Dünən “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasında yarımfinalın ilk oyunu baş tutub. “Sabah” və “Xırdalan”nı asanlıqla məğlub edib – 101-85. Komandalar arasında ikinci oyun mayın 10-da baş tutacaq. Ən tez iki qələbə qazanan komanda finala vəsiqə qazanacaq.
“Sabah”ın üzvü Endər Poladxanlı “FutbolPress“ə açıqlamasında oyun haqda fikirlərini bölüşdü:
“Qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Məşqçilər korpusu rəqibi yaxşı analiz edib, bizə lazım olan məlumatları çatdırmışdılar. Biz də öz işimizi yerinə yetirə bildik. Oyun nəzarətimizdə idi. Lakin ilk 10 dəqiqədə onlar da atışlarda dəqiq oldu. Növbəti periodlarda üstün tərəf olduq, müdafiəni düzgün qura bildik. Bu da öz əksini hesabda tapdı və üstünlük əldə edib, qələbə qazandıq”.
Poladxanlı cavab oyunu haqda da fikirlərini bölüşdü:
“İkinci matç üçün qəti şəkildə arxayın olmamalıyıq. Çünki “Xırdalan” zəif komanda deyil. Rəqib ikinci oyunda toparlanacaq. Onlar üçün bu mövsün son qarşılaşma ola bilər. Ona görə də maksimum güclə meydana çıxacaqlar. Hesabın bərabərləşməməyi üçün arxayınlaşmaq olmaz. Biz də əlimizdən gələni etməliyik ki, ötən oyunda olduğu kimi qələbə qazanaq və finala vəsiqə qazanacaq”.
Yarımfinalın digər cütündə NTD İNDİQO ilə “Xəzri” üz-üzə gələcək. Basketbolçu hər iki rəqibin olduqca güclü olduğunu dedi və finala hansı kollektivin vəsiqə qazanacağını deməkdə çətinlik çəkdi:
“Finalda kiminlə qarşılaşmaq istəyərdik sualı ətrafında hazırda düşünmürük. Hər iki komanda olduqca güclüdür. Yaxşı oyunçuları var. Mənə görə hər ikisinin səviyyəsi eynidir. Ümumiyyətlə, bu mövsüm olduqca maraqlıdır və kimin qalib olacağını demək çətindir. Bu il həm rəqabət artıb, həmçinin basketbolçuları keyfiyyəti. İnkişaf açıq-aydın görünür”.
Məlik Məlikov