akademiyası ölkədə “1 nömrə” idi. İndinin özündə də Premyer Liqa klublarının əksəriyyətində orada yetişən futbolçulara rast gəlmək olar. Klubda olan maliyyə çətinliklərinə görə son illər “Qəbələ”nin akademiyasının işində də axsama yaranıb. Əyalət klubundan estafeti qəbul edən isə “Sabah”dır. Uşaq futboluna böyük maliyyə ayıran paytaxt təmsilçisinin akademiyasından yaxın illərdə bacarıqlı oyunçuların üzə çıxacağını ehtimal etmək olar.
Uzun illər Azərbaycanda çalışmış, “Qəbələ” Futbol Akademiyasında baş məşqçi olmuş Halim Fıçıcı ilə əlaqə saxlayıb, orada gördükləri işlər, ölkə uşaq futbolundakı çatışmazlıqlar və həll yolları barədə söhbətləşdik…
– 12 il Azərbaycanda, “Qəbələ”də işləmisiz. Həmin vaxtları necə xatırlayırsınız?
– Qəbələ mənim üçün xüsusi yerdir. Ora üçün çox darıxıram. Azərbaycanlıları çox sevirəm. Azərbaycan mənim iki vətənimdən biridir. 12 il orada sevərək işlədim. Çox yaxşı işlər də gördük. Düşünürəm ki, Bakıda olsaydıq, Qəbələdə etdiklərimizdin çoxunu edərdik. Biz gedəndə orada vəziyyət çətin idi. Sıfırdan nələrsə etməyə çalışdıq. Akademiya işləri uzunmüddətli olduğu üçün səbirli olmaq lazımdır. Rəhbərlik bu dözümü göstərdi. İndi “Qəbələ” Futbol Akademiyasının hər yerdə oyunçusu var. Orada gördüyümüz işlə fəxr edirəm.
– Ağlınızda olan ideyaları tam həyata keçirə bildiniz?
– Xeyr. Təxminən 75 faizini etdik. 25 faizini bacarmadıq. Bunun da bəzi səbəbləri var idi. Bacarmadıq, olmadı.
– Azərbaycan uşaq futobluna ən yaxşı bələd olanlardan birisiniz. Hansı qabarıq çatışmazlıqları qeyd edə bilərsiniz?
– Bu barədə çox danışmışam. Amma dediklərim havada qalıb. Azərbaycanda uşaqlar çox istedadlıdırlar. Onları inkişaf etdirmək lazımdır. Obrazlı ifadə etsək, Azərbaycanda un var, şəkər var, yağ var, amma halva yoxdur. Çünki təşkilatçılar işi görüntü xatirinə edir, liqalar görüntü üçün keçirilir. Aşağı yaş liqaları uşaqların sağlamlığı baxımından faydalıdır. Amma gələcək üçün heç nə vəd etmir. Məşqçilərin çoxu təhsilsizdir. Bunları düzəltmək lazımdır. İlk növbədə rəqabət mühiti yaranmalıdır. Liqalarda bu yoxdur, yalnız 3-4 komanda bir-biri ilə mübarizə aparır. Rəqabət olmayanda inkişaf edə bilmirlər. Biz orada hər il bir neçə beynəlxalq turnirə gedirdik. Həmin yarışların böyük faydası oldu. Son illərdə maliyyə çətinlikləri yarandığından o da dayandı. Uşaq ölkə xaricinə çıxanda həm dünyagörüşü artır, həm də daha güclü rəqiblərə qarşı oyunu inkişaf edir. Yekunda özünəinamı artır.
– Çıxış yolunu nədə görürsüz?
– Uzunmüddətli planlara imkan verilməli və səbr edilməlidir. Aşağı yaşlar üçün pul xərcləməlisən. Bu maliyyə gözə dəymir. Azərbaycanda futbolun coğrafiyasını genişləndirmək lazımdır. Bəzi yerlərdə qış çox soyuq keçir. Məktəblərdə qapalı futbol meydanları düzəltmək olar. Orada qışda da oynaya bilərlər. Çoxlu uzunmüddətli planlar hazırlanmalı, həyata keçirilməlidir.
– Bu qədər problemlərin olduğu mühitdə “Qəbələ”də necə uğurlu ola bildiniz?
– Buna səbəb klub rəhbərliyinin uzaqgörənliyi imkan yaratdı. Bizdən heç vaxt nəticə istəmədilər. Tələb olunan əsas komandaya oyunçu hazırlamaq idi. Orada məşqçilərin böyük əksəriyyətini mən yetişdirmişəm. Rahatlıqla da akademiyanı onlara həvalə etdim. İndi də imkanlar daxilində olduqca uğurludurlar. Heç vaxt çempionluq istəməmişik. Lakin bir komanda var idi, məşqçi çempion olmadı deyə, qovmuşdular. Çempion olana isə mükafat verirdilər. Bunlar düzgün şeylər deyil. Uşaq futbolunda belə şey olmur. Azərbaycan yaxşı potensialı olan yerdir. Bundan yararlanmaq üçün üzunmüddətli planlar lazımdır. Milli komanda 4 qələbə qazanıb. Bunlar vacib deyil, müvəqqəti şeylərdir. Əhəmiyyətli olan stabillikdir. Bunun da yolu uşaq futbolu ilə gələcəyi dəstəkləməkdir. Qəbələdə bunu etmişdik. Bütün qruplarımız çox yaxşı idi. İndi baxıram, Elvin Camalov, Amil Yunanov, Amin Seydiyev, Qismət Alıyev, Murad Musayev, Rövlan Muradov kimi oyunçular var. Kamran Quliyev, Emil Səfərov da artıq özünü göstərməyə başlayır. Baxıram, fəxr edirəm. “Qəbələ” Futbol Akademiyası Azərbaycan futbolu üçün lokomotiv olub. Orada da indi maddi vəziyyətin yaxşı olmadığını bilirəm. Maliyyə çox vacibdir. Beynəlxalq yarışlara mütləq getmək lazımdır.
