Sərbəst güləşçilərimiz isə gözləntiləri qarşılaya bilmədi – yarışı cəmi 2 medalla (gümüş) başa vurdular.
Azərbaycan güləşinin son durumu, nəticələr və inkişaf perspektivləri haqda Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü, olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovla söhbətləşdik:
– Belqradda keçirilən dünya çempionatında Azərbaycan millisinin ümumi nəticələrini necə qiymətləndirirsiniz?
– Sərbəst güləşçilərimiz bizi bir az məyus etdilər, amma inanıram ki, növbəti lisenziya yarışlarında öz üzərlərində çalışıb səhvləri aradan qaldıracaqlar. Yunan-Roma güləşində isə nəticələr yaxşı oldu. Millimiz komanda hesabında dünyanın ən güclüsü oldu. Amma 2 qızıl, 3 gümüş medal qazansaq da, 2 güləşçimiz lisenziya əldə etdi.
– Sərbəst güləşçilərin nəticələrini fiasko adlandırmaq olar?
– Fiasko deməzdim. Keçən il dünya çempionatında güləşçilərimiz 2 bürünc medal qazanmışdılar. Bu il isə 2 gümüş medal. Ötən ilə nəzərən nəticələr yaxşıdır. Fiasko o halda ola bilərdi ki, bu ilin nəticələri keçən ildən daha aşağı olardı. Lakin bu çempionatda keçən ilə nisbətdə nəticələr daha yaxşı idi.
– Amma nəzərə alaq ki, bu dünya çempionatı lisenziya xarakterli idi…
– Bu ilki dünya çempionatı keçən ilkindən daha rəqabətli idi. Bunları da nəzərə aldıqda mən ona fiasko deməzdim. Növbəti lisenziya xarakterli yarış Bakıda olacaq. Avropa Təsnifat turniri. Təbii ki, bu yarışa qədər idmançılar öz üzərində işləməlidir. Lisenziya qazana bilməyənlər bilməlidirlər ki, vaxt azdır. Ölkədə ən böyük olimpiya ümidi güləşə olub. Lisenziya qazananlarda arxayınlaşmalı deyillər. Olimpiya Oyunlarına tam ciddi hazırlaşmaq lazımdır.
– Hər iki növdə ağır çəkilərdə problemlər olub. Azərbaycanı daha çox milliləşdirilmiş idmançılar təmsil edib. Yerli güləşçilərimizin sayı bu çəki dərəcəsində azdır. Problemin həlli üçün hansı addımlar atılır?
– Ağır çəkilər tək bizdə yox, bütün dünyada problemdir. Yarışlara, dünya və avropa çempionatlarına baxsaq, görərik ki, adlar dəyişmir. Bu da onu göstərir ki, tək bizdə yox, bir çox ölkələrdə bu çəkilərdə rəqabət o qədər də yüksək deyil. Aşağı çəkilərdə rəqabət daha çoxdu və nəticə göstərən idmançılar tez-tez dəyişir. Təbii ki, güləş federasiyası bu yöndə müəyyən addımlar atırıq və atacaq. Bununla da bağlı müzakirələr olub. Düşünürəm ki, yuxarı çəkilərdə bizim idmançılar digər ölkələrin ağır çəkililəri ilə mütamadi olaraq təlim-məşq toplanışında olmalıdırlar. Aşağı çəkilərdə təlim məşq toplanışı keçiriləndə heç xarici ölkəyə ehtiyac olmur, özümüzdə çəkilərin bir çoxunda rəqabət olduqca yaxşıdır. Amma yuxarı çəkidə bu yoxdur. Buna görə də ağır çəkilərdə həm məşq proqramı diqqətdə saxlanılmalıdır, həm də digər ölkələrin ağır çəkililəri ilə mütamadi olaraq bir yerdə olmalıdırlar ki, rəqib baxımından bir-birilərinə kömək edə bilsinlər.
