“Sabah” Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində səfərdə “Araz-Naxçıvan”a qalib gəlib – 1:0
Masazır təmsilçisi oyuna erkən qolla başladı. Ayaz Quliyev 1-ci dəqiqədə baxımlı qolla hesabı açdı. Bu matçda vurulan ilk və son qol oldu. Qoldan sonra Naxçıvan təmsilçisi təzyiqi artırmağa çalışsa da, bu nəticəsi olmayan 2-3 hücumla başa çatdı. Futbolçuların qeyri-dəqiqliyi tablodakı hesabın dəyişməsinə mane oldu. İlk yarıda “Sabah” topa daha çox nəzarət etdi, lakin “bayquşlar” da bunu məntiqi nəticə ilə tamamlamağı bacarmadılar. İkinci hissəyə də “Sabah” daha sürətli başladı. Hücumların birində əllə oyuna görə “Araz-Naxçıvan”ın qapısına penalti zərbəsi təyin olundu. 54-cü dəqiqdə topa yaxınlaşan Sofian Çaklanın fərqlənməsinə Kristian Avram mane oldu. İkinci hissdə daha çox əks-hücumlara bel bağlayan Masazır təmsilçisi qapısını toxunulmaz saxlamağı bacardı. Oyunun sonlarına doğru hücumlarının kəsərini artıran “Araz-Naxçıvan” fərqlənməyə yaxın olsa da, qapı dirəyi “Sabah”ı qoldan xilas etdi. Beləliklə, “Sabah” avrokuboklar yolunda vacib qələbə qazandı.
Hazırda Krunoslav Renduliçin komandasının aktivində 52 xal var, yalnız əlavə göstəricilərə görə “Zirə”dən sonra 3-cü pillədə qərarlaşıb. Qəsəbə təmsilçisinin hələ də avrokubok iddiaları davam edir. Arokuboklara getmək şansını öz əlində saxlayan komanda növbəti oyunlarda qələbə qazanarsa, bu işin öhtəsindən gələcək. Komandanı qarşıda “Qəbələ”, “Sumqayıt” və “Neftçi” ilə vacib matçlar gözləyir. Bu oyunlardakı mümkün xal itkiləri “Sabah” üçün çətinlik yarada bilər. Ehtimal ki, avrokubok mübarizəsi son tura qədər davam edəcək. Yalnız “Neftçi” ilə son turdakı matçdan sonra nəticələr məlum olacaq.