Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsinin son oyununda biabır oldu. İngiltərə səfərində 7 cavabsız qol buraxan futbolumuzun gələcəyi…
Nöqtələrin yerini siz tamamlayın, mən də “Yeni AFFA”nın “tormoz” mahiyyətindən növbəti dəfə bəhs edim.
2 apreldə yeganə namizəd kimi prezident seçilən Rövşən Nəcəf geridə qalan müddətdə yalnız bir kadr islahatı aparıb. O da marketinq departamentinə futboldan bixəbər Aysu İbrahimovanı rəhbər təyin etmək. Son günlər xüsusən hər qeydimizdə bu xanımın adını çəkəyimiz əbəs deyil.
Əvvəla, hamı yeni rəhbərlikdən ölkə futbolunu böyrü üstə qoyan Rövnəq-Elşad-Elxan triosunun toksinlərindən qurtaracağını gözləyirdi, lakin əksinə, indi daha ağır toksik ab-hava yaranıb. Üstəlik, hələ “Neftçi”nin Müşahidə Şurasının sədri olarkən kluba/yanına gətirdiyi adıçəkilən xanımı indi də inadla AFFA-ya aparması və bundan başqa heç bir qərar verməməsi/verə bilməməsi təəccüb və təəssüf “vulkanı” yaradıb.
İndi demək olar ki, heç kim Rövşən Nəcəf rəhbərliyinə inanmır və ondan heç nə gözləmir. Cəmi 6 ay bəs etdi ki, futbolumuzun ondan can qurtarmalı olduğunu deyən böyük narazı kütlə formalaşsın.
İndi marketinq departamenti qələbə üzü görməyən əsas milli, yeddi qol yeyən gənclər yığması üçün qıçından marketinq ideyası uydursunmu?
Aşağı yaş qrupları üzrə millilərin baş məşqçiləriylə üç-beş aylıq müqavilə uzatmaqla “fərqlənən” bu rəhbərlik biabırçılığın parlaq səhifələrini yazmaqda davam edəcəyinin anonsunu verib.
Futbolumuzun daha betər vəziyyəti hələ qarşıdadır…
Kamil Əhməd