Sambo güləşi keçmiş Sovet İttifaqında meydana gəlmiş, hazırda dünyada geniş yayılmış təkmübarizlik idman növüdür. Sambo sözünün hərfi mənası üç rus sözünün baş hərflərinin birləşməsindən əmələ gələrək (samozaşita bez orujiya) “Silahsız Özünümüdafiə” deməkdir.
Güləşin bu növü XX əsrin 20-ci illərinin əvəllərində Moskvanın “Dinamo” cəmiyyətində, bir qədər sonra Vladivostokda, daha sonra 1931-ci ildən Mərkəzi Dövlət Bədən Tərbiyəsi İnstitutunda və eyni zamanda Ordu İdman Klublarında tətbiq olunmağa başlamışdır. Azərbaycanda isə sambonun təşəkkül tapması ötən əsrin 70-ci illərinə təsadüf edir. 1973-cü ildə Arif Ələkbərovun təşəbbüsü ilə Sambo və Cudo Federasiyası yaradılmış və o, 10 il bu federasiyaya rəhbərlik etmişdir. 1992-ci ildə Azərbaycan Sambo Federasiyası təsis edilib. 1993-cü ildən ASF Avropa Sambo Federasiyası (FES) və Beynəlxalq Həvəskar Sambo Federasiyasının (FİAS) həqiqi üzvüdür.
Son bir neçə il ərzində sözügedən idman növündə eniş hiss edilsə də, artıq bu problem geridə qalmaqdadır. Bunu milli komandamızın son qitə çempionatında göstərdiyi nəticələr də sübut edir. Bir neçə gün əvvəl Serbiyanın Novi Sad şəhərində keçirilən gənclər, yeniyetmələr və böyüklər arasında Avropa çempionatında milli 10 medal (1 qızıl, 2 gümüş, 7 bürünc) qazanıb. Böyüklər arasında Elvin Bağırov (64 kq) qızıl medal əldə edərək Avropa çempionu olub. Bu, uzun fasilədən sonra Azərbaycanın qitə çempionatında ilk “qızıl”ı olub.
Sambo üzrə milli komandanın baş məşqçisi Vahid Tarverdiyevlə son dövrlərdəki nəticələr, problemlər və gələcək planlar barədə söhbətləşdik. Baş məşqçi Avropa çempionatındakı çıxışı uğurlu adlandırdı:
“8 il idi ki, Avropa çempionatında qızıl medal qazana bilmirdik. Ümumi nəticə bizi qane etdi. Nəticəni əla adlandırmaq olmaz. Lakin əsas qızıl medal qazandıq. Bundan əvvəlki yarışlarda idmançılarımız finala vəsiqə qazansalar da, çempion olmağı bacarmırdılar. Amma bu dəfə tilsimi qırdıq. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə olduqca yaxşı məşq prosesi keçib turnirə yollanmışdıq. Bu məşqlərin sayəsində ciddi uğur əldə etdik. Federasiya ilə nazirlik əməkdaşlıq edir və onlar bizə bütün şəraiti yaradırlar. Nazirlik xərclərimizi qarşıladı, bizim də üzərimizə düşən yaxşı məşq edib nəticə vermək idi. Bu da oldu”.
Mütəxəssis bundan sonra ancaq yarışlara Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə hazırlaşacaqlarını qeyd etdi:
“Növbəti yarışlara da eyni cür hazırlaşmağı düşünürük. Bundan sonra komandamızın təlim-məşq toplanışlarını nazirlik təşkil edəcək. Son məşqimizə bütün heyət yollanmışdı. Turnirlərdə iştirak etməyən idmançıların belə məşq prosesində iştirakı, onlar üçün böyük təcrübədir”.
Vahid Tarverdiyev əsas məqsədlərinin dünya çempionatına hazırlaşmaq olduğunu qeyd etdi:
“Növbəti aylarda Azərbaycan Kuboku keçiriləcək. Burada çempion olanlar dünya çempionatına vəsiqə qazanacaq. Dünya çempionatına gedəcək heyət müəyyənləşdikdən sonra yenidən təlim-məşq toplanışı olacaq. Yeniyetmə və gənclərin dünya birinciliyi oktyabrda Kiprdə təşkil olunacaq. Böyüklərin dünya çempionatı isə Qazaxıstanda keçiriləcək. Hər bir turnirdən ciddi nəticələrlə qayıtmağı düşünürük”.
Müsahibim son illər samboda zəif nəticələrin də səbəbini açıqladı:
“Son illər samboda enişin səbəblərindən biri də yarışlarda gənc idmançılarla təmsil olunmağımız idi. Bir çoxunun təcrübəsi yox idi. Lakin zaman keçdikcə hər biri təcrübə toplayıb, turnirlərdə nəticə verməyə başladılar. Qarşıdakı illərdə inkişafın şahidi olacaqsınız. Son qitə çempionatında bir neçə qızıl medal qazana bilərdik, buna şansımız var idi, lakin bəzən səhvlər və şanssızlıq buna mane oldu. Yeni nəsil ümidvericidir. Mütəmadi məşqlər inkişafa səbəb olur. Əvvəllər məşqlər az olurdu. Onda maliyyə sıxıntıları var idi. İndi diqqət və maliyyə çoxalıb, nazirlik ciddi dəstək verir. Bunun da nəticəsini gələcəkdə görəcəyik”.
Mütəxəssis samboda kütləviliyi artırmaq üçün yarışların daha çox təşkil edilməsinin vacibliyindən danışdı:
“Sambo qeyri-olimpiya növü olsa da, maraq olduqca yaxşıdır. Sevindirici haldır ki, regionlarda da samboya maraq var. Dünən Ağdamda şəhidlərin xatirəsinə həsr edilmiş yarış keçirildi. 2025-ci ildə MDB oyunlarının proqramına sambo da daxil edilib. Bizim yarışlar Qazaxda keçiriləcək. Kütləviliyi artırmaq üçün tez-tez yarışlar təşkil edirik. Şəhər turnirləri baş tutur. Bunlar sayəsində maraq daha da çoxalır. Belə yarışları tez-tez təşkil etmək vacibdir”.
Onun sözlərinə görə, milli komanda turnirlərə yerli mütəxəssislərin köməyi sayəsində hazırlaşır:
“Bizim legioner məşqçilərə ehtiyacımız yoxdur. Yerli mütəxəssislərə üstünlük veririk. Bizim həmkarlarımız xaricilərdən daha üstündür. Onlara güvənib şans vermək lazımdır. İnam olduqdan sonra nəticə də verəcəyik”.
Məlik Məlikov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.