Azərbaycan yığmasının yeni baş məşqçisi açıqlanıb. Millinin sükanı portuqaliyalı tanınmış mütəxəssis Fernandu Santuşa tapşırılıb.
69 yaşlı mütəxəssis son olaraq “Beşiktaş”a rəhbərlik edib. O, bu ilin yanvarından aprelinə kimi “qara qartallar”ı çalışdırıb. Santuş komandanın uğursuz nəticələrinə görə istefaya göndərilib.
Ən böyük uğuru 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu olmaq olan mütəxəssis son dönəmlərdə enişdədir. Bu yığmadan ayrıldıqdan sonra Polşa millisinə baş məşqçi təyin olunan Santuşun burdakı karyerası da çox çəkməyib. O, 6 oyunda yığmaya rəhbərlik edib və 3 qələbə, 3 məğlubiyyətlə yadda qalıb.
Ümumiyyətlə, Santuş Portuqaliya millisindəki işi ilə tanınıb. 2014-2022-ci illərdə bu yığmaya rəhbərlik edən mütəxəssis bir dəfə Avropa çempionu olub, bir dəfə də Millətlər Liqasını (2021) qazanıb. Portuqaliya onun başçılığı altında 109 oyunda 68 qələbə qazanıb, 21 heç-heçə edib, 20 dəfə də uduzub.
Mütəxəssis bundan əvvəl isə 2010-2014-cü illərdə Yunanıstan millisində işləyib. Yunanlar onun başçılığı altında 49 matçda 26 qələbə qazanıb, 7 dəfə uduzub.
Santuşun klub karyerası demək olar, uğurlu alınıb. Yunanıstanda PAOK, “Panatinaikos”, AEK, Portuqaliyada “Sportinq”, “Portu”, “Benfika”, “Eştrela” kimi klubarda baş məşqçi olmuş mütəxəssis “Portu” ilə 5, AEK ilə isə 1 kubok qazanıb.
Şahin Cəfərov