Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı başa çatdı. Yarışın qalibi gənc şahmatçı Aydın Süleymanlı oldu. İkincinci Məhəmməd Muradlı, üçüncü isə Vüqar Rəsulov olub.
Aydın Süleymanlı ilə turnir barədə və gələcək planlar barəsində söhbətləşdik.
– Öncəliklə təbrik edirəm. İlk dəfə Azərbaycan çempionu olmaq necə hissdir?
– Karyeramda ilk dəfə kişilər arasında Azərbaycan çempinatında medal qazandım. Sevindirici haldır ki, ilk medalım “qızıl” oldu. Uşaqlıqdan şahmatı sevən biri kimi Azərbaycan çempionu olmaq əsas arzularımdan biri idi. Digər diləyim milli komandanın heyətində Avropa çempionatında, olimpiadada iştirak etməkdir. Artıq bu amallarımdan birinə çatmışam. Ümid edirəm bu il milli komandanın heyətində yer alacam və digər arzuma da çatmış olacam. Yarış mənim üçün asan olmadı. İlk 4 yeri tutan şahmatçı final mərhələsinə yüksəlirdi. Seçmə mərhələdə yaxşı təsir bağışlamadım. 9 matçın 2-də mağlub oldum. Son illərdə xatırlamıram ki, hansısa klassik turnirdə 2 oyunda məğlub olum. Uzun aradan sonra bu da ilk idi. Bu, mənim üçün ağır idi. Amma yaxşı ki, bir yol tapıb, özümü toparlamağı bacardım. Finala vəsiqə qazandıqdan sonra bu mərhələdə yaxşı mübarizə apardım. 4 oyunun 3-də qalib gəldim, birində heç-heçə etdim. Müəllimin, ailəm hər zaman mənə dəstək oldular, onların sayəsində yaxşı mübarizə apardım və karyeramda ilk dəfə Azərbaycan çempionu oldum.
– Qadın şahmatçılardan ibarət Azərbaycan millisinin, həmçinin Sizin məşqçiniz Yevgeni Tomaşevski deyib ki, Aydının milli komandaya dəvət alması üçün xarakter və əzm lazımdır. Aydın bundan sonra da özünü inkişaf etdirə bilər. Necə düşünürsünüz, milli komandaya dəvət almağı artıq vaxtıdır?
– Bəli, müəllimimin fikrinə qatılıram. Ümumiyyətlə, milli komandaya vəsiqə üçün yox, turnirlərdə yaxşı mübarizə üçün xarakter göstərmək lazımdır. Düzdür, turnirə yaxşı başlamamışdım və seçmə mərhələnin ilk oyunlarında xaraketer göstərə bilmədim. Lakin turnirin son turlarında özümə gəlməyi bacardım, düşünürəm ki, əmzkar şəkildə mübarizə apardım və çempion oldum. Özümü milli komandaya uyğun görürəm. Ümid edirəm ki, yığma ilə klassik turnirlərdə yarışlarda iştirak edib Azərbaycan bayrağını layiqincə təmsil edəcəm.
– Qarşıdan Şahmat Olimpiadası gəlir. Həmin heyətdə yer alsanız, o gərginliyə dözə və gözləntiləri qarşılamağa hazırsınız?
– Növbəti olimpiadada iştirak etsəm, bu özüm üçün də maraqlı olacaq. Milli komanda ilə ilk klassik turnirimdə belə bir yarışda iştirak etmək maraqlıdır. Təbii ki, təzyiqlər olacaq. Amma düşünürəm ki, təzyiq lazımdır. Nə qədər təzyiq olsa, mübarizəni bir o qədər yaxşı aparmaq olar. Ümumiyyətlə, yaxşı şahmatçı bunun öhdəsindən gəlməlidir. Ümid edirəm ki, bunlara dözməyə bacaracağam. Yığmada olduqca güclü şahmatçılar yer alıb. Onlarla bir komandada olmaqdan qürur duyaram və həmin şahmatçılardan öyrənəcəyim çox şeylər var. Çox istərdim ki, yığmanın tərkibində yer alıb.
– Vasif Durarbəyli təxminən 20 gün əvvəl müsahibəsində bir daha ölkə çempionatının formatından şikayət etmiş və mükafat fondunuz az olduğunu demişdi Bu haqda nə düşünürsünüz, format və mükafat fondu Sizi qane edir?
– Vasif Durarbəylinin həmin müsahibəsini oxumuşam. Düzünü desəm, turnirin formatını bəyənirəm. Yarışın belə keçirilməsinin səbəbi öncədən danışılmış oyunların qarşısını almaqdır. Bu sistemdəki oyunlar hər zaman maraqlı olub. Yarış 9 turdan ibarət olsaydı, burada məğlub olmaq o qədər də qorxulu olmazdı. Amma final mərhələsində məğlub olmaq, yarışın sənin üçün bitdiyi anlamına gələ bilər. Ona görə sistemdən razıyam. Həmçinin mükafat fondu da pis deyil. Səhv etmirəmsə, ilk 2 yeri tutan şahmatçı mükafatdan əlavə aydıq təqaüd qazanır. Bu, məni qane edir. Turnirdə iştirak həm də karyera baxımından önəmlidir. Çünki çempion milli komandaya daha da yaxınlaşır.
– Federasiya prezidenti bildirib ki, növbəti illərdə ölkə çempionatına təcrübəli (Şəhriyar, Teymur və s.) şahmatçıları cəlb etməyə çalışacağıq. Adıçəkilən şahmatçıların turnirə dəvət olunması sizin kimi gənclərin işini çətinləşdirməyəcək?
– Cənab Mahir Məmmədovla bu haqda mən də danışmışdım. Məncə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və digər şahmatçıların ölkə çempionatında iştirakı əla olar. Bu Azərbaycan şahmatı üçün böyük təcrübə və təkan olar. Məncə, onların iştirakı mükafat qazanmaq yönündə işimizi çətinləşdirə bilər, amma ki, şahmat karyerası baxımından bizi daha da irəliyə aparacaq. Əminəm ki, onlardan öyrənəcək çox şey var. İstərdim ki, elə güclü şahmatçılarla mübarizə aparım.
– Qarşıda hansı beynəlxalq yarışlarda istirak etməyi planlayırsınız?
– Mayın 3-də Birlaşmış Ərəb Əmirliklərinə yollanacağam. Dubayda turnir baş tutacaq. Bu yarış bitdikdən sonra isə Şarja əmirliyində “Şarja Masters” turnirində iştirak edəcəm. İki yarış da olduqca nüfuzludur. Yaxşı nəticə göstərib, reytinqimi daha da artırmaq istəyirəm.
– Səhv etmirəmsə, hazırda reytinqiniz 2607-dir. İlin sonuna qədər qarşınıza qoyduğunuz reytinq baryeri var?
– Hazırda canlı reytinqin 2620 və ya 2621-dir. İlin əvvəlində qarşıma qoyduğum reytinq hədəfi 2650 idi. Hazırda hədəfim budur. Yaxşı olar ki, daha da çox olsun. Ümid edirəm məqsədimə yaxınlaşaram və növbəti illərdə də 2700 reytinq səddini keçərəm.