Tәhsil, idman – sağlam cәmiyyәt

FutbolPressƏhalinin kütləvi bədən tərbiyəsi və idmanla məşğul olması üçün münbit şəraiti olmalıdır. Əhatəli infrastruktur, yaşayış  səviyyəsi, insanların rifahının yüksəlməsi təmin edilmədən, sağlam həyat tərzinin formalaşması, gələcəcəyə ümidin yaradılması qeyri-mümkündür. Yalnız kompleks planlaşdırma nəticəsində bunları reallaşdırmaq olar.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası rəhbərliyinə gəlәndә ölkә geridə qalmış aqrar respublika statusunu daşıyırdı. Nisbətən Bakını çıxmaq şərtilə, əhali geniş imkanlardan məhrum idi, əsasən də gənc nəslin, yerli potensialın sabaha ümidsizliyi hökm sürürdü. Tarixən yığılıb qalmış problemləri 5-10 ilə aradan qaldırmaq inanılmaz fədakarlıq, bilik, qətiyyət, rəhbər bacarığı tələb edirdi. Hansısa sahədə birtərəfli inkişaf, yarımçıq iş sayılardı.

Ulu Öndər Heydər Əliyev zəkası, uzaqgörənliyi Azərbaycanda gələcək bünövrənin möhkəm inkişaf təməlini qoydu.
1969-cu ildə hakimiyyətə gəldikdən sonra respublika inşaat meydanına çevrildi. Paralel olaraq həm gələcək düşünülür, həm də əhalinin imkanlarının yaxşılaşdırılması üçün yeni-yeni yaşayış massivlər salınır, ittifaq əhəmiyyətli zavod, fabriklər tikilirdi.

Paytaxtda Əhmədli, Yeni Günəşli, 8-ci kilometr, Bakıxanov, mikrorayonlardan tutmuş Buzovna, Mərdəkan, Hövsan, Xırdalana kimi  5, 9 mərtəbəli yaşayış binaları inşa edilirdi. Hər il yüzminlərlə sakin yeni mənzillərə sahib olurdu. Ən önəmlisi, Heydər Əliyev uzaqgörənliyi sayəsində, Bakı öz koloritini, beynəlmiləlliyini qorumaq şərti ilə daha da milliləşirdi. Çox keçməyəcək, bu amil, yerli potensialın yüksəlməsi, 80-ci illərin sonu, 90-cı illərdə Azərbaycanın xilaskarına çevriləcək, müstəqilliyimizin qazanılmasında müstəsna rol oynayacaqdı.

Ümumilli Lider Heydər Əliyev dövründə rayonlaşma geriliyindən şəhərləşmə prosesinə kütləvi start verilib. Tək paytaxtda deyil, bütün bölgələrimiz üzrə, irili-xırdalı şəhər və rayonlarımızda hündürmərtəbəli binaların tikintisinə start verilib. Təbii ki, bu işlərdə idman komplekslərinin, stadionların ərsəyə gəlməsinə xüsusi diqqət yetirilirdi. Bu layihələrin həyata keçirilməsi böyük vəsait tələb edirdi. Azərbaycan keçmiş SSRİ-də az sayda respublikalardan idi ki, nəinki dotasiya ilə yaşamırdı, mərkəzi, Moskvanı, digər respublikaları qidalandırırdı. Müqayisə üçün, qonşu Gürcüstan, o dövrlərdə, qazandığından 3 dəfə çox vəsait xərcləyirdi. Ulu Öndərin nüfuzu, şəxsi bacarığı, Azərbaycanın hər il əldə etdiyi gəlirlərin xeyli hissəninin ümumi planlaşdırmada respublikada qalmasına nail olurdu.

Azərbaycan aqrar bölgə kimi tanınırdı. Görülən misilsiz işlərin qarşılığında ölkə aqrar-sənaye respublikasına çevrilir, əhalinin rifahı günü-gündən yaxşılaşırdı. Bu da insanların sağlam həyat tərzinin formalaşmasını, bədən tərbiyәsi və idmanla məşğulluğu, təhsilə meylliyini təmin edirdi.

Hər bir zavod, fabrik, müəssisədə idman bölmələri yaradılır, bədən tərbiyəsi və idmanın kütləvilliyinə önəm verilirdi. Kollektivlər daimi olaraq şəhər, rayon, respublika, ittifaq birinciliklərində iştirak edir, nailiyyətləri artırdı. SSRİ Xalqları Spartakiadalarında Azərbaycan idmançıları yüksək nəticələr qazanırdı.

