Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.
Oyunlardan sonra “Qəbələ”nin sonuncu olacağı dəqiqləşib. “Araz-Naxçıvan” Elmar Baxşıyevin rəhbərliyi altında ilk qələbəsini qazanıb, “Turan Tovuz” isə səfərdə “Neftçi”yə böyük hesabla məğlub olub. Çempion “Qarabağ” isə ardıcıl üçüncü oyunda xal itirib.
Sabah – Səbail 2:0
“Sabah” ardıcıl üçüncü oyunda qələbə qazandı. Gümüş medallar uğrunda mübarizə aparan “futuristlər” yarışdan qopmadı, eyni zamanda avrokuboklara iddialılardan “Səbail”i geri saldı. İlk hissədə üstün oyunu ilə qollar vuran “Sabah” mövsümün sonuna az qalmış vacib üç xal qazandı.
“Səbail”də isə qeyri-stabil nəticələr davam edir. Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv ötən turda qələbə həsrətinə son qoysa da, (“Araz-Naxçıvan”, 2:0) yenə xalsız qaldı. “Sabah” səfərindən əliboş dönən “dənizçilər” “dördlük”dən bir az aralı düşdü. Düzdür, komandanın riyazi şansları davam edir, ancaq sərgilənən oyun avrokuboklarçün ümid vermir.
Qəbələ – Kəpəz 0:1
Azərbaycan Kubokunun son qalibi “Qəbələ” ya davam, ya tamam matçında evində məğlub oldu. “Kəpəz”in erkən qolundan sonra geridönüş etməyə çalışan “qırmızı-qaralar” məqsədinə çata bilmədi. Gəncəlilərlə xal fərqi 17-yə yüksəldi və komandanın bundan sonrakı taleyi AFFA İcraiyyə Komitəsinin qərarından asılı olacaq. Reqlamentə əsasən isə komanda elitanı tərk etməlidir. Əvvəlki illərdə oyunu, akademiyası, nəticələri ilə adından söz etdirən “Qəbələ” fiasko adlandıra biləcəyimiz mövsüm keçirir. Elmar Baxşıyevin göndərilməsindən sonra baş məşqçi postunu tutan Kaxaber Sxadadze də problemləri çözə bildi. Elitada qalmaq bir yana, komanda onun dövründə heç qələbə qazana bilməyib.
“Kəpəz” isə uğurlu çıxışını davam etdirir. Büdcə və heyət baxımından çempionatın demək olar, ən zəif kollektivi olan gəncəlilər sərgilədikləri oyunla layiqli nəticələr qazanır. Xüsusilə, əks-hücumlarda effektiv olan “Kəpəz” mövsümün əvəlində sonuncu yerə əsas namizəd göstərilsə də, əziyyəti ilə elitada qalmağını rəsmiləşdirdi.
Neftçi – Turan Tovuz 3:0
Azərbaycan Kuboku ilə vidalaşdıqan sonra bütün diqqətini Premyer Liqaya cəmləyən “Neftçi” azarkeşləri önündə inamlı qələbə qazandı. “Forza Neftçi”nin tribunaya dönüşünü üç xalla bəzəyən “ağ-qaralar” növbəti turlarda da uğurlu seriyasını davam etdirib, ikinci yeri tutmağı hədəfləyir. Düzdür, komanda baxımlı, adına layiq oyun sərgiləməsə də, çempionatın bu dönəmində əsas olan xallar qazanmaqdır və bakılılar bunun öhdəsindən gələ bildi.
“Turan Tovuz”da isə eniş davam edir. Tovuzda “Sumqayıt”a məğlubiyyətdən sonra komandada psixoloji yorğunluq var. Bakı səfərində ilk hissədə təhlükə yarada bilməyən tovuzlular fasilədən sonra bir neçə dəfə qol imkanı yaxalasa da, irəli xətt oyunçularının dəqiqliyi çatmadı. “Neftçi” isə əks-hücumda rəqibini yaxalayaraq şanslar yarada bilirdi. “Turan Tovuz”a müdafiədəki boşluqlar, oyunçuların ehtiyatsız davranışı xal itkisində əsas pay sahibi oldu.
Sumqayıt – Qarabağ 1:0
“Qarabağ” çempionluğunu rəsmiləşdirib və oyunlar bir növ formal xarakter daşıyır. Ardıcıl üç oyundur, xal itirən “atlılar”da sanki istək çatışmır. Əvvəlki motivasiya ilə oyunlara çıxılmadığı aşkardır. “Qarabağ” bu mövsüm ilk dəfə ardıcıl bu qədər xallar itirib və Qurban Qurbanovun komandası növbəti turda bunu unutdurmağa çalışacaq. Rəqib “Neftçi” olacaq və derbidə qazanılacaq qələbə oyunçuları yenidən ruhlandıra bilər.
“Sumqayıt” isə “iki nömrə” oynadığı oyunda çempionu məğlub etməyi bacardı. İlk hissədə müdafiədən çıxa bilməyən “kimyaçılar” fasilədən sonra rəqibini əks-hücumda yaxaladı və gözəl kombinasiya ilə həlledici qolu vurdu. Qələbə “Sumqayıt”ın avrokubok iddiasını daha gücləndirdi. Artıq hər şey komandanın öz əlindədir. İkinci sırada yer alan “kimyaçılar” mövsümün ən kritik oyununda qələbə qazanmaqla motivasiyasını daha da artırdı.
Zirə – Araz-Naxçıvan 0:1
Əla forma yaxalan “Zirə” bu turda büdrədi. Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda son turların ən zəif bəndlərindən “Araz-naxçıvan”a məğlub oldu. Gözlənilməz xal itkisi komandaı 4-cü sıraya salıb. Düzdür, xal fərqi birdir və növbəti matçlarda qazanılacaq qələbə itkini kompensasiya edə bilər. Buna baxmayaraq, mövsümün bu anında iddiası qalmayan bir komandaya belə məğlubiyyət düşərgədə atmosferə pis təsir edə bilər.
“Araz-Naxçıvan” isə uzun müddət sonra qələbə qazandı. Bu, həm də baş məşqçi Elmar Baxşıyevin ilk üç xalı kimi klubunda tarixinə düşdü. Buna qədər “Neftçi” və “Səbail”ə məğlub olan Baxşıyev çətin səfərdən sərfəli nəticə ilə dönməklə turnir cədvəlində bir gün əvvəl itirdiyi 8-ci sıranı geri qaytardı. “Araz-Naxçıvan”da əsas planlar yeni mövsümlə bağlıdır və növbəti matçlar komanda üçün ciddi önəm kəsb etmir.
32 turdan sonra turnir cədvəlinə çempion “Qarabağ” başçılıq edir. Bu tur avrokubok mübarizəsində yer alan “Zirə”dən başqa digər klublar istədiyi nəticəni əldə edib. Sona dörd tur qalıb və hər oyun komandalar üçün finala bərabər olacaq. Bu dönəmdəki xal itkiləri sonra böyük problemə çevrilə bilər.
Şahin Cəfərov