“Çərçivə” problemi: “Kifayət qədər yaxşı səviyyəli qapıçımız yoxdur”

FutbolPressAzərbaycan futbolunda son vaxtlar gündəmə çevrilmiş mövzulardan biri qapıçı problemidir. Əsas yığmanın və “Qarabağ”ın çərçivəsini qoruyan Şahruddin Məhəmmədəliyevin səhvləri ölkə futbolundakı qapıçı mövzusunu yenidən müzakirəyə gətirib.

Son illərdə milli komandada Şahruddinlə yanaşı, Emil Balayev, Səlahət Ağayev forma şansı qazansalar da, gələcək adına bu mövqe üçün problemlərin olacağı aşkardır. Sadəcə, “Sabah”dan Yusif İmanovun çıxışı ümidləri artırıb və gənc qolkiper millidə oyuna çıxıb. Lakin onun da səhvləri geniş müzakirə və tənqid olundu.

Bəs Azərbaycanda nə üçün yüksək səviyyəli qapıçılar ortaya çıxmır və ya say azdır? İndi Şahruddin, Emil, Səlahət var, bəs sonra? Gedənləri kim əvəzedəcək?

Azərbaycanda qapıçılıq məktəbi kifayət qədər inkişaf etməyibmi ki, yetişən nəsil çox azdır? Bütün ümidlər Yusif İmanovadır, bəs onunla rəqabətə kim girəcək? Rəqabətsizlik futbolçuya mənfi təsir edir və onun inkişafına əngəl olan əsas məsələlərdən biridir.

Mövzu ilə bağlı Azərbaycan yığmasının sabiq qapıçıları, hazırda müxtəlif klublarda və milli komandalarda çalışan keçmiş qolkiperlərə müraciət etdik.

“Neftçi”nin keçmiş qapıçı məşqçisi, hazırda Azərbaycanın U-16 yığmasında çalışan Etibar Tarıverdiyev gələcəkdə yaxşı qapıçılarımızın olacağına ümidlidir. O, qolkiperlərin inkişafı üçün proqram hazırladıqlarını qeyd etdi:

“Belə deyək, bugünkü gündə üzdə olan yerli qapıçıların sayı kifayət qədər deyil. Demək olar, hamısının yaşı 30-u keçib və futbolda günlərini, aylarını sayırlar. Vəziyyət belədir. Gənc qapıçılarımız var, yetişir. Amin Ramazanov, Rza Cəfərov, Yusif İmanov, Nicat Mehbalıyev, Hüseynəli Quliyevin adını çəkə bilərəm. Yığmada işləyirəm, aşağı yaş qruplarında bacarıqlı qapıçılar var. Onların üzərində detallı çalışmalıyıq. Bir yöndə yox, müxtəlif aspektlərdə onların işinə fikir vermək və inanmaq lazımdır. Akademiyalarda çalışanlar düzgün işləsələr, gələcəkdə yaxşı ola bilər. Qapıçılar üçün inkişaf proqramı hazırlamışıq, amma görünür ki, heç kimə maraqlı deyil. Akademiyalar proqramlarla işləsələr, daha yaxşı olar. Bir neçə ildir proqram hazırdır, amma maraqlanan yoxdur”.

“Sabah”ın qapıçılar üzrə məşqçisi Vitali Kovalyov hazırda bu mövqe üçün vəziyyətin birmənalı olmadığını vurğuladı. O, əcnəbi futbolçulara üstünlük verilməsindən və gənclərin az şans qazanmasından narazılığını bildirdi:

“Bir sözlə, hazırda ölkədə qapıçılarla bağlı vəziyyət birmənalı deyil. Bir tərəfdən baxın ki, ötən illə müqayisədə əcnəbi qapıçıların sayı artıb. Say çoxalır, amma keyfiyyət qalır. Necə olacağını da zaman göstərəcək. Digər tərəfdən, bəzi akademiyalarda gənc qapıçıların hazırlıq səviyyəsi artır, amma böyük futbola keçiddə çətinlik çəkirlər. Klublarda hər məşqçi çərçivəni gənc futbolçuya etibar etmir. Azərbaycanda qapıçıların inkişaf perspektivləri aşağıdakı amillərdən asılı olacaq.

