Dünyada ən çox sevilən və izlənilən idman növlərindən də biri basketboldur. Daha çox ABŞ-də popluyar olan sözügedən idman növü Avropada da yetərincə inkişaf etmişdir. Basketbolun tarixi XIX əsrin sonlarına qədər gedib çıxır. Belə ki, 1891-ci ildə adıçəkilən oyun ABŞ-nin Massaçusets ştatının Sprinqfilds kollecinin bədən tərbiyəsi müəllimi Ceyms Neysmit tərəfindən yaranmışdır. Qısa zaman kəsiyində xeyli insan tərəfindən sevilmiş və dünyanın hər yanına yayılmağı bacarmışdı. Müxtəlif zamanlarda qaydalarda müəyyən dəyişikliklər və əlavələr olunmuşdur. 1950-ci ildə Argentinada ilk dəfə kişi basketbolçular arasında dünya çempionatı keçirilmiş və ev sahibi komanda turnirin qalibi adını qazanmışdır.
Azərbaycanda isə bu idman növünün ilkin cücərtiləri XX əsrin sonlarına təsadüf edir. Belə ki, Almaniya, İngiltərə, İsveçdən Bakıya gəlmiş neft milyarderləri asudə vaxtını səmərəli keçirmək üçün basketbolla Azərbaycan cəmiyyətini tanış etmiş və zaman keçdikcə sözügedən idman növü tanınmağa başlamışdır. 1926-cı ildən sonra qısa zaman kəsiyində 300-dək basketbol komandalarının fəaliyyəti qeydə alınmışdır.
1994-cü ildə Azərbaycan Basketbol Federasiyası (ABF) Beynəlxalq Basketbol Federasiyasına (FİBA) tamhüquqlu üzv qəbul edilimiş və bundan sonra yerli komandalar beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında yarışmağa başlamışdılar.
Hazırda basketbol ölkəmizdə inkişaf mərhələsindədir. Təsadüfü deyil ki, ötən ilin yayında Azərbaycanın 16 yaşadək qızlardan ibarət millisi Avropa çempionatında qızıl medal qazanıb.
Basketbolun Azərbaycandakı hazırkı vəziyyəti, problem və perspektivlər haqda “Təhsil” RİM-nin 8 nömrəli uşaq-gənclər idman məktəbinin baş məşqçisi Kənan Əliyevə söhbətləşdik:
Əliyev 2021-ci ildən sonra basketbolun Azərbaycanda daha da inkişaf etdiyini dedi:
“2014-cü ildən məşqçi kimi fəaliyyət göstərirəm. Deyə bilərəm ki, cənab nazir Emin Əmrullayev federasiyaya rəhbər təyin oldunduqdan sonra bu idman növündə inkişaf hiss olunur. Nazir basketbola yeni nəfəs gətirdi. Hazırda ciddi işlər gedir. Yaxın 5-10 ildə inkişafın ilkin cücərtilərini görəcəyik. Bir neçə ildir aşağı yaş qrupları arasında çempionatlar keçirilir. Ali məktəblərin iştirakı ilə Gənc Basketbol Liqası start götürdü. Bundan sonra bir daha əmin olduq ki, ölkədə bu idman növünə maraq çoxdur və yetərincə istedadlı gəclərimiz var. Sadəcə onları üzə çıxarmaq lazımdır. Daha da inkişaf istəyiriksə, aşağı yaş qruplarına xüsusi diqqət ayrılmalıdır. Düzdür, hazırda diqqət yaxşıdır və əlimizdən gəldiyi qədər yeni basketbolçular yetişdirməyə çalışırıq. Bu yöndə fəal işlər aparırıq. Gəncə, Quba, Lənkəran və Xaçmaz kimi rayonlarda seleksiya işləri aparmışıq. Son illərdə ölkə çempionatının daha da maraqlı və rəqabətli keçməsi basketbola marağı daha da artırıb. Bundan əlavə ötən il qızlardan ibarət U-16 millimiz Avropa çempionu olduqdan sonra onlarla valideyn mənə zəng edərək övladının basketbolda çıxış etməsini istəyib. Hazırda gənclər və həvəskarlar arasında liqalar da təşkil olunur ki, bu da milli komandaya basketbolçu seçimində önəmli yer tutur”.
Əliyev basketbolun problemlərindən və inkişafı üçün lazım olan məqamlardan danışdı:
“Basketbolun inkişafı üçün ilk növbədə media ilə əlaqələr düzgün qurulmalıdır. Bu idman növü ölkədə təbliğ olunmalıdır. İnsanlar baş verən yeniliklərdən daha çox xəbərdar olmalıdır. Bir neçə il əvvələ qədər demək olar ki, bizə diqqət yox idi. İşimizdən özümüzdən başqa kimsə xəbərdar olmurdu. İndi isə bu belə deyil. Diqqət hərtərəflidir. Gənclər axın edir. Yerli idmançılarımız müxtəlif klublarda çıxış edir. Həmçinin, 3 yaş qrupundan ibarət milli komandalarımız var. İdmançılarımız beynəlxalq yarışlarda iştirak edərək təcrübə qazanırlar. Həm də bu, özlərini yaxşı tərəfdən göstərmək üçün yaxşı fürsətdir. Bundan əlavə ölkəyə legionerlər cəlb edilir. Azərbaycanlı idmançılar onlarla birlikdə rəqabət aparmağa çalışır, bu da istər-istəməz inkişafa səbəb olur. Həmçinin, bunlarla yanaşı qarşılaşdığımız problemlər də az deyil. Belə ki, ölkədə uzun boy insanların sayı azdır. Boyu uzun olanlar da basketbolla məşğul olmaq istəmir. Fiziki hazırlığın da aşağı olduğunu müşahidə edirik”.
Baş məşqçi basketbolun insan sağlamlığına faydalarından bəhs etdi:
Hər bir idman növü kimi basketbol da insan sağlamlığı üçün faydalıdır. Vətən müharibəsi iştirakçısı kimi deyə bilərəm ki, bu idman növü ilə məşğul olan şəxslərin fiziki hazırlığı yüksək olur. Orqanizmləri düzgün fəaliyyət göstərir. Təbii ki, bunların hər biri düzgün məşq etdikdə olur. Məşqçi idmançıya uyğun olaraq onun məşq proqramını düzgün tutmalıdır. Onun trinajor hazırlığının, topla məşqinin nə vaxt olacağını müəyyən etməlidir. Həmçinin düzgün qidalanma da şərtdir”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.
Məlik Məlikov