Ardıcıl iki qələbə və avrokubok yarışına qoşulmaq – “Turan Tovuz”un üç tur öncəki çıxışı. Ayxan Abbasovun komandasının nəticələri ürəkaçan idi. “Sabah”dan, “Qəbələ”dən üç xal, bəli, komanda yarışa qoşulur. “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Zirə” və… “Turan Tovuz” deyilirdi, inanılırdı, ancaq…
Sanki göz dəydi. Tovuzlular indi üç oyundur, xalsız qalır. “Sumqayıt”a evdə 1:4 hesablı məğlubiyyətdən sonra komanda özünə gələ bilmir. Haqqını vermək lazımdır, “Zirə” ilə son turun oyununda daha yaxşı tərəf idilər, qol epizodlarında üstünlük də onlarda idi, ancaq… sonluq çatmadı. Sonluq yoxdursa, xal da yoxdur, avrokuboklar da…
Mövsümün əvvəlindən hədəflərinin klub kimi inkişaf etmək, böyümək olduğunu deyən Ayxan Abbasov nəticələrin pis olması fonunda yenə narazılıqla üzləşir. Yenə məğlubiyyətdən sonra bir qisim azarkeşlər tərəfindən istefaya səsləndi. Başadüşüləndir, fanat nəticə tələb edir, uzunmüddətli layihə sonunda inkişafı düşünən isə azlıq təşkil edir.
“Turan Tovuz” hücum planında çempionatın ən yaxşı komandalarındandır. Təsadüfi deyil ki, 33 turdan sonra ən çox qol vuran tovuzlulardır – 48 qol. Buna baxmayaraq, ən çox qol buraxanlar sırasında da ikinci onlardır – 49 qol. Müdafiədəki fərdi səhvlər mövsümboyu komandaya baha başa gəlib. “Zirə” ilə görüşdə rəqibə 2-3 qol şansı verən “Turan Tovuz” bir müdafiəçinin, bir də qapıçının səhvindən məyus oldu. Səhvlər də futbolun bir parçasıdır – əsas olan dərs çıxarmaqdır.
“Turan Tovuz” 42 xalla 7-ci pilləyə geriləyib, qarşıdakı üç turda 8-ci “Kəpəz”in onlara çatması çətin görünür. Arada 7 xal fərq var və növbəti turda qazanılacaq mövsümü azı 7-ci sırada bitirməyi təmin edəcək. Uğurdurmu? Deməzdim… Uğursuzluqdurmu? O da sayılmaz.
Büdcəsi və imkanlarına görə üst sıralarda olan komandaları ötmür. Premyer Liqada ikinci ilini yaşayan “Turan Tovuz” yeni mövsüm üçün iddialı ola bilər. Komandanın buna potensialı var, Ayxan Abbasov daha əvvəl həm “Zirə”, həm “Sumqayıt”la yaxşı nəticələrə imza atıb. Sponsor dəstəyi ilə komanda daha yaxşı işlər görə bilər. Bununçün zaman lazımdır və əsas məsələ ehtiyac olan vaxtın Abbasova verilməsidir. Yayda heyətin zənginləşdirilməsi və keyfiyyətli legionerlərin cəlb edilməsi ilə “Turan Tovuz”u növbəti mövsüm üçün avrokubok yarışında görmək mümkündür. Bu isə rəqabətin daha artması, APL-in cəlbedici olması ilə nəticələnəcək.
Kamil Əhməd