Sxadadze də qələbə gördü, “Səbail” daha bir il avrokuboklardan uzaq qalacaq

“Qəbələ” Kaxaber Sxadadzenin rəhbərliyi altında ilk qələbəsini qazanıb. “Qırmızı-qaralar” 33-cü turda “Səbail”i səfərdə məğlub etməyi bacarıb – 3:2.

Ötən tur elitanın sonuncusu olacağı dəqiqləşən “Qəbələ” bu matçda daha rahat oynadı. Görünür, oyunçular indi daha rahatdır və təzyiq olmadan nəticə əldə edə bilirlər. Əlinə düşən şansları maksimum dəyərləndirməyi bacaran “Qəbələ” rəqibinə də ciddi qol epizodları demək olar, vermədi. Bu, Kaxanın “Qəbələ”dəki ilk qələbəsi kimi tarixə düşdü, ancaq…

Ehtiyac duyulmayan qələbə… Vacib olan məqamlarda itirilən xallardan sonra bu qalibiyyətin komandaya müsbət əhval-ruhiyyədən başqa nəsə verməyəcək. “Qəbələ” ha bütün oyunları qazandı, ha qazanmadı, elitadı yeri dəyişməyəcək, sonuncu olaraq qalacaq.

“Səbail” isə avrokubok şansını itirdi. Mövsümün birinci dövrəsində əldə etdiyi nəticələrlə turnir cədvəlinin “üçlüy”ündə qərarlaşan “dənizçilər” indi “altılığın” sonuncusudur. Baş məşqçi Şahin Diniyev nəticəni qənaətbəxş hesab edir, tutduqları mövqeden narazılıq bildirmir. Amma “Səbail” imkanlarına görə üst sıralarda yer alan “Sumqayıt”dan daha yaxşıdır, legionerləri də elə. Son illərdə bir dövrəni yaxşı, bir dövrəni pis keçirən “Səbail”də əsas problem isə stabilliyin olmamasıdır. Zədələr, vərəqə cəzalıları fonunda komanda sabit nəticələr əldə edə bilmir. Məntiqi yekun isə 6-cı mövqedir.

Bayılda komandaların duelində “Qəbələ” həm ilk qələbəsini qazandı, həm də bu mövsüm “dənizçilər”ə birinci dəfə qalib gəldi. İndi düşərgədə müsbət atmosfer olmalıdır. Lakin “Səbail” adına isə uğursuz seriya davam etdi, avrokubok şansı əldən çıxdı.