Azərbaycan Premyer Liqasında XXXIII turun oyunları keçirilir.
Avrokuboklar uğrunda mübarizə aparan “Sabah” və “Zirə” turu qələbə ilə başa vurub, “Neftçi” isə darmadağına məyus olub. “Sumqayıt” “Kəpəz”lə görüşdə son dəqiqədə qələbəni əldən verib.
Turun oyunlarından sonra “Sumqayıt” 2-ci, “Neftçi” 3-cü pilləni tərk etdi. Tovuzda qələbə qazanan “Zirə” ikinci sıraya yüksəlib. “Araz-Naxçıvan”ı məğlub edərək ardıcıl dördüncü qələbəsini əldə edən “Sabah” isə üçüncü pilləyə yüksəlib.
Avrokuboklar uğrunda mübarizədə son durum:
- Zirə – 52 xal
- Sabah – 52 xal
- Sumqayıt – 51 xal
- Neftçi – 50 xal.
“Zirə”ni növbəti turda “Qarabağ”la ciddi sınaq gözləyir. Bu mövsüm çempionu məğlub etməyi bacaran azsaylı komandalardan olan “qartallar” uğurunu təkrarlamağa çalışacaq. “Neftçi” “Kəpəz”i, “Sumqayıt” isə “Səbail”I qəbul edəcək. “Sabah”ın rəqibi isə “Qəbələ” olacaq. “Neftçi”, “Sumqayıt” və “Sabah” APL-də iddiası qalmayan komandalarla üzləşəcək.
Çempionatda sona 3 tur qalıb və avrokubok zonasında olan hər komandanın şansları bərabərdir. İndiki durumda “Sabah” və “Zirə” daha öndə görünən tərəflərdəndir. Lakin “Sumqayıt”ın oyun təqvimi “kimyaçılar”a az da üstünlük qazandıra bilər. “Neftçi”nin sonuncu turdakı “Sabah”la görüşə qədər özündən aşağı iddiası olmayan komandalarla dueli olacaq.
Premyer Liqada son illərin ən rəqabətli yarışına şahidlik edirik. Əvvəlki illərdə sona 4-5 tur qalmış çempion, avrokubok iştirakçıları bəlli olsa da, indi vəziyyət olduqda gərgindir. Üç turda maksimum diqqətli olan, daha az səhvə yol verən komandalar yeni mövsümü erkən – avrokuboklarda açacaq.
Şahin Cəfərov