I Liqanın XXV turunun “İmişli” – “Qaradağ Lökbatan” oyununda birinci hissənin sonlarında matç dayandırılıb. Buna səbəb meydan sahiblərinin sayılmayan qolundan sonra azarkeşlərin meydançaya yad əşyalar atması olub.
10 dəqiqə fasilə yaranan matç qaldığı yerdən davam edib və bərabərliklə başa çatıb – 0:0. AFFA İntizam Komitəsi “İmişli”ni yaşanan xoşagəlməz hallara görə 500 manat məbləğində cərimələyib. Klubun İdarə Heyətinin sədri Aqşin Mürsəlov “FutbolPress“ə açıqlamasında qərardan şikayət etməyəcəklərini bildirib:
“Əlbəttə, başa düşürük ki, 3500-4000 azerkeş qarşısında həm oyun oynamaq, həm də oyun aparmaq (hakimlik etmək) asan deyil. Hakim səhvləri ilə mövsümboyu qarşılaşmışıq. Amma bu ana qədər narazılığımızı bildirməmişdik. Son oyunda hakim səhvi nəticəyə təsir etdi və vacib üç xal itirdik”.
“İmişli” lider “Qaradağ Lökbatan”dan 6 xal geri qalır. Sona iki tur qalmış xallar eyni olsa belə, şəxsi oyunlarda “Qaradağ Lökbatan”dan geri qalan “İmişli”nin çempionluq şansı yoxdur. Mürsəlov ikincilik üçün mübarizə aparacaqlarını bildirdi:
“Xal fərqimiz kifayət qədərdir. Rəqibin də “Mingəçevir” və “Şamaxı” ilə oyunu qalıb. Çempionluq şansımız qalmayıb, ikincilik üçün oynayacağıq. Ümidliyik ki, Premyer Liqada komanda sayı artacaq və İmişli elitada təmsil olunacaq”.
Şahin Cəfərov