Ümumilli Lider Heydər Əliyev əhalinin rifahının, şəraitinin yaxşılaşdırılması, infrastrukturun qurulması ilə yanaşı gələcək nəslin sağlam, təhsilli böyüməsinə prioritet sahə sahə sayır, şəxsi diqqət ayırırdı. Digər işlərlə yanaşı, bu yöndə Ulu Öndərin uzaqgörənliyi əvəzolunmazdır, bu gün müstəqil Azərbaycanın möhkəm ayaqda durmasının təminatçısıdır. Hələ 70-ci illərin əvvəlində, 1971-ci ildə  Cәmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, bir il sonra Azərbaycan Bədən Tərbiyyəsi və İdman İnstitutunun açılışı, Heydər Əliyev böyüklüyünün bariz nümunəsi, hərb, idman, elmin, təhsilin aliliyinin sonrakı nəsillər üçün möhkəm bünövrəsinin qoyulmasıdır. Müstəqillik illərimizdə, 1998-ci ildə artıq hərbi liseyin Naxçıvan filialının açılması, 2004-cü ildə Heydər Əliyevin adını daşıması, bu günlərdə dә öz aktuallığını itirmir, əksinə, gənc nəslin Azərbaycan xalqına, dövlətinə xidmətini təmin edir. Hərbi liseyin məzunlarından 11 nəfəri Azərbaycan Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Bədən tərbiyəsi və idmanın hərb, təhsillə vəhdəti, sağlam ruh, vətənpərvərlik, milli ideologiya, yerli kadrların hazırlanması qələbəmizin təminatçısıdır. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin görülən işlərə kompleks yanaşmanın bariz nümunəsi, təzahürüdür.

Ümumilli lider Heydər Əliyev gələcək nəslin hərtərəfli inkişafının bərqərar olması üçün tək hərb, idman, mədəniyyət, incəsənət və digər sahələrlə kifayətlənmirdi.

Fitri istedadı ilə seçilən Heydər Əliyev, gələcəyi görür, yaxın onilliklərdə, yeni əsrdə texnoloji sıçrayışın olacağını bilirdi. Buna görə dəqiq elmələr üzrə gənc yerli istedadların üzə çıxması, yetişməsi yolunda fenomenal addımlar atır, millət, xalq adına nailiyyətlər qazanırdı. Ulu Öndər ötən əsrin 70-ci illərində, bölgələrimizdə yaşayan, rus dilini bilməyən, amma istedadı olan yeniyetmə, gənclər üçün Moskvadan inanılmaz imtiyazlara nail olmuşdu.

Təsəvvür edin, Azərbaycan dilində imtahan verərək Moskva, Leninqrad və digər şəhərlərin nüfuzlu ali təhsil ocaqlarına qəbul olunurdu. Bu imtiyaza ancaq Heydər Əliyev zəkası, nüfuzu nail ola bilərdi. 1976-cı ildə, SSRİ-nin müxtəlif universitet və institutlarına qəbul olan 150-yə yaxın tələbəni qəbul edən Ulu Öndər, onların yol xərcini, maddi təminatını da Azərbaycanın təmin edəcəyini bildirməklə, yerli gənclərin daha həvəslə oxumasını həvəsləndirir, daimi diqqətdə saxlayırdı.

Təsadüfi deyil, o tələbələr arasında kosmik aparat “Buran”ın yaradıcılarından biri, məşhur həmyerlimiz, ağsulu Füzuli Fərəcov da var idi. Ümumilikdə isə, o illərdə yetişən, qapalı, məxfi kosmik sahələrdə önəmli vəzifələrdə çalışan neftçalalı Vəfadar Babayev, ucardan İzzətəli  Ağayev və digər həmyerlilərimiz Firdus Kərimov, Şakir Əsgərov, Nazim Quliyev… Yerli kadrların bölgələrdən bu səviyyəyə gəlib çatması, birbaşa Heydər Əliyev fenomeninin əməyi, yaratdığı şəraitin bəhrəsidir. Sovet kosmik sahəsində xüsusi xidmətləri olmuş bu adları bütün Azərbaycan tanımalıdır.

Hələ uzaq 80-ci illərdə bədnam qonşularımızın lobbiçiliyi, Moskvaya şikayətləri sayəsində Bakıya komissiya təşrif buyurmuş, yoxlamalar nəticəsində məlum olmuşdur ki, yerli azərbaycanlıların ümumittifaq ali məktəblərində təhsil alma faizi 70-ci illərin əvvəllərindən 80-ci illərin ortalarında kimi 15-20%-dən 85 faizə qalxmışdır. Bütün bunlar Heydər Əliyevin Azərbaycan xalqının yeni mərhələyə qalxması yolunda müqayisəolunmaz xidmətlərindən biridir.

Ümumilli Lider Heydər Əliyev Azərbaycan respublikasına rəhbərlik etdiyi dövrdə əhalinin sağlam həyat tərzini, bədən tərbiyəsi və idmanla məşğul olması, mədəniyyət, elm, hərb sahələrinə verdiyi töhfə – hərtərəfli inkişafın təmin olunması nümunədir, örnəkdir!

“FutbolPress”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu