Azərbaycan futbolunun inkişafı yollarından danışarkən ilk toxunulan məsələ uşaq futboludur. Hazırda aşağı yaş qruplarında önə çıxan problemlər savadlı məşqçi çatışmazlığı, akademiyaların azlığı, stadionların olmamasıdır. Bəzi klublarda isə vəziyyət o yerdədir ki, eyni stadionda bir neçə komanda eyni vaxtda məşq keçir. Bu isə öz növbəsində komandaların taktiki hazırlığına təsir edir, meydança oyun üçün “rahat zona” funksiyasını itirir.
Ölkə futbolunun inkişafı istiqamətində görülməli başlıca işlərdən biri akademiyaların yaradılması, uşaqlarçün normal şəraitinin qurulmasıdır. Ötən ilin oktyabrında yeni akademiya – “Ulduz” akademiyası fəaliyyətə başladı. Təntənəli açılış mərasiminin keçirildiyi akademiyada 4 yaş qrupu – U-9, U-10, U-11 və U-12 komandaları fəaliyyət göstərirdi.
“Ulduz”dakı son vəziyyətlə bağlı akademiyanın direktoru Mehman Əlimovla danışdıq. Funksioner oktyabrdan buyana akademiyada görülən işlərdən söz açdı:
“Akademiyada işlər gedir. Yanvarın əvvəlində böyük seleksiya oldu və yeni qruplar yaradıldı. Əvvəl U-10, U-11 və U-12, U-13 komandalarımız var idi. Artıq bu siyahıya U-8 və U-9 əlavə edildi. Seçimlərimiz Bakıda keçirilsə də, rayonlardan da uşaqlar dəvət edirik. Hətta, son seçimdə Beyləqandan gələn bir uşağı bəyəndik və valideyni maydan akademiyaya göndərəcəklərini bildirdilər. Uşaqların inkişafı üçün şəraitimiz var. Onlarçün təhsillərini davam etdirmələri üçün bazanın yaxınlığında olan şəhid İlqar Muradov adına məktəbə yerləşdiririk. Qalmaqları, qidalanmaları, təhsilləri üçün hər şərait yaradılıb”.
Əlimov aşağı yaş qruplarında beynəlxalq təcrübənin artması səbəbindən komandaları ölkə xaricinə turnirlərə yolladıqlarını söylədi:
“Açılış ötən ilin oktyabrında olsa da, fəaliyyətimizə maydan başlamışdıq. 4 yaş qrupu üzrə komandaları da bu müddətdə yığmışdıq. Məqsədimiz Azərbaycan futboluna xidmət etmək, uşaqlar yetişdirməkdir. İndi fasilədir, qarşıdakı həftədən artıq yarışlar da başlayacaq. Bundan əlavə, yeni akademiya olsaq da, iki dəfə ölkə xaricinə yollanan komandalarımız oldu. Bir dəfə Gürcüstan, bir dəfə də Özbəkistanda olmuşuq. Bunlar uşaqların təcrübə qazanması üçün faydalıdır.
Uşaqlarla yanaşı, məşqçilərimizin də kateqoriya alması, təcrübə keçməsi üçün kurslara göndəririk. Apreldə iki məşqçimiz B kateqoriyası almaqçün kursa yollanacaq. Tək öz məşqçilərimizlə kifayətlənmirik, bölgələrdən Uşaq Gənclər İdman Məktəbində (UGİM) çalışan mütəxəssisləri dəvət edir, onları bazamızla tanış edirik. 3 günlük seminarlar təşkil edib, məşqçilik işinin daha yaxşı öyrənilməsi üçün çalışırıq”.
“Ulduz”un U-12 komandasının baş məşqçisi Şahin Şükürov akademiyada istedadlı uşaqların çox olduğunu qeyd etdi:
“Akademiyamızda 4 komanda var idi, indi say artırılıb. İstedadlı uşaqlarımız var. Seçimlərimizi Bakıdan və bölgələrdən edirik. Məqsəd nəticə deyil, ölkə futboluna uşaq yetişdirməkdir. Əvvəldən də uşaqların valideynləri ilə söhbət edəndə bunları onlara çatdırırıq. Uşaq futbolunda əsas məsələ aşağı yaşdakı uşaqları diqqətdə saxlamaqdır. Tək məşqləri deyil, onların gündəlik qidalanması, yuxu rejimi daim nəzarətimizdədir. İnanıram ki, gördüyümüz işlərin nəticəsi olaraq gələcəkdə uşaqlarımız böyük klublarda, ölkə xaricində oynayacaqlar”.
Şükürov Azərbaycan futbolunda əsas problemin stadionlarla bağlı olduğunu da qeyd etdi:
“Əsas problem stadion məsələsidir. Stadionların azlığı inkişafa mane olan amillərdəndir. Akademiyamızda komandalarımız xaricə yollanıb, beynəlxalq təcrübə keçiblər. Bu, tək uşaqlar deyil, məşqçilər üçün də yaxşı təcrübədir. Belə səfərlərin çoxluğu ölkə futboluna çox faydalı olacaq. Azərbaycanda kifayət qədər bacarıqlı, istedadlı uşaqlar var. Vacib olan onlarda bunu görmək, potensiallarını üzə çıxarmaq və nəzarətdə saxlamaqdır”.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.