“Qarabağ”la başlayacaq, “Neftçi” ilə bitəcək

Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək. XIX turun açılış matçında “Qarabağ” “Şamaxı”nı qəbul edəcək.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” “Araz-Naxçıvan”la üz-üzə gələcək. “Neftçi” “Sabah”ı, “Sumqayıt” “Səbail”i qəbul edəcək. Tovuzda isə “Kəpəz” ilə “Turan Tovuz” münasibətlərinə aydınlıq gətirəcək.

Qarabağ – Şamaxı
Əvvəlki oyunlar: 3:0, 1:0

Dövrəyə lider “Qarabağ”ın “Şamaxı” ilə matçına start veriləcək. Hər iki kollektiv qış fasiləsini Azərbaycanda keçirdi və burda yerli komandalarla sınaq matçlarında qüvvəsini sınadılar. “Qarabağ”da heyətdə ciddi dəyişiklik olmayıb. Yalnız hücumçu Juninyo klubu tərk edib. “Şamaxı” isə 7 yeni futbolçu ilə güclənib. Ayxan Abbasovun yetirmələrinin “Qarabağ” qarşısında performansı maraqla gözlənilir. Matçın aşkar favoriti meydan sahibləridir.

Zirə – Araz-Naxçıvan
Əvvəlki oyunlar: 1:1, 0:1

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların dueli Zirə İdman Kompleksinin stadionunda olacaq. “Zirə” turnir cədvəlində 4-cü sıradadır və ikinci “Araz-Naxçıvan”dan 9 xal geri qalır. Rəşad Sadıqovun yetirmələri xal fərqini azaltmaqçün mütləq qələbə qazanmalıdır. Heç-heçə “Araz-Naxçıvan”a daha çox sərf edəcək. Hər iki kollektiv qış transfer dönəmində ciddi transferlə gündəmə gəlməyib.

Sumqayıt – Səbail
Əvvəlki oyunlar: 2:1, 1:0

“Sumqayıt” qış transfer dönəmində yarımmüdafiəçi Rəhim Sadıxov, Fernando Medeiros ilə vidalaşıb. Hücumçu Cordan Rezabala da yolüstündədir. Oyunçu hələ komandanın düşərgəsinə qoşulmayıb. “Kimyaçılar”da heyətlə bağlı problem yaşanmaqdadır. Komandanın performansı maraqla gözlənilir.

“Səbail” isə “zirzəmi”dən qurtulmaq üçün hər oyun xal və ya xallar qazanmalıdır. Cavid Hüseynovun yetirmələri çempionatda sonuncu dəfə oktyabrda “Şamaxı” ilə oyunda qələbə qazanıb. Uğursuz seriyası davam edən Bayıl təmsilçisi qələbə həsrətini Sumqayıtda sonlandırmaq və dövrəyə uğurlu start vermək niyyətindədir.

Kəpəz – Turan Tovuz
Əvvəlki oyunlar: 1:2, 0:3

Elitada qalmaq mübarizəsi aparan “Kəpəz” yerli publika önündə nominal meydan sahibi kimi “Turan Tovuz”la üz-üzə gələcək. Gəncə təmsilçisi bu mövsüm hər iki oyunda rəqibinə məğlub olub. Azər Bağırov “Qərb derbisi” adlandırılan görüşdə “Turan Tovuz”dan xal qoparmağı planlayır. “Kəpəz”in heyətində bəzi dəyişikliklər olub və komandanın əsas qol silahı Orxan Əliyev “Turan Tovuz”a keçib. Matç forvard üçün da xüsusi olacaq.

“Turan Tovuz” görüşün aşkar favoritidir. Avrokuboklar yolundakı əsas rəqibləri “Zirə” və “Araz-Naxçıvan”ın bu turda üz-üzə gəlməsi tovuzlular üçün qələbəni daha vacib edib. Tovuz təmsilçisi rəqibinin birindən uzaqlaşmaq, birinə isə yaxınlaşmaq niyyətindədir.

Neftçi – Sabah
Əvvəlki oyunlar: 0:0, 0:2

Tarixinin ən pis dönəmini keçirən “Neftçi” dövrəyə uğurlu start vermək niyyətindədir. Təlim-məşq toplanışını Qəbələ keçirən və yoxlama matçı oynamayan “ağ-qaralar”ın fiziki durumu sual altındadır. “Neftçi”də bu mövsüm ən çox əziyyət çəkilən məqam budur. “Sabah”la ev matçı komanda üçün geridönüş şansıdır.

Vasili Berezutskinin “Sabah”ı avrokuboklar mübarizəsindədir. Rusiyalı mütəxəssisin qarşısına qoyulan əsas hədəf budur. “Zirə” və “Araz-Naxçıvan”ın bir-biri ilə oyununun olması “Sabah” üçün yaxşı şansdır. Qələbə “bayquşlar”ı “qartallar”a yaxınlaşdıracaq və komanda avrokubok mübarizəsində yerini alacaq.

Şahin Cəfərov