5-ci Macarıstan səfəri – “Sumqayıt” seriyanı dəyişə bilər

“Sumqayıt” bu gün Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Fehervar”la qarşılaşacaq.

“Kimyaçılar” ilk oyunda 1:2 hesabıyla uduzub və üstünlük rəqibdədir. Macarlara bugünkü matçda heç-heçə də sərf edir, amma “Sumqayıt” mərhələ adlamaq üçün iki fərqlə qalib gəlməlidir.

Azərbaycan komandaları buna qədər avrokuboklarda dörd dəfə Macarıstan səfərində olublar. “Qəbələ” 2, “Qarabağ” və “Neftçi” isə hərəyə bir dəfə bura üz tutub. Sonuncu dəfə “Qarabağ” 2022-ci ildə Çempionlar Liqasının təsnifat mərhələsində Macarıstanda “Ferentsvaroş”u 3:1 hesabıyla məğlub etməyi bacarıb. Ümumiyyət 4 oyundan 2-də qələbə qazanılıb, 2-də isə əliboş qayıdılıb.

“Fehervar” daha əvvəl bir dəfə Azərbaycan komandası ilə düşüb. 2022-ci ildə Konfrans Liqasında “Qəbələ”yə rəqib olan macarlar azarkeşlərinin önündə 4:1 hesablı qələbəyə sevinib. Qəbələdəki görüşdə isə təmsilçimiz qalib gəlsə də (2:1) mərhələ adlamaq üçün kifayət etməyib.

“Sumqayıt” bu gün qələbə qazanacağı halda, macarlarla səfər duelində üstünlüyü təmsilçilərimizə keçirəcək.

Azərbaycan klublarının avrokuboklardakı Macarıstan səfərləri:

Ferentsvaroş – Qarabağ 1:3
Fehervar – Qəbələ 4:1
Uypeşt – Neftçi 4:0
MTK Budapeşt – Qəbələ 1:2.

Şahin Cəfərov