“Sumqayıt” Premyer Liqanın XXXIII turuna “Kəpəz”lə heç-heçəyə razılaşıb – 1:1. Gəncə təmsilçisi son saniyədə vurduğu qolla bir xal qazanıb.
İlk hissə komandaların ehtiyatlı oyunu ilə diqqət çəkdi. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sumqayıt”a qələbə hava-su kimi vacib idi. Ötən tur “Qarabağ”ı məğlub etməklə ikinci sıraya yüksələn “Gənclik şəhəri” təmsilçisi bu gün “Zirə” və “Sabah”ın qələbə qazanmasıyla dördüncü pilləyə geriləyə bilər.
Tovuzda baş tutan oyunun son dəqiqələri daha gərgin keçib. “Sumqayıt”ın qolundan sonra təzyiqini artıran “Kəpəz” son saniyədə standart vəziyyətdən fərqləndi. Ümumiyyətlə, bu mövsüm “Sumqayıt” bir neçə dəfə belə epizodlarda məyus olub. Müdafiəçilərin diqqətsizliyindən sonra boş qalan Elçin Əlicanov komandasına bir xal qazandırdı. Matçın gərginliyi o həddə idi ki, baş hakim Tural Qurbanov da hardasa idarəetməni itirmək üzrə idi. Sərt etirazlara yumşaq reaksiya verməyən referi “Kəpəz”in 2, “Sumqayıt”ın 1 futbolçusunu “qırmızı” ilə cəzalandırıb.
Görüşdən sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasov nəticənin səbəbkarının özləri olduğunu, müdafiəçilərin diqqətsiz oyununu önə çıxardı. Nəticə xal baxımından sərfəli olmasa da, təqvim demək olar, “Sumqayıt”ın lehinədir. Abasovun komandası növbəti görüşlərdə özündən aşağı sıralarda qərarlaşan – “Səbail”, “Sabah” və “Qəbələ” ilə üz-üzə gələcək. “Kimyaçılar” üçün mövsümün kritik oyunu isə şübhəsiz ,”Sabah”la matç olacaq.
“Kəpəz” elitada qalmağı təmin edib və demək olar, çempionatda bir hədəfi qalmayıb. Bu baxımdan qazanılan hər xal əlavə motivasiyadırsa, məğlubiyyət də böyük problemə çevrilməyəcək. Lakin “Sumqayıt”ın hər xal itkisi mövsümün sonuna az qalmış komandaya baha başa gələ bilər.