1) Akademiyalarda qapıçıların hazırlıq səviyyəsinin yaxşılaşdırılmasının davam etdirilməsi;
2) Qapıçıların böyük futbola uyğunlaşması üçün şəraitin yaxşılaşdırılması”.

“Qarabağ”ın sabiq qolkiperi Fərhad Vəliyev isə problemin gənclərin özündə olduğunu qeyd etdi. Onun fikrincə, indiki nəsil məşqlərə çox vaxt ayırmır və bu səbəbdən çatışmazlıqlar artır:

“Tarixə fikir versək, ölkəmizdə hər zaman yaxşı qapıçılar olub.. Düzdür, son zamanlarda aşağı yaşlarda istedadlı qapıçılar azdır. Gələcəyə ümid verənləri də var. Lakin ümumi götürəndə vəziyyət yaxşı deyil.

Biz o vaxt məşqlərə gedirdik, səhərlər də çalışırdıq, axşam da. Gün ərzində çox vaxtımızı futbola həsr edirdik. İndiki gənclər ancaq gəlib bir saat məşq edir və bununla kifayətlənirlər. Əlavə məşqlər lazımdır, akademiyalarda qolkiperləri məlumatlandırmaq lazımdır. Çoxlu çalışmaq, turnirlərdə iştirak etmək lazımdır.

Bəzən gənclər olur, görürsən ki, top tutmağı, ayaqla oynamağı axsayır. Sonra onlar böyük komandalara cəlb olunurlar. Bu hazırlıqları onlar aşağı yaş qruplarında keçməlidir və hazır olmalıdırlar. Gənclər məşqləri az edir. Bu, problemlər yaradır. Biz hər gün məşq edirdik, amma indi gənclər bu şeylərdən uzaqdırlar. Onlarda texnika baxımından axsaqlıqlar var, çox geri qalırlar”.

Azərbaycan yığmasının və “Neftçi”nin sabiq qolkiperi Hüseyn Məhəmmədov da qapıçıların mövcud durumundan narahat olanlardandır:

“Gənclər arasında istedadı, keyfiyyəti yüksək səviyyədə olan qapıçıların sayı azdır. Bu, bizə gələcəkdə problem yaradacaq. Çalışacağıq ki, yaxşı qapıçılar yetişdirək. Hər mütəxəssis işinin məsuliyyətini dərk etməli, perspektivli qapıçıları üzə çıxarmaq üçün əllərindən gələni etməlidir. Bu gün qınaq yeri Şahruddindir. Amma onun səviyyəsində kimsə də yoxdur ki, əvəzləsin. Yaxşı qapıçıların sayı azdır. Bir neçə gənc qolkiper var, amma onların da təcrübəsi azdır. Yəqin, onlar məsuliyyətlərini dərk edirlər. Klublar gənclərə inanmalı, şans verməlidir. Bu olarsa, milli üçün qolkiper sayı da artacaq. Bu gün kifayət qədər yaxşı səviyyəli qapıçımız yoxdur. Əsas iş mütəxəssislərin üzərindədir və yaxşı kadrların yetişməsi üçün çalışmalıdırlar.

Məhəmmədov klubların gənc qapıçılara az şans verməsindən narazılığını dilə gətirdi:

“Sabah” Yusif İmanova şans verdi və bəhrəsini gördü. Amma digər klublarda gənclərə inam yoxdur. Düzdür, hər komandanın öz prinsipi var, kimsə nəticə istəyir və riskə getməyi düşünmür. Bu sahədə olan mütəxəssislər çalışmalıdırlar ki, öz komandalarında yaxşı uşaqlar yetişsin. “Zirə”də, “Səbail”də yaxşı uşaqlar var. Onlara inanmaq lazımdır. Gənc nəslin yetişməsi üçün hamımız çalışmalıyıq. İndi kasadçılıqdır, həqiqətən. Yusif kimi 10 uşaq yoxdur, olsaydı, vəziyyət qənaətbəxş olardı”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu