7 qol vuran hücumçu: “İndidən təkliflər var”

Dünən Azərbaycan II Liqasının XXV turu çərçivəsində “Füzuli” “Kürmük Qax”ı darmadağın edib – 7:2. Maraqlı məqam isə “Füzuli”nin 7 qolunun hər birini eyni futbolçu – Elvin Nəsibov vurub.

Adıçəkilən hücumçu 7 qol vurması ilə bağlı təəssüratlarını “FutbolPress”lə bölüşdü:

“Əsas komandanın qələbəsidir. 7 qol vurdum. Azərbaycan çempionatları tarixində 3-cü dəfə idi ki, belə hal yaşanırdı. 8 qol vursaydım, ən çox fərqlənən futbolçu kimi tarixə düşürdüm. Sevincliyəm, işimiz qol vurmaqdır. Əlimdən gələni edirəm ki, komandaya kömək edim. Komanda yoldaşlarım da əziyyət çəkdi. Qol vurmağım üçün şans yaratdılar. Şükürlər olsun ki, epiozdların hər birindən yararlana bildim. Daha çox qol vura bilərdim. Bombardirlər yarışında qalib olmaq istəyirdim”.

Nəsibov hazırda performansının istədiyi səviyyədə olduğunu qeyd etdi:

“İlk dövrədə “Cəbrayıl”da çıxış edirdim. Zadə səbəbindən bir çox oyunlarda iştirak edə bilmədim. Ona görə özümü yaxşı tərəfdən tam göstərmək imkanım olmadı. Yanvardan “Füzuli”də çıxış edirəm, indi hər şey qaydasındadır. Dünən yüngül zadə aldım. Amma ümumi götürdükdə hər əladır. Özümü yaxşı tərəfdən göstərib, potensialımdan istədiyim kimi istifadə etdim. Lakin dediyim kimi, əsas komandanın uğurlarıdır, nə xoş ki, mənim də bu uğurlarda payım var”.

Futbolçu gözlənilməz xal itkilərinin onları çempionluqdan etdiyini bildirdi:

“İkinci dövrədə 4 komanda çempionluq uğrunda mübarizə apardı. Sadəcə bəzi oyunlarda gözlənilməz xal itkiləri bizi çempionluqdan etdi. “Baku Sportinq”dən geri qalmırıq. Yaxşı heyətimiz var. Sona qədər mübarizə aparacağıq. Son turda “Cəbrayıl”la finala bərabər oyunumuz var. İkincilik uğrunda mübarizə aparacağıq. Çempion “Baku Sportinq”i təbrik edirəm”.

Hücumçu gələcək karyerası ilə bağlı da danışdı:

“Növbəti mövsüm hansı komandada çıxış edəcəyimi gələcək göstərəcək. Çempionat bitdikdən sonra hər şey bilinəcək. Yayda bu haqda düşünməyə vaxtım olacaq. İndidən təkliflər var, lakin qərarımı yayda verəcəyəm”.

Məlik Məlikov