– Kənardan baxanda maliyyə çətinlikləri ilə üzləşən “Qəbələ” Akademiyasının hazırkı durumu sizə necə təsir edir?
– Ora mənim uşağım kimi idi. Hər şeyi özümüz qurmuşduq. 12 il az müddət deyil. İndiki duruma çox üzülürəm.“Bakı” Akademiyasının dağılmasına da kədərlənmişdim. Onlar rəqabət apara bilirdilər. Eyni taleyi yaşamaması üçün AFFA maliyyə olaraq təcili şəkildə “Qəbələ” Akademiyasına sahib çıxmalıdır. Əsas komanda bir yana, akademiyaya dəstək lazımdır. Pul yoxdursa, futbolda heç nə edə bilmirsən.
– Azərbaycanda uşaq futbolu tək “Qəbələ” Akademiyası ilə deyil. Orada məşqçiləri özünüzün yetişdirdiyinizi dediniz. Bəs ümumən ölkədə uşaq futbolu məşqçilərinin səviyyəsi necədir?
– Yaxşı məşqçilər var. Orada olsaydım, bir neçəsini transfer edəcəkdim. Amma heç futbolla əlaqəsi olmayanlar da var. AFFA bunlara nəzarət etməlidir. Uşağı döyən məşqçilər tanıyıram. Özüm görmüşəm, müdaxilə də etmişəm. Ümumən, 12 il ərzində irəliləyiş var idi. Bunu görməzdən gələ bilmərəm. Davamlı olması üçün isə uzunmüddətli planlar hazırlanıb, icra edilməlidir. Uşaq futboluna yatırılan pullar görünmədiyi üçün çoxu xərcləmək istəmir.
– “Qəbələ”də böyük potensial gördüyünüz, amma ümidlərinizi doğrultmayan kimlər var idi?
– Müşfiq Hamidi adlı uşaq var idi. Yox oldu getdi. Sonra Roman Hüseynov var idi. Əsas komandada da oynayırdı. O da yoxa çıxdı. Buna oxşar çoxlu oyunçular var idi. Gələcəklərinə ümidimiz çox olsa da, alınmadı.
– Niyə?
– Mühit çox vacibdir. Getdiyi məktəb, yaşadığı yer və s. amillər uşaqlara təsir edir. Görürsən ki, çox bacarıqlıdır, amma mühit ona problem yaradır, məşqdə müəlliminə hörmətsizlik edir, gəlir, amma həvəssizdir, nəsihət verirsən, dinləmir və s. Çox istəyərək aldığım oyunçular var idi, amma məcbur qalıb qovurdum.
– İstedadlı uşaqları bu cür əlavə təsirlərdən qorumağın heç bir yolu yox idi?
– “Qəbələ”dən sonra bir müddət “Qalatasaray”da çalışdım. Orada bütün qruplara psixoloq cəlb etmişdik. Onlar uşaqların şəxsi inkişaf, məktəb, ailəsi ilə münasibətlərini nəzarətdə saxlayırdı. Bir komandada 20 futbolçu var. Tək psixoloq hamısını izləyə bilməz. Hər qrup üçün lazımdır. Azərbaycanda bunu edə bilmədik. Uşaqların koordinasiya problemi üçün də məşqçi axtardıq, tapa bilmədik. Qidalarına nəzarət üçün mütəxəssis istədik, o da olmadı.
– Son illər Azərbaycandan ölkə xaricinə çoxlu oyunçular getdi, amma geri qayıtdılar. Sizcə, bunun əsas səbəbi nədir?
– İlk səbəb odur ki, xaricə uyğunlaşa bilmirlər. Digər tərəfdən, uşaqlarımız asana qaçır. Xaricdə rəqabət aparmalı, digərlərindən çox üstün olmalısan ki, sənə şans versinlər. Futbolçular Azərbaycandan təklif alanda deyirlər ki, xaricdə çətinlik çəkməkdənsə gedim, ölkəmdə oynayıb. Dostlarım ailəm də ordadır. Başqa bir səbəb Azərbaycan insanının həssaslığıdır. Ailədən çox uzaq qala bilmirlər. Bunu dəyişmək lazımdır. Psixoloq istəməyimin səbəblərindən biri bu idi. Uşaqlar hədəflərini yuxarı müəyyənləşdirməlidirlər. Bunları aşağı yaşlardan psixoloqlar başa salmalıdr. Çox əhatəli planlama lazımdır.
Faiq Tahirov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu