Azərbaycan Premyer Liqasının XXXIII turunun “Araz-Naxçıvan” – “Sabah” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Oyunu iki hissəyə ayırardım. İstədiyim komandanı birinci hissədə meydanda görə bilirdim. Çoxsaylı hücumlar edirdik, ancaq son nöqtəni qoya bilmədik. Ümumilikdə, komandanın oyunundan razı qaldım. Qarşıda üç tur var, komanda şəklində daha yaxşısını edə bilərik.
– Xal qazanmaq üçün nə çatışmadı?
– “Sabah” bəxt sayəsində qələbə qazandı. Ancaq onların qalibiyyətinə kölgə salmaq istəmirəm. Futbol belə oyundur.
– İlk hissədə yaxşı oynadığınızı dediniz. Fasilədən sonra bunu nə üçün edə bilmədiniz?
– İkinci hissənin əvvəlində oyun ritmindən düşmüşdük. O müddətdə rəqib üstünlük göstərdi. Sonra tempi bərpa etdik. Məğlub olmaya bilərdik. Bu gün şans rəqib tərəfdə idi.
– Yeni mövsümün komandası haqda planlarınız var?
– Gələn il haqda danışıq olmayıb. Sadəcə, bu çempionatı başa vurmaq lazımdır. Yenə də, 8-ci, 9-cu olacağıq, bilmirəm. Hər oyuna yüksək hədəf üçün çıxırıq. Komanda siqnal verir ki, gələn il işimizə davam edəcəyik. Futbolçular da əllərindən gələnin ən yaxşısını etməyə çalışacaqlar.
Məlik Məlikov