– Məsələn Türkiyə…
– Türkiyədə Rıza Kayaalp dəfələrlə avropa və dünya çempionu olub, onunla məşq etmək üçün rəqiblər azdı. Rıza kimi idmançılar tək-tük hallarda olur. Allah vergisidir. 130 kq-da iki legioner idmançımız var, Sabah Şəriəti və Beka Kandilake. Həmçinin bir nəfər də Sərxan adlı yerli idmançınız var. Düzdür, hələ gəncdir, yeni böyüklərlə məşq etməyə başlayıb. Amma 3 nəfər bir-biri ilə nə qədər işləsinlər? Rəqabət yoxdur. Buda təbii ki, bu çəkilərdə rəqabəti azaldır.
– Qadın güləşindən danışaq. Mariya Stadnik komandanın kapitanıdır, yarışların bir çoxunda tək medal ümidimiz odur. Bu növün inkişafı üçün nələr edilir?
– Stadnikin qələbələrini görməyə öyrəşmişik. Amma professional idman üçün bəlli yaş var. Mariya yaşda güləşən idmançılar üçün bir az çətin olur. Artıq yaş öz sözünü deyir. Bədənin bərpa prosesi var ki, yaş artdıqca bu ləngiyir. Düzdür, qadın güləşçilərimiz yaxşıdır, amma qızlarımız dünya çempionatına yollananda tək medal ümidi Mariya Stadnik idi. Bizim digər qızlarımız hələ yeni yetişir, təcrübə toplayırlar. Amma sevindirici haldır ki, gənclər və yeniyetmələr gələcəyə ümid verir. Sadəcə buna bir neçə il lazımdır. Ümid edirəm ki, ondan sonra qadın güləşində də inkişaf görünəcək.
– Geridə qalan 9 ayın nəticələri qənaətbəxşdir?
– Güləş federasiyası olaraq bu ilin nəticələrini qənaətabəxş qiymətləndiririk. Həm sərbəst güləş, həm də yunan-Roma güləşində Avropa və dünya çempionatlarında yaxşı nəticələrimiz oldu. Baxmayaraq ki, U-20-də bir balaca axsama oldu, amma bu normal haldır.
– Belə fikir yaranıb ki, yunan-Roma güləşi sərbəst güləşi kölgədə qoyub. Razısınız bu fikirlə?
– Yunan-Roma, sərbəst və ya qadınlardan ibarət güləş komandamız hamısı bir ailədir. Amma hazırda reallıq odur ki, yuman-Roma güləşçiləri sərbəst güləşçilərimizi kölgədə qoydu. Lakin bunu hansısa prinsipə çevirmək lazım deyil. Tək reallıq odur ki, yunan-Roma üzrə güləşçilərimiz dünyada ən yaxşı komanda olduqlarını sübut etdi və dünya çempionu adına layiq görüldülər.
– Yeni güləşçilərin, Avropa və dünya çempionlarının yetişməsi üçün federasiya hansı işləri görür?
– Güləş bizim dədə-baba idman növümüzdür. Bizdə hər zaman potensiallı uşaqlar olub. Bundan sonra da olacaq. Sadəcə düzgün istiqamətlənmək lazımdır. Yerli mütəxəssislər nə qədər çox olsa, bir o qədər də yaxşı olacaq. Bu olduğu halda, idman tək Bakıda yox, regionlarda da inkişaf etmiş olardı. Bölgələrimizdə bəzi məqamlarda şəraitsizlik var. Bunları aradan qaldırmaq olar, amma əsas mütəxəssisdir ki, bir məşqçi 5-10 yeni idmançı yetişdirə bilər. Federasiya lazımi işləri görür. Həqiqətən, Mikayıl Cabbarov prezident olaraq bu yöndə çox ciddi tapşırıqlarını verib və bütün şərait yaradılıb. Düzdür, bununla bağlı tapşırıqlar almışıq və eyni zamanda bu yöndə addımlayırıq. Regionlara daha çox diqqət vermək lazımdır. Bölgələrdə məşqçilərə müəyyən treyninqlər keçirilməlidir. İdman günü – gündən dəyişir və regionda olan məşqçilər bu dəyişiklərə hər zaman hazır olmalıdır. Eyni zamanda qaydalarda baş verən dəyişiklikləri məşqçilər məşq zamanı tətbiq etməlidir. Bununla bağlı federasiyanın müəyyən planları var. Məşqçilərə treyninqlərin keçirilməsi və s. Bilirsiniz ki. bu gün güləş və digər idman növlərində məşqlər ödənişlidir. Amma biz çalışırıq ki, şərait yaradaq və idmançılarımız, gənclərimizin pullu fəaliyyat göstərən zallarda ödənişsiz şəkildə məşq etsinlər. Rəhbərlikdən bu istiqamətdə tapşırıqlar almışıq və müəyyən adımlar atılır, atılacaq. Bilirsiniz, bu işdə məsuliyyət tək güləş federasiyasının üstünə düşməməlidir. Həmçinin, bütün idman qurumları bir yumruq altında birləşib, hər bir dəstəyi göstərməlidirlər. Çünki Azərbaycan gənci tək özünü təmsil etmir, bayrağımızı beynalxalq arenalarda dalğalandırır.
