Limitlə bağlı mexanizm formalaşdırılmalıdır

Legioner oyunçu limitinin qaldırılması mövzusunda müzakirələr davam edir. Yaxın günlərdə AFFA İcraiyyə Komitəsinin bu məsələ ilə bağlı iclas keçirəcəyi bildirilir.

Hazırda 7+4 şəkilndə olan limitin, ötən mövsüm İK-nin qəbul etdiyi qərara əsasən 2025/26 mövsümündən etibarən 8+3 formatında keçirilməlidir.

Məsələ ətrafında son aktivlik isə limiti ləğv edilməsi ilə bağlıdır. Yəni komandanın meydana yerli futbolçu ilə çıxması məcburi deyil…

Futbol camiəsinin bu mövzuya yanaşması ziddiyyətlidir. Təbii, düşüncələr fərqlidir. Amma çoxluq limit ləğvinin düzgün olmadığını düşünür.

Qərarın lehinə danışanlar isə səviyyəli legionerlərlə rəqabətdə özünə klub tapa bilməyən yerli futbolçuların xaricə çıxacağını və orada özlərini daha yaxşı inkişaf etdirə biləcəklərini vurğulayır.

Hər iki mövqenin arqumentlərində həqiqət payı var.

Müqayisə üçün qeyd edək ki, hazırda əcnəbi futbolçu limiti Türkiyə Super Liqasında 12, Rusiya Premyer Liqasında isə 8+3 şəklindədir.

Türkiyədə bu rəqəm 14-dən 12-yə endirilib. Xatırladaq ki, Rusiya hazırki siyasi proseslərə görə ölkəyə daha çox əcnəbi cəlb etmək məqsədiylə legioner limitini sayca 8-ə qaldırıb.

Ətraf ölkələrdən çox nümunələr gətirmək olar. Bu barədə dəfələrlə araşdırmalar, təhlillər dərc etmişik.

Limit mövzusunda hədəfin nə olduğunu, deyəsən, hələ tam bilmirik. Məqsəd klublarımızın daha da güclənməsi və yerli futbolçuların xarici səviyyəli çempionatlara getməyidirsə, bunun mexanizmi konkret formalaşdırılmalıdır. Əsassız şəkildə, ümumi fikirlərlə limit haqda qərar qəbul etmək olmaz.

Mirkamal Kazım