– Sizin vaxtla, indiki dövrü müqayisə etsək, indi hansı üstünlüklər və çatışmazlıqlar var?
– Bizim dövrümüzdə indiki kimi şərait yox idi. Federasiya tərəfindən bu cür baxımlılıq hiss olunmurdu. Yarışların az təşkil olunması, idmançılara təlim-məşq toplanışının keçirilməməsi və s. Amma bu gün federasiya tərəfindən idmançılar üçün hər şərait yaradılır. Vaxtında təlim məşq toplanışlarının keçirilməsi, yarışların təşkili, idmançının geyimlərlə təmin olunması və s. Hər şey lazımi səviyyədədir. O vaxt bir flaqman Fərid Mansurov idisə, bu gün komandanın hər bir üzvü flaqmandır.
– Gənclər və İdman Nazirliyində idman şöbəsinin rəhbəri idiniz. Ordan ayrıldınız, bu ayrılıq sizin hansısa idea və planlarınızı yarımçıq qoymadı?
– İnsan yaşlandıqca ideaları da artır. Amma bu o demək deyil ki, mən idea və fikirlərimi nazirliyin şöbə müdiri olan zaman reallaşdıra bilərdim. Mən olimpiya çempionuyam, planlarımı da reallaşdıra bilərəm. Fərq etmir mən harda çalışıram, planım varsa, onu reallaşdırmağa çalışıram.
– Güləşçi olmaq çətindir yoxsa vəzifə sahibi?
– Təbii ki, hər birinin öz çətinliyi var. Güləşçi olmaq üçün fiziki və mənəvi əziyyət çəkirsən. Mütamadi olaraq məşq etməlisən və bir çox şeyləri qurban verirsən. Məmur olmağın da özünəməxsus çətinlikləri var. Məmur böyük kütlənin aparıcısıdır. Mən fikirləşirəm ki, məmur kimi işim daha məsuliyyətli və çətindir.
– Bəzi şəxslər sərbəst güləşdə nəticənin aşağı olmasını məşqçi ilə əlaqələndirdilər. Sizcə, bu, nə dərəcədə doğrudur?
– Bunlar ictimai rəylərdir. Bəlkə də bunu idmandan uzaq olan adamlar deyib. Mən deyərdim ki, Xetaq Qazyumov işini sevən biridir. Keçən illə müqayisədə görürük ki, böyüklər daha yaxşə nəticə verib. Yəni qısa desək, bu, səhv fikirdir.
– Futbola baxırsınız?
– Bəli, vaxtım olanda baxıram. Düşünürəm ki, ölkə çempionatında get-gedə rəqabət daha da artır. Komandaların sayı 10 olub. Rəqabətlilik yaranıb. İnanıram ki, buda gələcəkdə əsas komandaya müsbət təsir edəcək. Bacardığım qədər komandaları izləməyə çalışıram.
– Azarkeşi olduğunuz klub hansıdır?
– Mənim dəstəklədiyim məşqçi var oda Qurban Qurbanovdur( gülür) və onun komandasıdır.Qurban müəllim öz işinin öhdəsindən gələn peşəkar məşqçidir.
Məlik Məlikov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu